Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 8 yanvar 2009-ci il tarixli
1/4-5 saylı Qərarı ilə təsdiq edilmişdir.
Referendum zamanı hərbi hissələrdə səsvermənin təşkilinə dair
Təlimat
1.
Hərbi qulluqçuların səsvermədə iştirakı qaydası Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 35.5-ci maddəsi və bu Təlimatla tənzimlənir.
2.Hərbi qulluqçular hərbi hissənin yerləşdiyi ərazidə yaradılan ümumi seçki (referendum) məntəqələrində (bundan sonra – seçki məntəqəsi) səs verirlər. Yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə seçki məntəqələrinin yaradılmasına yalnız o halda yol verilir ki, hərbi qulluqçuların ümumi seçki məntəqələrinə ictimai nəqliyyatla çatdırılması üçün 1 saatdan çox vaxt lazım olsun və hərbi qulluqçuların ümumi sayı 50-dən artıq olsun.
Belə hallarda seçki məntəqələri səsvermə gününə ən azı 50 gün qalmış, müstəsna hallarda isə müvafiq dairə seçki (referendum) komissiyasının (bundan sonra – dairə seçki komissiyası) qərarına uyğun olaraq hərbi hissələrin komandirləri tərəfindən səsvermə gününə azı 5 gün qalmış yaradılır.
3.
Sərhəd qoşunlarının hərbi qulluqçuları və hərbi münaqişə zonasında yerləşdirilən hərbi qulluqçular, habelə müvafiq icra hakimiyyəti orqanlarının təqdimatı əsasında ümumi məntəqələrdə səs verməsi mümkün olmayan hərbi hissələrin hərbi qulluqçuları hərbi hissələrdə yaradılan seçki məntəqələrində səs verirlər. Seçiciyə referendum üzrə səsvermə bülleteni zabitin şəxsi vəsiqəsi və ya hərbi bilet təqdim edildikdə verilir.
4.Seçki məntəqələrində seçki komissiyalarının işlədiyi otaqlara və səsvermə otaqlarına Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada müvafiq seçki komissiyalarının bütün üzvlərinin, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin, müşahidəçilərin maneəsiz daxil olmasına imkan yaradılmalıdır.
5.Hərbi hissələrin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin siyahıları hərbi hissə komandirlərinin seçicilər haqqında məlumatı əsasında səsvermə gününə azı 25 gün qalmış məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirilir.
6.Hərbi hissələrdə seçki məntəqələri hərbi hissə komandiri tərəfindən elə yerdə təşkil edilməlidir ki, həmin seçki məntəqəsinə giriş maneəsiz olsun.
7.Hərbi hissədə seçki məntəqəsi yaradılmayıbsa, hərbi hissənin komandiri seçicilər haqqında məlumatları dəqiqləşdirir və səsvermə gününə azı 35 gün qalmış müvafiq məntəqə seçki komissiyasına təqdim edir. Seçici siyahıları 2 nüsxədə tərtib edilir. Seçici siyahısına daxil edilmiş seçicilər haqqında məlumatlar siyahıda əlifba qaydasında yerləşdirilir. Siyahılarda seçicinin soyadı, adı, atasının adı, doğulduğu il, məskunlaşma yerinin ünvanı və seçki məntəqəsinin nömrəsi göstərilir.
8.Hərbi hissədən kənarda yaşayan hərbi qulluqçular seçici siyahılarına yaşayış yeri üzrə ümumi əsaslarla daxil edilirlər.
9.Hərbi hissədə hərbi qulluqçu olan seçicilərin siyahısı, onların hərbi hissənin yerləşdiyi ərazidə yaşayan ailə üzvlərinin və digər seçicilərin siyahısı hərbi hissənin komandiri tərəfindən tərtib edilir. |