Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 22 yanvar 2009-ci il tarixli
2/9-1 saylı Qərarı ilə təsdiq edilmişdir.
Referendumda səsvermənin nəticələri haqqında
məntəqə seçki (referendum) komissiyasının yekun protokolunun doldurulması qaydasına dair
İ Z A H
Ümumxalq səsverməsində (referendumda) səsvermənin nəticələri haqqında məntəqə seçki (referendum) komissiyasının (bundan sonra – məntəqə seçki komissiyası) yekun protokolunun (bundan sonra – məntəqə seçki komissiyasının protokolu) (bu İzaha 1 saylı əlavə) doldurulması qaydası Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 106-cı və 136-cı maddələrinə, habelə bu İzaha uyğun olaraq müəyyənləşdirilir.
Məntəqə seçki komissiyasının protokolu yalnız həmin komissiyanın həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilməlidir. Protokolun tərtib edilməsini Seçki Məcəlləsinin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslər (seçki komissiyalarının üzvləri, qeydə alınmış referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, habelə müşahidəçi statusunu almış Azərbaycan Respublikasının vətəndaşları və beynəlxalq müşahidəçilər) müşahidə edə bilərlər.
Qeyd: protokol tərtib edilərkən hər bir bəndin məlumatı ayrı-ayrılıqda göstərilir, saylar sözlə və rəqəmlə yazılır. Protokolun karandaşla yazılmasına və onda hər hansı bir düzəliş edilməsinə icazə verilmir. Rəsmi protokolda düzəliş edilməsinə icazə verilmədiyinə görə, əvvəlcə onun mütləq q a r a l a m a nüsxəsi tərtib edilməlidir. Protokolun 1–6-cı bəndlərindəki məlumatlar səsvermə qutuları açılmazdan əvvəl yazılır.
Protokol aşağıdakı qaydada doldurulmalıdır:
1-ci bənd – məntəqə üzrə seçici siyahılarında olan seçicilərin ümumi sayı
(1=1a+1b)
a) seçici siyahısındakı seçicilərin sayı;
b) əlavə seçici siyahısında olan seçicilərin sayı.
1-ci bənddə məntəqə seçki komissiyasının seçici siyahısına daxil edilmiş seçicilərin sayı (1a) və səsvermə günü məntəqə seçki komissiyasının qərarı ilə səsvermə hüququ təmin edilmiş şəxslərin adlarının daxil olduğu əlavə seçici siyahısındakı seçicilərin sayı (1b) müvafiq təsdiqedici sənədlərə [daimi (və ya müvəqqəti) və əlavə seçici siyahıları] əsasən qeyd olunur. Eyni zamanda 1a və 1b yarımbəndlərindəki rəqəmlərin cəmi 1-ci bənddə göstərilən sayı yaratmalı və müvafiq bərabərlik olmalıdır.
2-ci bənd – qeydiyyatdançıxma vəsiqəsi almış seçicilərin sayı
Daimi (və ya müvəqqəti) seçici siyahısına daxil edilmiş, lakin qanunla müəyyən edilmiş müddətdə qeydiyyatdançıxma vəsiqəsi almış seçicilərin sayı bu bənddə qeyd olunur.
3-cü bənd – məntəqə seçki komissiyasına dairə seçki komissiyasından verilmiş səsvermə bülletenlərinin sayı
(3=4+5+6)
3-cü bəndə dairə seçki komissiyasından məntəqə seçki komissiyasına müvafiq akt tərtib edilməklə verilmiş səsvermə bülletenlərinin sayı daxil edilir. Bu rəqəmin daxil edilməsi üçün həmin akt əsas götürülməlidir.
Mötərizədə verilmiş hesablamada (3=4+5+6) göstərildiyi kimi, bu bəndin rəqəmi protokolun 4-cü (səsvermə bülleteni alan seçicilərin sayı), 5-ci (istifadə edilmədən ləğv olunmuş səsvermə bülletenlərinin sayı) və 6-cı (korlanmış səsvermə bülletenlərinin sayı) bəndlərinin rəqəmlərinin cəminə bərabər olmalıdır.
4-cü bənd – səsvermə bülleteni alan seçicilərin sayı
(4=4a+4b+4c)
a) səsvermə otağından kənarda;
b) səsvermə otağında – seçici siyahıları əsasında [daimi (və ya müvəqqəti) və əlavə seçici siyahılarında olan imzaların sayı];
c) səsvermə otağında – qeydiyyatdançıxma vəsiqəsi ilə.
Bu yarımbəndlərə seçki məntəqəsi üzrə səsvermə otağından kənarda (4a), səsvermə otağında seçici siyahıları əsasında (4b) və qeydiyyatdançıxma vəsiqəsi ilə (4c) səsvermə bülleteni almış seçicilərin sayı daxil edilir. Həmin rəqəmlərin cəmi 4-cü bəndin rəqəmini verir və bu rəqəm müvafiq qrafaya yazılır.
5-ci bənd – istifadə edilmədən ləğv olunmuş səsvermə bülletenlərinin sayı
İstifadə edilməmiş səsvermə bülletenləri səsvermə qutuları açılmazdan əvvəl səsvermə otağındakı müşahidəçilərin müşahidəsi ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır və aşağı sağ küncü ləğvetmə xəttindən kəsilməklə ləğv edilir. Həmin səsvermə bülletenlərinin sayı elan edilir və yekun protokolunda qeyd olunur (ləğv edilmiş bülletenlər ayrıca yığılıb bağlanır və istifadə edilməmiş bülletenlərin ləğv edilməsi haqqında akt tərtib edilir).
6-cı bənd – korlanmış səsvermə bülletenlərinin sayı
Korlanmış səsvermə bülletenlərinin sayı bu bəndə müvafiq akt əsasında daxil edilir (seçici hər hansı bir səbəbdən bülleteni korlaması barədə məntəqə seçki komissiyasına müraciət edərsə, komissiya üzvü korlanmış bülleteni yarı kəsməklə ləğv edir, ayrıca zərfə qoyur və bu barədə dərhal akt tərtib edilir).
7-ci bənd – səsvermə qutularında olan səsvermə bülletenlərinin sayı (müəyyənləşdirilmiş formada olmayan səsvermə bülletenləri* istisna edilməklə)
(7=7a+7b); (7≤4)
a) daşınan səsvermə qutusunda (7a≤4a);
b) daşınmaz səsvermə qutusunda (7b≤4b+4c).
Daşınan və daşınmaz səsvermə qutularından çıxmış müəyyənləşdirilimiş formada olan səsvermə bülletenlərinin sayı qutuların açılma növbəliliyinə uyğun olaraq ayrı-ayrılıqda bu bəndin “a” və “b” yarımbəndlərinə daxil edilir. Bu rəqəmlərin cəmi 7-ci bənddəki qrafaya daxil edilməli və onların arasında müvafiq bərabərlik olmalıdır. Protokolun 7a yarımbəndindəki rəqəm protokolun 4a yarımbəndindəki rəqəmdən, 7b yarımbəndindəki rəqəm isə 4b və 4c yarımbəndlərdəki rəqəmlərin cəmindən az və ya onlara bərabər olmalıdır. Mötərizədə verilmiş kiçik bərabərlikdə (7≤4) göstərildiyi kimi, 7-ci bəndin rəqəmi protokolun 4-cü bəndindəki rəqəmdən az və ya ona bərabər olmalıdır.
Qeyd: müəyyənləşdirilmiş formada olan bülletenlər dedikdə, Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada hazırlanmış, nömrələnmiş yuxarı sol küncü kəsilmiş və sağ küncü möhürlənmiş səsvermə bülletenləri başa düşülür.
8-ci bənd – ümumxalq səsverməsinə çıxarılmış referendum aktı layihəsi üzrə səslərin hesablanmasının nəticələri
Bu bənddə referenduma çıxarılmış hər bir məsələnin lehinə və əleyhinə verilmiş, habelə etibarsız hesab edilmiş səslərin sayı qeyd edilməlidir.
Protokol tam doldurulub qurtardıqdan sonra doldurulma tarixi və vaxtı həmin protokolda qeyd edilir.
Səsvermənin nəticələri haqqında yekun protokolu məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən imzalanır. Protokolun komissiya üzvləri tərəfindən boş və ya tam doldurulmamış halda imzalanması qadağandır. Protokolla bütövlükdə və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan məntəqə seçki komissiyasının üzvü protokolu imzalayaraq ona özünün xüsusi rəyini əlavə edə bilər. Bu zaman buna dair protokolda müvafiq qeyd aparılır.
Aşağıda göstərilən seçki sənədləri Seçki Məcəlləsinin 106.7-ci maddəsinə uyğun olaraq səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokoluna əlavə edilərək dərhal, lakin 24 saatdan gec olmayaraq məntəqə seçki komissiyasının sədrinin, müxtəlif siyasi partiyaları təmsil edən iki üzvünün və müşahidəçilərin müşaiyəti ilə dairə seçki komissiyasına göndərilir:
- məntəqə seçki komissiyası protokolunun 1-ci nüsxəsi;
- səsvermə günü məntəqə seçki komissiyasına Seçki Məcəlləsinin tələblərinin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə məntəqə seçki komissiyasının qəbul etdiyi qərarlar;
- məntəqə seçki komissiyası tərəfindən səsvermə bülletenlərinin alınması haqqında akt (İzaha 2 saylı əlavə);
- istifadə edilməmiş səsvermə bülletenlərinin ləğv edilməsi haqqında akt (İzaha 3 saylı əlavə);
- səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməmiş səsvermə vəsiqələrinin ləğv edilməsi haqqında akt (İzaha 4 saylı əlavə);
- səsvermə bülletenlərinin kəsilmiş sol künclərinin sayı haqqında akt (İzaha 5 saylı əlavə);
- səs verən vətəndaşların səhvi üzündən korlanmış səsvermə bülletenlərinin sayı haqqında akt (İzaha 6 saylı əlavə);
- səsvermə otağından kənarda səs vermək üçün seçicilərin ərizələri ilə əlaqədar götürülmüş, istifadə edilmiş və istifadə edilmədən geri qaytarılmış səsvermə bülletenlərinin sayı haqqında akt (İzaha 7 saylı əlavə);
- səsvermə bülletenləri;
- məntəqə üzrə seçicilərin siyahısı (səsvermə vəsiqələri əlavə olunmaqla).
Adları çəkilən aktlar məntəqə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır.
Şikayətlərin (ərizələrin), məntəqə seçki komissiyası qərarlarının və yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.
*Səslər hesablanarkən səsvermə qutularından çıxmış müəyyənləşdirilmiş formada olmayan səsvermə bülletenləri sayılaraq aktlaşdırılır və həmin akt bu protokola əlavə edilir.
|