. : TƏLİMATLAR

Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 18 iyul 2008-ci
il tarixli 7/27-6 saylı Qərarı ilə təsdiq
edilmişdir.

Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin seçicilərə verilməsi qaydası haqqında

T Ə L İ M A T

1. Seçkilər (referendum) zamanı səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin (bundan sonra – səsvermə vəsiqəsi) seçicilərə verilməsi qaydasına dair tələblər Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 101-ci maddəsi və bu Təlimatla tənzimlənir.
2. Seçici səsvermə günü adının seçici siyahısında olduğu müvafiq seçki məntəqəsinin hüdudlarından kənarda olacağı və ya digər seçki (referendum) məntəqəsində səs verəcəyi halda, müvafiq seçki (referendum) komissiyasından səsvermə vəsiqəsini (Təlimata 1 saylı əlavə) ala bilər.    
3.  Seçicilərə səsvermə vəsiqəsi dairə seçki (referendum) komissiyası tərəfindən səsvermə gününə 45–25 gün, məntəqə seçki (referendum) komissiyası tərəfindən isə səsvermə gününə 24–3 gün qalmış müddətdə verilir.
4. Səsvermə vəsiqəsi müvafiq seçki (referendum) komissiyası tərəfindən seçicinin ərizəsi əsasında seçiciyə və ya notariat qaydasında təsdiq edilmiş vəkalətnamə əsasında onun nümayəndəsinə verilir. Ərizədə seçicinin səsvermə vəsiqəsini almasının səbəbləri göstərilməlidir (bu Təlimata 2, 2a, 2b və 2c  saylı əlavələr). Bu ərizəyə əsasən seçiciyə səsvermə vəsiqəsi verilir.
5. Məntəqə seçki (referendum) komissiyası ərizənin verildiyi gündən başlayaraq 2 gün müddətində dairə seçki (referendum) komissiyasına müraciət edib, seçicinin əvvəl səsvermə vəsiqəsi alıb-almamasını müəyyən etməlidir. Bir seçiciyə bir neçə səsvermə vəsiqəsinin verilməsi qadağandır.
6. Dairə seçki (referendum) komissiyası səsvermə vəsiqələrinin verilməsinin reyestrini tərtib edir. Reyestrdə seçicilərin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı göstərilməlidir  (Təlimata 3 saylı əlavə). Səsvermə gününə 25 gün qalmış dairə seçki (referendum) komissiyası seçici siyahıları ilə birlikdə həmin reyestrdən təsdiq edilmiş çıxarışları məntəqə seçki (referendum) komissiyasına göndərir. Hər bir məntəqə seçki (referendum) komissiyası seçicilər siyahısında həmin çıxarışlara əsasən müvafiq qeydlər aparır.
7. Seçici və ya onun nümayəndəsi səsvermə üçün səsvermə vəsiqəsini dairə seçki (referendum) komissiyasından aldıqda, reyestrdə öz şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsini göstərməklə imza atır. Bu zaman səsvermə vəsiqəsinin kəsilən küncü reyestrə əlavə edilir.
8.      Seçiciyə verilən səsvermə vəsiqəsi dairə seçki  (referendum) komissiyasının üzvü tərəfindən imzalanmalı və komissiyanın möhürü ilə təsdiqlənməlidir.
9.      Seçici və ya onun nümayəndəsi məntəqə seçki  (referendum) komissiyasından səsvermə vəsiqəsini aldıqda, seçicilər siyahısında öz şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsini göstərməklə imza atır. Bu halda vəsiqənin kəsilən hissəsi seçicilər siyahısına əlavə edilir.
10.    Seçiciyə verilən səsvermə vəsiqəsi məntəqə seçki  (referendum) komissiyasında komissiya üzvü tərəfindən imzalanır və komissiyanın möhürü ilə təsdiq edilir.
11.    Müvafiq məntəqə seçki (referendum) komissiyası seçiciyə səsvermə vəsiqəsi verdikdən dərhal sonra bu haqda dairə seçki  (referendum) komissiyasına məlumat verir. Dairə seçki (referendum) komissiyası isə iki gündən bir həmin məlumatları Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) “Seçkilər” İnformasiya Mərkəzinə təqdim edir.

Əlavə 1
Əlavə 2
Əlavə 2"A"
Əlavə 2"B"
Əlavə 2"C"
Əlavə 3

Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası