Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 18 iyul 2008-ci
il tarixli 7/27-7 saylı Qərarı ilə təsdiq
edilmişdir.
Kütləvi informasiya vasitələrində seçkiqabağı (referendumqabağı)
təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarət üzrə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində mətbuat qrupu haqqında
Ə S A S N A M Ə
1. Ümumi müddəalar
Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 25.3-cü və 74.5-ci maddələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasında keçirilən seçkilər (referendumlar) (bundan sonra – seçkilər) zamanı seçkiqabağı (referendumqabağı) təşviqat (bundan sonra – seçkiqabağı təşviqat) üçün müəyyən edilmiş qaydalara riayət edilməsi, yəni kütləvi informasiya vasitələrində (televiziya, radio verilişləri və eləcə də təşviqat xarakterli digər tədbirlər də daxil olmaqla) seçkiqabağı təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarəti həyata keçirmək üçün Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) nəzdində fəaliyyət göstərən mətbuat qrupu yaradılır. Həmin qrup Seçki Məcəlləsinin müvafiq maddələri və bu Əsasnamə əsasında fəaliyyət göstərir.
1.1. Mərkəzi Seçki Komissiyasının nəzdində mətbuat qrupu Mərkəzi Seçki Komissiyasının üzvləri də daxil olmaqla, əksəriyyəti jurnalistika sahəsində çalışan mütəxəssislərdən ibarət tərkibdə formalaşdırılır.
1.2. Mətbuat qrupu fəaliyyət göstərərkən seçkiqabağı təşviqata dair qanunvericiliklə müəyyən olunmuş tələbləri, Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş, habelə digər normativ xarakterli aktları rəhbər tutur.
1.3. Mətbuat qrupu Mərkəzi Seçki Komissiyası tərəfindən ona verilən səlahiyyət çərçivəsində fəaliyyətinin qanunamüvafiq qurulması məqsədilə mətbuat və informasiya sahəsində idarəetmə və nəzarəti həyata keçirən orqanlarla, kütləvi informasiya vasitələrinin redaksiyaları ilə, qeydə alınmış namizədlərlə, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları və seçki prosesinin digər iştirakçıları ilə qarşılıqlı şəkildə fəaliyyət göstərə bilər.
1.4. Mətbuat qrupu öz iclaslarında kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılmasının müəyyən olunmuş qayda və üsullarına əməl olunmasına nəzarət edir, bu qayda və üsulların pozulması ilə əlaqədar daxil olmuş müraciətlərə baxır, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün tədbirlər görür, zəruri hallarda isə ərizə və şikayətlər üzrə təkliflərini Mərkəzi Seçki Komissiyasının müzakirəsinə çıxarır.
1.5. Mətbuat qrupuna rəhbərliyi, onun fəaliyyətinin təşkilati və hüquqi təminatını Mərkəzi Seçki Komissiyası həyata keçirir.
2. Mətbuat qrupunun formalaşdırılması və işinin təşkili qaydası
2.1. Mətbuat qrupunun tərkibi Mərkəzi Seçki Komissiyasının qərarı ilə təsdiq edilir.
2.2. Mətbuat qrupunun rəhbəri qrupun üzvləri tərəfindən seçilir.
2.3. Mətbuat qrupunun rəhbəri mətbuat qrupuna daxil edilmiş Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu üzvləri sırasından seçilir.
2.4. Mətbuat qrupunun rəhbəri olmadığı hallarda, onun vəzifələrini qrup rəhbərinin tapşırığı ilə üzvlərdən biri icra edir.
2.5. Mətbuat qrupu kollegial fəaliyyət göstərən bir qurumdur. Qrupun fəaliyyəti ilə bağlı məsələlər onun iclasında müzakirə və həll olunur.
2.6. Mətbuat qrupu üzvlərinin 2/3 hissəsi iclasda iştirak etdikdə, o, səlahiyyətli sayılır.
2.7. İclasda müzakirə olunan məsələlərlə bağlı qərarlar sadə səs çoxluğu ilə qəbul olunur.
3. Mətbuat qrupunun vəzifələri
3.1. Mətbuat qrupunun əsas vəzifələri aşağıdakılardır:
3.1.1. seçkiqabağı təşviqatın aparılmasının üsul və qaydalarını tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin, Mərkəzi Seçki Komissiyasının təlimat və digər normativ xarakterli aktlarının müddəlarına seçki prosesi iştirakçılarının əməl etmələrinə nəzarətin həyata keçirilməsi;
3.1.2. seçkiqabağı təşviqat qaydalarının pozulması haqqında müraciətlərə baxılması;
3.1.3. müraciətlərə baxılmasına, aparılmış araşdırmaların nəticələrinə dair Mərkəzi Seçki Komissiyasına təkliflərin verilməsi.
4. Mətbuat qrupunun funksiyaları
4.1. Mətbuat qrupunun funksiyaları aşağıdakılardır:
4.1.1. kütləvi informasiya vasitələri, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyalar blokları, referendum üzrə təşviqat qrupları tərəfindən Azərbaycan Respublikasının ictimai teleradio təşkilatlarında ödənişli və ödənişsiz efir vaxtının verilməsinə dair cədvələ əməl edilməsinə, dövri nəşr redaksiyaları tərəfindən qanunun tələblərinə riayət edilməsinə nəzarətin həyata keçirilməsi;
4.1.2. seçkiqabağı təşviqatın aparılması üçün ödənişli efir vaxtının, həmçinin ödənişli əsaslarla dövri nəşrlərdə səhifə ayrılması barədə qeydə alınmış namizədlərlə, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları və referendum üzrə təşviqat qrupları ilə kütləvi informasiya vasitələri arasında bağlanmış müqavilələrin icrası haqqında KİV nümayəndələrinin müraciətlərinə baxılması;
4.1.3. Azərbaycan Respublikası qanunvericiliyinin, bu Əsasnamənin tələblərinə əməl edilməsi və daxil olmuş şikayətlərlə bağlı qrup üzvü olan kütləvi informasiya vasitələri redaksiyaları nümayəndələrinin və digər aidiyyətli subyektlərin məlumatlarının dinlənilməsi;
4.1.4. Azərbaycan Respublikasının ictimai teleradio təşkilatları tərəfindən namizədlər üçün ayrılmış ödənişsiz və ödənişli vaxtın müvafiq Təlimatla müəyyən edilmiş nisbətinə, dövri mətbuat nəşrlərində seçkiqabağı təşviqat materiallarının qanunvericiliklə müəyyən edilmiş dərcinin və qaydalarının gözlənilməsinə nəzarətin həyata keçirilməsi;
4.1.5. seçkiqabağı təşviqat zamanı qanunvericiliyin tələblərinin pozulmasına dair məlumatların yoxlanılması.
5. Mətbuat qrupunun hüquqları
5.1. Mətbuat qrupu aşağıdakı hüquqlara malikdir:
5.1.1. kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat qaydalarının pozulması ilə bağlı daxil olmuş müraciətlərə baxmaq və araşdırmanın nəticələri barədə maraqlı tərəfləri məlumatlandırmaq;
5.1.2. seçkiqabağı təşviqatın aparılması qaydalarının pozulması hallarının qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırılması üçün müvafiq tədbirlər görmək.
6. Mətbuat qrupu rəhbərinin hüquq və vəzifələri
6.1. Mətbuat qrupunun rəhbəri:
6.1.1. qrupun işini təşkil edir və planlaşdırır, qrupun fəaliyyəti ilə bağlı məsələləri Mərkəzi Seçki Komissiyasının müzakirəsinə çıxarır;
6.1.2. mətbuat qrupunun üzvləri arasında iş bölgüsü aparır;
6.1.3. mətbuat qrupunun Mərkəzi Seçki Komissiyası ilə əlaqəli işini təmin edir, komissiya və onun sədri tərəfindən həlli tələb olunan təkliflər irəli sürür;
6.1.4. həlli kollegial müzakirə tələb edən məsələlərin baxılması üçün mətbuat qrupunun iclaslarını çağırır və bu iclaslarda sədrlik edir;
6.1.5. mətbuat qrupunun fəaliyyəti barədə Mərkəzi Seçki Komissiyasının tələbi ilə ona məlumat verir.
|