Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 8 yanvar 2009-ci il tarixli
1/4-6saylı Qərarı ilə təsdiq edilmişdir.
Referendumda seçicilərin vaxtından əvvəl
səs verməsi qaydaları haqqında
İ Z A H
1. Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 104.4-cü maddəsinə əsasən, müvafiq seçki (referendum) komissiyası (bundan sonra – seçki komissiyası) referendum günü Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, uzaq və yolu çətin yerlərdə səsvermə gününə ən çoxu 10 gün qalmış səsverməni keçirməyə icazə verə bilər. Bunun üçün müvafiq seçki komissiyası bu barədə qərar qəbul edir.
1.1. Referendum günü səsvermə saat 8.00-dan 19.00-a kimi keçirilir.
1.2. Müvafiq dairə seçki komissiyası səsvermə gününə ən geci 20 gün qalmışadək Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) müraciət edərək, vaxtından əvvəl səsvermə keçirilməsinin səbəbləri barədə əsaslandırılmış məlumat verməlidir.
1.3. Dairə seçki komissiyası təqdim etdiyi həmin məlumatda vaxtından əvvəl səsvermənin keçirilməsi nəzərdə tutulan seçki (referendum) məntəqələrinin (bundan sonra – seçki məntəqəsi) və həmin məntəqələrin seçici siyahılarındakı seçicilərin sayını, həmçinin referendum üzrə səsvermə bülletenlərinin zəruri sayını göstərməlidir.
1.4. Dairə seçki komissiyasının müraciətinə əsasən Mərkəzi Seçki Komissiyası səsvermə gününə ən geci 10 gün qalmış, müvafiq dairə seçki komissiyasına lazımi sayda referendum üzrə səsvermə bülletenlərini dairə seçki komissiyası sədrinin və katiblərinin iştirakı ilə tərtib olunmuş akt əsasında verir.
Müstəsna hallarda, Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə təşkil edilmiş seçki məntəqələri üçün referendum üzrə səsvermə bülletenlərinin, eləcə də səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyaları protokollarının mətni radioqram və ya başqa texniki vasitələrlə çatdırıla bilər.
1.5. Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq məntəqə seçki komissiyası səsvermə başa çatdıqdan sonra 24 saatdan gec olmayaraq səsvermənin nəticələri haqqında protokolu dairə seçki komissiyasına təqdim edir.
1.6. Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus olan sektorunda yerləşən neft platformalarında, səsvermə günü üzən gəmilərdə, seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində), hərbi hissələrdə, xarici dövlətlərdə, azadlıqdan məhrumetmə yerlərində, istintaq təcridxanalarında və müvəqqəti saxlanma yerlərində seçici siyahılarına daxil edilmiş bütün seçicilər səsvermədə iştirak ediblərsə, məntəqə seçki komissiyaları səsvermənin vaxtından əvvəl qurtarması haqqında məlumat verə bilərlər. |