Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 30 dekabr 2008-ci il tarixli
31/141-6 saylı Qərarı ilə təsdiq edilmişdir.
Mərkəzi Seçki Komissiyasının sədri:
M.M.PƏNAHOV |
Razılaşdırılmışdır:
Azərbaycan Respublikası
Milli Bankı İdarə Heyətinin sədri:
E.S.RÜSTƏMOV |
Referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondlarına vəsaitin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı qaydaları haqqında
Təlimat
Bu Təlimat Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 90-cı, 94-cü və 128-ci maddələrinə əsasən hazırlanıb və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq referendum üzrə təşəbbüs (təşviqat) qruplarının referendum üzrə maliyyə fondlarına vəsaitin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı qaydalarını müəyyən edir.
Üzvlərinin sayı iki min və daha çox olan referendum üzrə təşviqat qrupunun referendum üzrə maliyyə fondunun yuxarı həddi 50 min manatdan çox ola bilməz.
Üzvlərinin sayı iyirmi min və daha çox olan referendum üzrə təşviqat qrupunun referendum üzrə maliyyə fondunun yuxarı həddi 1 milyon manatdan çox ola bilməz.
Üzvlərinin sayı qırx min və daha çox olan referendum üzrə təşviqat qrupunun referendum üzrə maliyyə fondunun yuxarı həddi 5 milyon manatdan çox ola bilməz.
1. Referendum üzrə təşəbbüs (təşviqat) qruplarının referendum üzrə maliyyə fondlarının mənbələri
1.1. Referendum üzrə təşəbbüs (təşviqat) qruplarının referendum üzrə maliyyə fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:
1.1.1. 5 min manatdan çox olmamaq şərtilə referendum üzrə təşəbbüs (təşviqat) qruplarının xüsusi vəsaitləri;
1.1.2. Seçki Məcəlləsinin 69.9-cu maddəsinə əsasən müvafiq seçki komissiyası tərəfindən qeydə alınmış referendum üzrə təşviqat qrupuna digər referendum üzrə təşviqat qrupları ilə bərabər həcmdə ayrılmış vəsait;
1.1.3. vətəndaşlar tərəfindən 1000 manatdan və hüquqi şəxslər tərəfindən 10 min manatdan çox olmamaq şərtilə verilmiş könüllü ianələr.
1.2. Referendum üzrə təşəbbüs (təşviqat) qruplarının referendum üzrə maliyyə fondlarına könüllü ianə ayırmaq, yaxud natura şəklində və ya xidmət göstərilməsi yolu ilə yardım etmək aşağıdakılara qadağan edilir:
1.2.1. xarici dövlətlərə və xarici hüquqi şəxslərə;
1.2.2. xarici vətəndaşlara;
1.2.3. vətəndaşlığı olmayan şəxslərə;
1.2.4. 18 yaşına çatmamış vətəndaşlara;
1.2.5. referendumun təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə Azərbaycan Respublikasının hüquqi şəxsinin nizamnamə kapitalında yuxarıda göstərilən şəxslərin iştirak (mülkiyyət) payı 30 faizdən çox olarsa, Azərbaycan Respublikasının hüquqi şəxslərinə;
1.2.6. beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara;
1.2.7. dövlət hakimiyyəti orqanlarına və bələdiyyə qurumlarına;
1.2.8. dövlət, bələdiyyə təşkilatları və idarələrinə;
1.2.9. referendumun təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə nizamnamə kapitalında dövlətin və ya bələdiyyənin iştirak payı 30 faizdən artıq olan hüquqi şəxslərə;
1.2.10. hərbi hissələrə;
1.2.11. xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə və təşkilatlara;
1.2.12. aşağıdakı məlumatlardan hər hansı birini göstərməyən anonim ianə köçürənlərə (vətəndaş üçün – soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini, verilmə tarixini, yaşayış yerinin ünvanını, doğum tarixini; hüquqi şəxs üçün – vergi ödəyicisinin eyniləşdirmə nömrəsini, adını, qeydiyyat tarixini, bank rekvizitlərini, nizamnamə kapitalında dövlət və ya bələdiyyə payının olmasını, bunlar olduğu halda – miqdarını, nizamnamə kapitalında xarici kapitalın pay miqdarını göstərməyənlərə və ya qeyri-düzgün göstərənlərə).
2. Referendum üzrə təşəbbüs (təşviqat) qruplarının referendum üzrə maliyyə fondlarına ianələrin köçürülməsi və xərclənməsi qaydası
2.1. Könüllü ianələr yalnız Azərbaycan Respublikasının vətəndaşlarından rabitə şöbələri və ya bank təşkilatları vasitəsilə ianəçinin soyadı, adı, atasının adı, doğum tarixi və yaşayış yerinin ünvanı göstərilməklə şəxsiyyət vəsiqəsi, yaxud onu əvəz edən sənədin təqdim edilməsi əsasında qəbul edilir.
2.2. Hüquqi şəxslərin könüllü ianələri isə seçki fonduna yalnız nağdsız köçürülmə yolu ilə, müvafiq hüquqi şəxsin nizamnamə kapitalında dövlət və ya bələdiyyə kapitalının, xarici kapitalın olub-olmaması və ya payı qeyd edilməklə, onun adı, qeydiyyat tarixi, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, bank rekvizitləri göstərilməklə qəbul olunur.
2.3. Vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri referendum üzrə təşviqat qruplarının xüsusi seçki hesablarına poçt və ya bank təşkilatları vasitəsilə müvafiq ödəniş sənədi alındıqdan sonra ən geci iki gün ərzində köçürülməlidir.
2.4. Referendum üzrə təşəbbüs (təşviqat) qruplarının referendum üzrə maliyyə fondlarına ianələr Seçki Məcəlləsinin 90.2-ci maddəsində və bu Təlimatın 1.2-ci bəndində göstərilən və buna hüququ olmayan subyektlərdən daxil olubsa, yaxud Seçki Məcəlləsində nəzərdə tutulan məbləğdən artıq köçürülübsə, müvəkkil bank bu Təlimatın 1 saylı əlavəsinə uyğun olaraq müvafiq seçki komissiyasına məlumat verir.
2.5. Referendum üzrə təşəbbüs (təşviqat) qruplarının referendum üzrə maliyyə fondlarına könüllü ianələr buna hüququ olmayan fiziki və hüquqi şəxslərdən daxil olubsa, yaxud Seçki Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş məbləğdən artıq köçürülübsə, ianənin xüsusi seçki hesabına daxil olduğu gündən sonrakı 10 gün müddətində referendum üzrə təşviqat qrupunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi ianənin bütünlüklə və ya onun müəyyənləşdirilmiş yuxarı həddini aşan hissəsinin geri qaytarılmasının səbəbini göstərməklə və göndərilmə xərclərini çıxmaqla, ianəçiyə qaytarmalıdır. Göstərilən müddət ərzində ianə ianəçiyə geri qaytarılmadıqda, bank bu barədə müvafiq seçki komissiyasına yazılı məlumat verməklə həmin ianəni bütünlüklə ianəçiyə geri qaytarmalıdır.
2.6. Xüsusi seçki hesabına daxil olmuş anonim ianələr Seçki Məcəlləsinin 93.7-ci maddəsinə uyğun olaraq dövlət büdcəsinə köçürülür.
2.7. Göstərilən müddət ərzində anonim ianə dövlət büdcəsinə köçürülmədikdə bank müvafiq seçki komissiyasına yazılı məlumat verməklə həmin ianəni bütünlüklə dövlət büdcəsinə köçürür.
2.8. Referendum üzrə təşviqat qruplarının xüsusi seçki hesabları üzrə bütün əməliyyatlar səsvermə günündən sonra 3 iş günü müddətində dayandırılır.
2.9. Seçki Məcəlləsinin 91.4-cü maddəsində nəzərdə tutulmuş digər hallarda müvafiq seçki komissiyasının göstərişi ilə müvəkkil bank referendum üzrə təşviqat qrupunun xüsusi seçki hesabından xərclərin ödənilməsi ilə bağlı maliyyə əməliyyatlarını dayandırır.
2.10. Referendum üzrə təşviqat qrupunun vəsatəti əsasında maliyyə əməliyyatlarının aparılması müddəti Mərkəzi Seçki Komissiyası tərəfindən Seçki Məcəlləsinin 92.1-ci maddəsində müəyyən edilmiş aşağıdakı hallarda və əsaslarla uzadıla bilər:
2.10.1. qeydiyyatdan imtina edilənədək referendum üzrə təşviqat qrupunun gördükləri işlərin dəyərinin ödənilməsi üçün;
2.10.2. referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri həmin qrupun tərkibindən çıxmaq haqqında müvafiq seçki komissiyasına müraciət etdikdə və bu halda referendum üzrə təşviqat qrupunun yaradılmasının təşəbbüsçülərinin sayı Seçki Məcəlləsinin 63-cü maddəsi ilə müəyyən edilən saydan az olduqda Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş müddətdə imza vərəqələri və digər sənədlər qeydiyyat üçün təqdim edilənədək görülən işlərin dəyərinin ödənilməsi üçün;
2.10.3. qeydiyyatı ləğv edilmiş referendum üzrə təşviqat qrupuna referendum üzrə təşviqat qrupunun ləğv edilməsi haqqında qərarın qəbul edilməsinədək görülmüş işlərin dəyərinin ödənilməsi ilə əlaqədar;
2.10.4. digər hallarda – referendum üzrə təşviqat qrupuna səsvermə gününədək görülmüş işlərin dəyərinin ödənilməsi ilə əlaqədar.
2.11. Referendum üzrə təşviqat qrupları səsvermə gününədək Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada referendum üzrə maliyyə fondlarına köçürülmüş pul vəsaitindən istifadə edirlər. Referendum üzrə təşviqat qruplarına seçkiqabağı təşviqat fəaliyyəti və imzaların yığılması üçün referendum üzrə maliyyə fonduna daxil olan vəsaitdən başqa digər pul vəsaitindən istifadə etmək qadağandır.
3. Seçki fondlarının vəsaitlərinə dair hesabat
3.1. Müvəkkil bank Seçki Məcəlləsində və bu Təlimatın 1.2-ci, 2.9-cu, 2.10-cu, 2.11-ci və 3-cü bəndlərində nəzərdə tutulan hallar barədə müvafiq seçki komissiyasına hesabat verməlidir.
3.2. Müvəkkil bank həftədə bir dəfədən az olmamaq şərtilə, səsvermə gününə 10 gündən az müddət qaldıqda isə 3 bank günü ərzində bir dəfədən az olmamaq şərtilə müvafiq seçki komissiyasına referendum üzrə təşviqat qrupunun xüsusi seçki hesabına daxil olan və xərclənən vəsaitlər barədə bu Təlimatın 1 saylı əlavəsinə uyğun formada məlumat verir.
3.3. Referendum üzrə təşəbbüs (təşviqat) qrupu öz maliyyə vəsaitlərinin daxil olmasının və xərclənməsinin uçotunu aparmağa borcludur.
3.4. Referendum üzrə təşviqat qrupları müvafiq seçki komissiyasına öz maliyyə hesabatlarını (Təlimata 2 saylı əlavə) aşağıdakı növbəliklə təqdim edirlər:
3.4.1. birinci ilkin maliyyə hesabatı Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada müvafiq seçki komissiyasına qeydiyyat üçün zəruri sənədlərlə eyni zamanda təqdim edilir; bu hesabata hesabatda göstərilmiş tarixə 2 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir;
3.4.2. ikinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tezi 20 gün qalmış və səsvermə gününə ən geci 10 gün qalmış təqdim edilir; bu hesabata orada göstərilən tarixə 7 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir;
3.4.3. yekun maliyyə hesabatı referendumun yekunları haqqında rəsmi elanın dərc edildiyi gündən ən geci 10 gün sonra təqdim edilir; yekun maliyyə hesabatına referendum üzrə maliyyə fonduna vəsaitlərin daxil olmasını və xərclənməsini təsdiq edən ilkin maliyyə sənədləri qoşulur.
3.5. Referendum üzrə təşviqat qrupu tərəfindən maliyyə hesabatının verilməsi vəzifəsi onların maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin üzərinə qoyulur.