Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 30 dekabr 2008-ci
il tarixli 31/141-1saylı Qərarı ilə təsdiq
edilmişdir.
Referendum üzrə təşviqat qruplarının yaradılması məqsədilə referendum üzrə təşəbbüs qruplarının formalaşdırılması haqqında
T Ə L İ M A T
Referendum üzrə təşviqat qrupunun yaradılması seçki qanunvericiliyində və bu Təlimatda nəzərdə tutulmuş qaydada tənzimlənir.
Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş sayda aktiv seçki hüququna malik olan Azərbaycan Respublikasının vətəndaşları referendum üzrə təşviqat qrupu yarada bilərlər. Referendum üzrə təşviqat qrupunu yaratmaq üçün ilkin olaraq referendum üzrə təşəbbüs qrupunun (bundan sonra – təşəbbüs qrupu) yaradılması zəruridir.
1. Təşəbbüs qrupunun yaradılması qaydası
1.1.Təşəbbüs qrupunun yaradılması seçki qanunvericiliyində nəzərdə tutulmuş sayda (500-dən çox, 2000-dən az və ya 2000-dən çox) seçicilərin iclasında bilavasitə və ya həmin saydan az olmayan seçicilərin müəyyən etdikləri nümayəndələrin iclasında mümkündür.
1.2. Seçki hüququ olan hər bir vətəndaş, yaxud vətəndaşlar referendum üzrə təşəbbüs qrupunun yaradılması üçün öz nümayəndələrini müəyyən etməkdən ötrü 50 nəfərdən az olmayan sayda seçicilərdən ibarət ilkin təşəbbüs qrupu yarada bilərlər. Nümayədələrin sayı iştirakçıların hər 10 nəfərinə 1 nəfər olmaqla müəyyənləşdirilir. Hər bir halda nümayəndə müəyyən etmək üçün yaradılmış ilkin təşəbbüs qruplarında olan seçicilərin ümumi sayı təşəbbüs qrupu yaratmaq üçün bu Təlimatın 1.1-ci bəndində nəzərdə tutulmuş müvafiq saylardan az olmamalıdır. Bunun üçün onlar öz yığıncağını keçirməlidirlər.
1.3. Təşəbbüs qrupu üzvlərinin müxtəlif ərazi vahidlərində yaşamaları faktı onların təşəbbüs qrupunun üzvü olmasına maneə ola bilməz. Təşəbbüs qrupu yaratmaq istəyən seçicilər bələdiyyə qurumunun rəhbərliyinə, ərazi üzrə icra hakimiyyətinin yerli nümayəndəsinə və ya buna imkanı olan digər subyektə yığıncaq keçirmək üçün yer ayrılması barədə yazılı müraciət edə bilərlər. Həmçinin nümayəndələrin müəyyən olunması üçün seçicilərin təşəbbüs qrupunun yığıncağı seçicilərin yaşayış yeri üzrə, icra və bələdiyyə qurumlarının, o cümlədən digər hüquqi şəxslərin ərazi və binalarında keçirilə bilər. Müvafiq yer ayrıldıqdan sonra nümayəndələr müəyyən etməklə təşəbbüs qrupu yaratmaq istəyən seçicilərə yığıncağın keçirilməsi üçün ayrılmış yer və vaxt barədə məlumat verilir.
1.4. Yığıncaqda aşağıdakı məsələlər müzakirə olunur:
1.4.1. ilkin təşəbbüs qrupunun yaradılması;
1.4.2. təşəbbüs qruplarında təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi.
1.5. Yığıncağda müzakirə edilmiş məsələ barədə qərar qəbul olunur və yığıncağın protokolu tərtib edilir. Protokolu iclasın sədri və katibi imzalayır. İclasın protokolunun yuxarıda göstərilən qurumların, o cümlədən iclasın keçirildiyi yerin məxsus olduğu hüquqi şəxslərin möhürü ilə təsdiq edilməsi də mümkündür.
1.6. Təşəbbüs qrupunun təşəbbüsçüləri (nümayəndələr və ya bu Təlimatın 1.1-ci bəndində nəzərdə tutulmuş sayda seçicilər bilavasitə) tələb olunan sənədləri müvafiq seçki komissiyasına təqdim etmək üçün yığıncaq keçirməlidirlər. Bunun üçün bu Təlimatın 1.2-ci bəndində nəzərdə tutulmuş qaydalar əsas götürülür.
1.7. Yığıncaqda aşağıdakı məsələlər müzakirə olunur:
1.7.1. eyni adlı referendum üzrə təşviqat qrupunun yaradılması məqsədilə referendum üzrə təşəbbüs qrupunun formalaşdırılması və adlandırılması;
1.7.2. təşəbbüs qrupunun səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin təyin edilməsi;
Qeyd: Referendum üzrə təşviqat qrupu qeydə alındıqdan sonra təşəbbüs qrupunun səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri referendum üzrə təşviqat qrupunun qərarına əsasən həmin qrupun səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi öz səlahiyyətlərini saxlaya bilərlər.
1.7.3. təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsinə (nümayəndələrinə) digər səlahiyyətli nümayəndələrə təşəbbüs qrupu adından notariat qaydasında təsdiq edilmiş vəkalətnaməni imzalamaq hüququnun verilməsi;
1.7.4. təşəbbüs qrupunun yaradılması barədə bildirişlə müvafiq seçki komissiyasına müraciət edilməsi.
1.8. Yığıncağda müzakirə edilmiş hər bir məsələ barədə qərar qəbul olunur və yığıncağın protokolu tərtib edilir. Protokolu iclasın sədri və katibi imzalayır. İclasın protokolunun həmin qurumların, o cümlədən iclasın keçirildiyi yerin məxsus olduğu hüquqi şəxslərin möhürü ilə təsdiq edilməsi də mümkündür.
2. Təşəbbüs qrupu tərəfindən müvafiq seçki komissiyasına təqdim edilən sənədlər
2.1. Mərkəzi Seçki Komissiyasına sayı 2000-dən az olmayan seçicilərin təşəbbüs qrupu tərəfindən:
2.1.1. təşviqat qrupunun yaradılmasının təşəbbüs edilməsinə dair bildiriş (Təlimata 3 saylı əlavə);
2.1.2. təşəbbüs qrupunun səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin siyahısı (Təlimata 4 və 4a saylı əlavə);
2.1.3. təşəbbüs qrupu iclasının protokolu (Təlimata 2 saylı əlavə);
2.1.4. referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və referendum üzrə təşəbbüs qrupu nümayəndələrinin müəyyən edilməsi üçün keçirilən yığıncaqların protokolları (Təlimata 1 saylı əlavə) (təşəbbüs qrupu nümayəndələr tərəfindən yaradılmışdırsa).
2.2. Müvafiq dairə seçki komissiyasına sayı 500-dən çox, 2000-dən az olan seçicilərin təşəbbüs qrupu tərəfindən:
2.2.1. təşviqat qrupunun yaradılmasının təşəbbüs edilməsinə dair bildiriş (Təlimata 3 saylı əlavə);
2.2.2. təşəbbüs qrupunun səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin siyahısı (Təlimata 4 və 4a saylı əlavələr);
2.1.3. təşəbbüs qrupu iclasının protokolu (Təlimata 2 saylı əlavə);
2.1.4. referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və referendum üzrə təşəbbüs qrupu nümayəndələrinin müəyyən edilməsi üçün keçirilən yığıncaqların protokolları (Təlimata 1 saylı əlavə) (təşəbbüs qrupu nümayəndələr tərəfindən yaradılmışdırsa).
2.3. Müvafiq seçki komissiyası bildirişin alınması barədə təşəbbüsçülərə 5 gün müddətində yazılı məlumat verməlidir (Təlimata 5 saylı əlavə).