Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 8 yanvar 2009-ci il tarixli
1/4-4 saylı Qərarı ilə təsdiq edilmişdir.
Referendum zamanı Azərbaycan Respublikasının hüdudlarından kənarda səsvermənin təşkili haqqında
Təlimat
1. Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının həyata keçirilməsinə Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 35.6-cı maddəsinə əsasən respublikamızın diplomatik nümayəndəlikləri və konsulluq idarələri cavabdehdirlər.
2. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyədə olan Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahılarına daxil edilməsi üçün onların Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi və daha çox yaşaması, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin müəyyənləşdirdiyi uzunmüddətli xarici ezamiyyələrdə olması faktı əsas götürülür.
3. Referendum zamanı səsvermə günü xarici dövlətlərdə olan seçicilərin səs verməsi və səslərin hesablanması üçün seçki (referendum) məntəqələri (bundan sonra – seçki məntəqəsi) seçicilərin olduğu ərazilərdə Azərbaycan Respublikasının diplomatik nümayəndələrinin və ya konsul idarələrinin rəhbərləri tərəfindən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olduqda səsvermə gününə azı 30 gün qalmış yaradılır.
4. Referendum zamanı səsvermə günü xarici dövlətlərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsul idarəsi mövcud deyilsə və ya Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsul idarəsində Seçki Məcəlləsinin 35.6-cı maddəsinə uyğun olaraq seçki məntəqəsi yaradılmayıbsa, həmin xarici dövlətdə olan Azərbaycan Respublikasının vətəndaşları səsvermədə iştirak etmirlər.
5. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan seçicilər seçki (referendum) dairələri (bundan sonra – seçki dairəsi) üzrə siyahıya alınırlar. Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi yaşayan, yaxud uzunmüddətli xarici ezamiyyədə olan və Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliklərində və konsul idarələrində qeydə alınmış seçicilərin sayı haqqında məlumatları Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi təqdim edir. Mərkəzi Seçki Komissiyası həmin məlumatlar əsasında göstərilən seçicilərin siyahıya alınması üçün müvafiq seçki dairələrinin siyahılarını təsdiq edir.
6. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış seçki məntəqələri üzrə seçicilərin siyahıları Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliyinin və ya konsul idarəsinin rəhbərlərinin seçicilər haqqında verdikləri məlumatlar əsasında, səsvermə gününə azı 25 gün qalmış müvafiq məntəqə seçki (referendum) komissiyası (bundan sonra – məntəqə seçki komissiyası) tərəfindən təsdiq edilir.
7. Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə seçki sənədlərinin diplomatik nümayəndəliklərdə və konsul idarələrində yerləşən seçki məntəqələrinə çatdırılmasını təmin edir.
8. Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyası tərərəfindən səsverməyə yekun vurularkən xaricdə yerləşən seçki məntəqələrindən faks vasitəsilə alınmış məlumatlar referendumun nəticələri haqqında yekun protokoluna daxil edilir.
9. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılan seçki məntəqələrində səsvermənin nəticələri ilə bağlı məlumatların dərci məsələsi yerli şərait nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliklərinin və konsul idarələrinin rəhbərləri tərəfindən həll edilir.
10. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi xaricdə yerləşən diplomatik nümayəndəliklərdə və konsul idarələrində təşkil olunmuş seçki məntəqələri ilə fasiləsiz əlaqə saxlanmasını təmin etmək üçün lazımi tədbirlər görməlidir. |