. : TƏLİMATLAR

Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 8 yanvar  2009-ci il tarixli
1/4-2 saylı Qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslərin referendumda iştirakına dair

T Ə L İ M A T

1.      Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və Azərbaycan Respublikasının Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 14-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla referendumun keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının referendumda iştirak etmək hüququ vardır. 

2.      Yuxarıda göstərilən tələblərə cavab verən 18 yaşına çatmış və Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər də referendum zamanı səsvermədə iştirak edə bilərlər. Həmin şəxslərin referendumda səs verməsi Seçki Məcəlləsinin 104-cü maddəsi ilə tənzimlənir.

3.      Azərbaycan Respublikasında 5 ildən az olan müddətdə yaşamış və vətəndaşlığı olmayan şəxslər aktiv və passiv seçki hüququna malik deyillər və həmin şəxslər referendumda iştirak edə bilməzlər.

4.      Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd 30 dekabr 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında” Əsasnaməyə müvafiq olaraq 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün verilən şəxsiyyət vəsiqəsidir.

5.      Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxsin seçki (referendum) məntəqəsi (bundan sonra – seçki məntəqəsi) üzrə seçici siyahısına daxil edilməsi üçün həmin şəxsin yaşayış yeri üzrə qeydiyyatını aparan orqanın müəyyənləşdirdiyi müvafiq seçki məntəqəsinin ərazisində daimi yaşaması (referendumun elan olunması günündən əvvəlki 12 ayın azı 6 ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması) faktı əsas götürülür.

6.      Azərbaycan Respublikasında 5 ildən az olmayaraq (yaşayış yeri göstərilməklə) daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin siyahısı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən səsvermə gününə azı 50 gün qalmış müvafiq dairə seçki  (referendum) komissiyasına (bundan sonra – dairə seçki komissiyası) təqdim edilir. Səsvermə gününə azı 35 gün qalmış dairə seçki komissiyaları həmin siyahıların məntəqə seçki (referendum) komissiyalarına (bundan sonra – məntəqə seçki komissiyası) çatdırılmasını təmin edir.

7.      Vətəndaşlığı olmayan şəxslərin referendum üzrə təşviqat qruplarının maliyyə fondlarına könüllü ianə ayırmaq, yaxud xidmət göstərməklə yardım etmək hüququ yoxdur.

8.      Vətəndaşlığı olmayan şəxslərin referendum zamanı referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə təşviqat aparmaq, referendum üzrə təşviqat qruplarına üzv olmaq, o cümlədən onların  yaradılmasının təşəbbüsçüsü olmaq və ya onların fəaliyyətində bu və ya digər formada iştirak etmək hüququ yoxdur. Bu, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin fikir və sərbəst toplaşmaq azadlıqlarınməhdudlaşdırmır.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası