Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 30 dekabr 2008-ci il tarixli
31/141-5 saylı Qərarı ilə təsdiq edilmişdir.
Mərkəzi Seçki Komissiyasının sədri:
M.M.PƏNAHOV |
Razılaşdırılmışdır:
Azərbaycan Respublikası
Milli Bankı İdarə Heyətinin sədri:
E.S.RÜSTƏMOV |
Referendum üzrə təşviqat qruplarının xüsusi hesablarının açılması qaydaları haqqında
Təlimat
Bu Təlimat Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 91-ci maddəsinə əsasən hazırlanıb və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq referendum üzrə təşəbbüs (təşviqat) qruplarının (bundan sonra – təşəbbüs qrupları) xüsusi hesablarının açılması qaydalarını müəyyən edir.
1. Seçki Məcəlləsinin 91-ci və 129-cu maddələrinə uyğun olaraq referendum üzrə təşşəbbüs qruplarının səlahiyyətli nümayəndələri lazımi sənədləri müvafiq seçki komissiyasına təqdim etdikdən sonra azı 5 gün müddətində, lakin referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri olan seçici imzalarının toplanmasına azı 24 saat qalmışadək referendum üzrə maliyyə fondlarını formalaşdırmaq üçün xüsusi hesab açmalıdırlar.
2. Xüsusi hesabın açılması üçün referendum üzrə təşşəbbüs qrupunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi aşağıdakı sənədləri müvafiq banka təqdim etməlidir:
- xüsusi hesabın açılması üçün ərizə;
- xüsusi hesabın açılması üçün müraciət edən səlahiyyətli nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd;
- Seçki Məcəlləsinin 63-cü maddəsinə uyğun olaraq tərtib edilmiş və müvafiq seçki komissiyasına təqdim olunmuş bildirişin alınması barədə həmin seçki komissiyası tərəfindən verilmiş yazılı məlumatın surəti;
- referendum üzrə təşşəbbüs qrupunun xüsusi hesabı üzrə əməliyyat aparacaq maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş imza nümunəsi vərəqəsi.
3. Yuxarıda göstərilən sənədlər təqdim edildikdə müvafiq bank referendum üzrə təşəbbüs qrupuna dərhal, lakin 3 gündən artıq olmayan müddətdə xüsusi hesab açmalıdır.
4. Referendum üzrə təşəbbüs qruplarının xüsusi hesablarına bütün pul vəsaiti manatla köçürülür.
5. Referendum üzrə təşəbbüs qrupu yalnız bir xüsusi hesab aça bilər.
6. Azərbaycan Respublikasının Beynəlxalq Bankından və onun filiallarından başqa, digər bank təşkilatlarında referendum üzrə təşəbbüs (təşviqat) qruplarının xüsusi hesablarının açılması qadağandır.
Qeyd: bu təlimata uyğun olaraq referendum üzrə təşəbbüs qruplarına açılmış xüsusi hesablar referendum üzrə təşviqat qrupları qeydə alındıqdan sonra həmin qruplara aid edilir.