. : TƏLİMATLAR

Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 8 yanvar  2009-ci il tarixli
1/4-3  saylı Qərarı ilə təsdiq edilmişdir.

Referendum zamanı Azərbaycan Respublikasının
Dövlət bayrağı altında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus olan sektorunda yerləşən neft platformalarında, xəstəxanalarda, sanatoriyalarda, istirahət  evlərində, azadlıqdan məhrumetmə yerlərində və istintaq təcridxanalarında səsvermənin təşkili haqqında

Təlimat

1. Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 35.4-cü maddəsinə əsasən Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus olan sektorunda yerləşən neft platformalarında, səsvermə günü Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində) seçicilərin sayı 50-dən artıq olduqda səsvermə gününə azı 50 gün qalmış müvafiq dairə seçki (referendum) komissiyası (bundan sonra – dairə seçki komissiyası) tərəfindən seçki (referendum) məntəqələri (bundan sonra – seçki məntəqələri) yaradılır. Bu məqsədlə dairə seçki komissiyası Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin və seçicilərin müvəqqəti olduqları yerlərin rəhbərlərinə müraciət edərək seçicilərin sayını dəqiqləşdirir.
1.1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus olan sektorunda yerləşən neft platformalarında, seçicilərin müvəqqəti olduqları yerlərdə müstəsna hallarda seçki məntəqələri sesvermə gününə azı 5 gün qalmış yaradılır və səsvermənin təşkili gəminin kapitanına və seçicilərin müvəqqəti olduqları müəssisələrin rəhbərlərinə tapşırılır. Belə seçki məntəqələri yerləşdikləri və ya gəminin qeydiyyatda olduğu yerdə yaradılmış seçki dairəsinin tərkibinə daxil olur.
1.2. Seçicilərin müvəqqəti olduqları yerlərdə, səsvermə günü üzən gəmilərdə yaradılmış seçki məntəqələri üzrə seçici siyahıları seçicilərin müvəqqəti olduqları müəssisənin rəhbərinin, gəmi kapitanının seçicilər haqqında təqdim etdiyi və məntəqə seçki (referendum) komissiyası (bundan sonra – məntəqə seçki komissiyası) tərəfindən yoxlanılmış məlumat əsasında məntəqə seçki komissiyası tərəfindən səsvermə gününə azı 5 gün qalmış təsdiq edilir.
1.3. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərə, neft platformalarına müvafiq sənədlərin çatdırılmasını Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi təmin etməlidir.
1.4. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus olan sektorunda yerləşən neft platformalarında səsvermənin nəticələri haqqında məlumat başqa üsulla mümkün olmadıqda radio və digər rabitə vasitəsilə çatdırıla bilər.

2. Xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində seçki məntəqələri o zaman təşkil edilə bilər ki, həmin yerlərdə qalıb müalicə olunan və ya dincələn aktiv seçki hüququna malik olan vətəndaşların orta sayı 50-dən artıq olsun. Müalicə alan və dincələn seçicilərin orta sayı haqqında məlumat xəstəxana, sanatoriya, istirahət evləri müdiriyyətinin arayışı əsasında təsdiq olunur. Yanlış məlumat verən müəssisə rəhbərləri qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə cəlb edilirlər. Seçki məntəqələri müvafiq dairə seçki komissiyalarının qərarı ilə səsvermə gününə azı 50 gün qalmış, müstəsna hallarda isə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası)  qərarı ilə ifadə edilmiş razılıq əsasında səsvermə gününə azı 5 gün qalmış yaradıla bilər. Belə seçki məntəqələri yerləşdikləri yer üzrə yaradılmış seçki dairəsinin tərkibinə daxil olur.
2.1. İstintaq təcridxanalarının və cəzaçəkmə müssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (istintaq təcridxanalarında saxlanılan, təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahıları həmin müəssisələrin rəhbərlərinin seçicilər haqqında məlumatı əsasında səsvermə gününə azı 25 gün qalmış məntəqə seçki komissiyası tərəfindən dəqiqləşdirilir.
2.2. İstintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki məntəqəsi yaradılmayıbsa, həmin müəssisə rəhbərləri seçicilər haqqında məlumatları toplayıb dəqiqləşdirir, səsvermə gününə azı 35 gün qalmış müvafiq məntəqə seçki komissiyasına təqdim edirlər.
2.3.     İstintaq zamanı barələrində həbs qətimkan tədbiri seçilən və inzibati qaydada saxlanılan vətəndaşlar məntəqə seçki komissiyaları tərəfindən ayrıca seçici siyahılarına daxil edilirlər. Bu cür məlumatlar səsvermə gününə ən azı 2 gün qalmış vətəndaşın həbsi haqqında qərar çıxarmış müvafiq məhkəmələr və ya vətəndaşın inzibati qaydada saxlanılması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən məntəqə seçki komissiyalarına təqdim edilir. Həmin məlumatda bu cür şəxslərin şəxsiyyət vəsiqəsinin və ya onları əvəz edən sənədlərin tam göstəriciləri əks edilməlidir.
2.4. Barələrində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmayan və həbs qətimkan tədbiri seçilmiş şəxslər istintaq təcridxanaları rəhbərliyinin məntəqə seçki komissiyasına təqdim etdiyi məlumat əsasında seçici siyahılarına daxil edilirlər.

Qeyd: istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində cəza çəkən aktiv seçki hüququna malik olan şəxslər Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş “Referendum zamanı səsvermə günü istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin Siyahısı”nda göstərilən sənəd (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilmiş təqsirləndirilən və məhkum edilmiş şəxslərin şəxsiyyətlərini təsdiq edən sənəd) əsasında səs verirlər.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası