. : TƏLİMATLAR

Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 30 dekabr  2008-ci il tarixli
31/141-4 saylı Qərarı ilə təsdiq edilmişdir.
Mərkəzi Seçki Komissiyasının sədri:


M.M.PƏNAHOV

Razılaşdırılmışdır:
Azərbaycan Respublikası
Milli Bankı İdarə Heyətinin sədri:


E.S.RÜSTƏMOV

Referendumun hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki (referendum) komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında

T Ə L İ M A T


1.      Referendumun hazırlanması və keçirilməsi, seçki (referendum) komissiyalarının (bundan sonra – seçki komissiyaları) səlahiyyət müddətində onların fəaliyyətinin təmin edilməsi xərcləri dövlət büdcəsi hesabına həyata keçirilir.
2.      Referendumun hazırlanması və keçirilməsi üçün ayrılmış büdcə vəsaitinin uçotu seçki komissiyaları tərəfindən aparılır. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) onun sərəncamına daxil olan pul vəsaitinin tamhüquqlu sərəncamçısıdır. Mərkəzi Seçki Komissiyasına daxil olmuş pul vəsaitləri səsvermə gününə ən geci 45 gün qalmış  dairə seçki komissiyalarına köçürülür, onlar isə öz növbəsində bu vəsaiti səsvermə gününə ən geci 10 gün qalmış məntəqə seçki komissiyalarının arasında bölüşdürür.
3.      Referendum üzrə təşviqat qruplarının qeydiyyatı başa çatdıqdan sonra səsvermə gününə azı 25 gün qalanadək referendum üzrə təşviqat qruplarına bərabər həcmdə vəsait ayrıla bilər.
4.      Referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondlarına vəsaitin daxil olması və xərclənməsi Azərbaycan Respublikasının Seçki Məcəlləsi (bundan sonra – Seçki Məcəlləsi) ilə və “Referendum üzrə təşviqat qruplarının referendum üzrə maliyyə fondlarına vəsaitin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı qaydaları haqqında” Təlimatla tənzimlənir.
5.      Pul vəsaitləri seçki komissiyaları arasında hər bir ərazinin inzibati və sosial-iqtisadi göstəriciləri nəzərə alınmaqla bölüşdürülür.
6.      Seçki komissiyalarının sədrləri müvafiq seçki komissiyalarına ayrılmış pul vəsaitlərinin sərəncamçılarıdırlar və referendumun  hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi ilə əlaqədar məsələlərin komissiyaların iclasında müzakirə edilməsi, maliyyə sənədlərinin seçki komissiyasının qərarlarına uyğunluğu, məsrəflər haqqında maliyyə hesabatlarının Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə təqdim edilməsi üçün şəxsən məsuliyyət daşıyırlar.
7.      Seçki komissiyaları tərəfindən xərclənməmiş dövlət vəsaiti referendum üzrə səsvermə  günündən ən geci 60 gün keçənədək dairə və məntəqə seçki komissiyalarının hesablarından Mərkəzi Seçki Komissiyasının hesabına köçürülür və onun hesabında qalır. Bu vəsaitlər üzrə əməliyyatlar Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Qanununun 19.5-ci maddəsinin tələbləri gözlənilməklə həyata keçirilir.
8.      Referendumun hazırlanması və keçirilməsi üçün dairə və məntəqə seçki komissiyalarına ayrılmış büdcə vəsaitinin uçotu Mərkəzi Seçki Komissiyası  tərəfindən   maliyyə   hesabatı   formalarına  uyğun  olaraq  ayrı -ayrılıqda aparılır.
9.      Dairə seçki komissiyaları dairə və məntəqə seçki komissiyalarının referendumla bağlı təsdiq olunmuş smetalarına uyğun surətdə həyata keçirilmiş xərclərin icrasının uçotunu hər bir xərc maddəsi üzrə aparır.
10.    Mərkəzi Seçki Komissiyasının, dairə və məntəqə seçki komissiyalarının maliyyə hesabatları Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş idarələrin xərclər smetasının icrası haqqında 2 nömrəli hesabat formasına uyğun tərtib olunur.
11.    Məntəqə seçki komissiyaları dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə dairə seçki komissiyalarına referendum üzrə səsvermə günündən sonra 5 gün müddətində bu Təlimatın 1 saylı əlavəsinə uyğun olaraq maliyyə hesabatı təqdim edirlər. Hesabat komissiyanın iclasında müzakirə edildikdən sonra məntəqə seçki komissiyasının sədri tərəfindən təsdiq edilir.
12.    Dairə seçki komissiyası dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə Mərkəzi Seçki Komissiyasına referendum üzrə səsvermə günündən sonra 10 gün müddətində bu Təlimatın 1 saylı əlavəsinə uyğun olaraq maliyyə hesabatı təqdim edir. Hesabat komissiyanın iclasında müzakirə edildikdən sonra dairə seçki komissiyasının sədri tərəfindən təsdiq edilir.
13.    Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun yekunları haqqında rəsmi elanın dərci günündən başlayaraq ən geci 10 gün müddətində dairə seçki komissiyası bu Təlimatın 1 saylı əlavəsinə uyğun olaraq məntəqə seçki komissiyalarının icmal hesabatlarını və dairə seçki komissiyasının hesabatını komissiyanın sədri və yerli xəzinədarlıq idarəsinin rəhbərliyi tərəfindən təsdiq olunmuş üzləşdirmə aktı ilə birlikdə  Mərkəzi Seçki Komissiyasına təqdim edir.

Əlavə 1

Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası