. : TƏLİMATLAR

Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 18 iyul 2008-ci
il tarixli 7/27-5 saylı Qərarı ilə təsdiq
edilmişdir.

Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) seçki
bülletenlərinin (referendum üzrə səsvermə bülletenlərinin), dairə və məntəqə seçki komissiyalarının səsvermə protokollarının və səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin hazırlanması və müvafiq seçki komissiyalarına verilməsi qaydaları haqqında

T  Ə  L  İ  M  A  T

 1. Bu Təlimat Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 99-cu, 100-cü, 101-ci, 134-cü, 166-cı, 199-cu və 235-ci maddələrinin tələblərinə uyğun olaraq seçki bülletenlərinin (referendum üzrə səsvermə bülletenlərinin), seçki komissiyalarının səsvermə protokollarının və səsvermə üçün qeydiyyatdançıxma vəsiqələrinin hazırlanması, dairə və məntəqə seçki komissiyalarına (referendum zamanı dairə və məntəqə referendum komissiyalarına) verilməsinə dair qaydaları müəyyən edir.
2. Seçki bülletenləri (referendum üzrə səsvermə bülletenləri) (bundan sonra – bülletenlər), səsvermə protokolları (bundan sonra – protokollar) və səsvermə üçün qeydiyyatdançıxma vəsiqələrinin (bundan sonra – səsvermə vəsiqəsi) hazırlanmazdan əvvəl, onların mətni və forması, hazırlanma qaydası və sayı Seçki Məcəlləsinin 99-cu, 100-cü və 101-ci maddələrində göstərilən qaydaya uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) tərəfindən müəyyən edilir.
Bülletenlərin, protokolların və səsvermə vəsiqələrinin nümunələri təsdiq edilərkən Seçki Məcəlləsinin 99.2-ci, 99.3-cü, 100.2–100.5-ci və 101.1-ci  maddələrinin tələbləri nəzərə alınır.
3. Bu Təlimatın 2-ci bəndində göstərilən hərəkətləri etdikdən sonra Mərkəzi Seçki Komissiyası bülletenlərin, protokolların və səsvermə vəsiqələrinin hazırlanmasına dair qərar çıxarır.
4. Bülletenlərin, protokolların və səsvermə vəsiqələrinin hazırlanması üçün Mərkəzi Seçki Komissiyası poliqrafiya müəssisəsinə ayrı-ayrılıqda aşağıdakı sənədləri təqdim edir:
4.1. hazırlanmalı olan bülletenlərin (qeydə alınmış seçicilərin sayından 3 faiz artıq olmamaqla), dairə və məntəqə seçki komissiyaları protokollarının,  səsvermə vəsiqələrinin sayı barəsində məlumatların əks olunduğu Mərkəzi Seçki Komissiyasının müvafiq qərarına əsasən poliqrafiya müəssisəsinə ünvanlanmış məktubu;
4.2. bülletenlərin, protokolların və səsvermə vəsiqələrinin Mərkəzi Seçki Komissiyası  tərəfindən təsdiq edilmiş nümunələri.
5.  Seçki Məcəlləsinin tələbinə uygun olaraq bülletenlər səsvermə gününə ən azı 10 gün, protokollar ən azı 30 gün, səsvermə vəsiqələri isə ən azı 55 gün qalmış hazırlanır.
Bülletenlər, protokollar və səsvermə vəsiqələri Seçki Məcəlləsinin 99.4-cü və 100.6-cı maddələrinin tələbləri nəzərə alınmaqla hazırlanır. Bu zaman Mərkəzi Seçki Komissiyası nümayəndələrinin iştirakı təmin edilməli, hüququ olan subyektlərə bu barədə məlumat verilməlidir.
6. Seçki Məcəlləsinin 100.11-ci maddəsinə müvafiq olaraq poliqrafiya müəssisəsi nömrələnmiş protokollarla birlikdə, hər seçki komissiyasına 30 nüsxə hesabı ilə protokolların nömrələnməmiş surətlərini də hazırlamalıdır.  
7. Bülletenlər, protokollar və səsvermə vəsiqələri hazırlandıqdan sonra poliqrafiya müəssisəsinin işçiləri hazırlanmış bülletenlər, protokollar və səsvermə vəsiqələri sırasından yararsız olanları seçib ayırır.
Mətni və forması baxımından Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi nümunəyə uyğun gəlməyən bülletenlər, protokollar və səsvermə vəsiqələri yararsız hesab edilir.
8. Yararsız hesab edilərək çıxdaş olmuş  bülletenlər, protokollar və səsvermə vəsiqələri seçilib ayrılandan sonra, yerdə qalan yararlı bülletenlərin, protokolların və səsvermə vəsiqələrinin sayının tələb olunan saydan az olduğu aşkar edilərsə, onların sifariş edilən saya uyğunluğu təmin olunmalıdır.
Bundan sonra, yararlı hesab edilən bülletenlər, protokollar və səsvermə vəsiqələri müvafiq seçki dairələri üzrə qruplaşdırılır.
9. Müəyyən edilmiş sayda yararlı bülletenlər, protokollar və səsvermə vəsiqələri hazırlandıqdan sonra, onlar poliqrafiya müəssisəsi tərəfindən Mərkəzi Seçki Komissiyasının səlahiyyətli üzvünə təhvil verilir.
Təhvilvermə barəsində müvafiq aktlar tərtib edilməlidir. Aktların mətni və forması bu Təlimatın 1, 2 və 3 saylı əlavələrinə uyğun olaraq tərtib olunur.
10. Bülletenlər, protokollar və səsvermə vəsiqələri sifarışə uyğun olaraq təhvil verildikdən sonra poliqrafiya müəssisəsi yararsız hesab edilən və artıq çap olunmuş bülletenləri, protokolları və səsvermə vəsiqələrini məhv edir. Bu barədə bütün iştirakçıların imzası qoyulmaqla akt tərtib olunur  (Təlimata 4, 4a və 4b saylı əlavələr).
Yararlı bülletenlərin təhvil verilməsini, yararsız hesab edilən və artıq çap olunmuş bülletenlərin, protokolların və səsvermə vəsiqələrinin məhv edilməsini Mərkəzi Seçki Komissiyasının üzvləri ilə yanaşı, aşağı seçki komissiyalarının həlledici və məşvərətçi səs hüquqlu üzvləri, qeydə alınmış namizədlər və ya onların səlahiyyətli nümayəndələri, yaxud vəkil edilmiş şəxsləri, namizədlər irəli sürmüş siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri, vəkil edilmiş şəxsləri, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri, yerli və beynəlxalq (xarici) müşahidəçilər müşahidə edə bilərlər. Həmin şəxslərə təhvilvermə və məhvetmə hərəkətlərinin yeri və vaxtı barədə Mərkəzi Seçki Komissiyası tərəfindən qabaqcadan məlumat verilməlidir.
Təhvilvermə və məhvetmə proseslərinin müşahidəsi elə təşkil edilməlidir ki, həmin proseslər, onların normal müşahidə edilməsi və poliqrafiya müəssisəsinin adi iş rejimi pozulmasın. Lakin istənilən halda müşahidə hüququ təmin edilməlidir.
11. Seçki Məcəlləsinin 99.6-cı, 100.8-ci və 101.2-ci maddələrində göstərildiyi kimi, Mərkəzi Seçki Komissiyası poliqrafiya müəssisəsindən aldıqdan sonra bülletenləri səsvermə gününə azı 5 gün qalmış, protokolları seçki məntəqələrinin sayı nəzərə alınmaqla, səsvermə gününə azı 20 gün  qalmış, səsvermə vəsiqələrini isə səsvermə gününə azı 50 gün qalmış paylanmasını təşkil edir.
Təhvilvermə dairə seçki komissiyası sədrinin və katiblərinin iştirakı ilə xüsusi aktlar tərtib edilməklə həyata keçirilir (Təlimata 5, 6 və 7 saylı əlavələr).
Hər bir məntəqə seçki komissiyasına dairə seçki komissiyaları tərəfindən  verilən bülletenlərin sayı dairə seçki komissiyasının qərarı ilə müəyyənləşdirilir. Bu say bülletenlərin verildiyi günədək seçki məntəqəsi üzrə seçicilər siyahısına daxil edilmiş seçicilərin sayının 90 faizindən az, 0,5 faizindən isə artıq ola bilməz.
12. Bülletenləri, protokolları və səsvermə vəsiqələrini təhvil aldıqdan sonra, dairə seçki komissiyası bülletenləri səsvermə gününə ən geci 3 gün qalmış, protokolları səsvermə gününə ən geci 4 gün qalmış, səsvermə vəsiqələrini isə səsvermə gününə ən azı 25 gün qalmış məntəqə seçki komissiyalarına təhvil verir. Təhvilvermə zamanı xüsusi aktlar tərtib edilir (Təlimata 8, 9 və 10 saylı əlavələr).
13. Bülletenlər təhvil alındıqdan sonra  məntəqə seçki komissiyalarında onlarla bağlı aşağıdakı hərəkətlər edilir:
13.1. bülletenlər sayılır və alınmış nəticə komissiyanın qərarı ilə təsdiq edilir (verilməli olan və alınmış bülletenlərin sayı arasında uyğunsuzluq aşkar edilərsə, bu barədə dairə seçki komissiyası məlumatlandırılır);
13.2. hər bir bülletenin üz tərəfinin yuxarı sağ küncü komissiyanın möhürü ilə təsdiq edilir;
13.3. bülletenlərin, protokolların və səsvermə vəsiqələrinin yalnız seçki məntəqəsinin binasında, etibarlı qorunan yerdə saxlanılması təmin edilir.
14.    Bülletenlərin, protokolların və səsvermə vəsiqələrinin saxlanılması üçün poliqrafiya müəssisəsindən təhvil alınması anından dairə seçki komissiyalarına paylanmasınadək Mərkəzi Seçki Komissiyası, Mərkəzi Seçki Komissiyasından təhvil alınması anından məntəqə seçki komissiyalarına paylanmasınadək dairə seçki komissiyasının sədri, dairə seçki komissiyasından təhvil alınması anından səsvermədən sonra Seçki Məcəlləsinin 106.7-ci maddəsində göstərilən bütün digər seçki sənədləri ilə birlikdə dairə seçki komissiyasına təhvil verilməsinədək məntəqə seçki komissiyasının sədri  məsuliyyət daşıyır.
Bülletenlər, protokollar və səsvermə vəsiqələri müvafiq seçki komissiyalarına təhvil verildikdən sonra onların təyinatı üzrə çatdırılması zamanı bütün zəruri təhlükəsizlik tədbirləri təmin edilməlidir.

Əlavə 1
Əlavə 2
Əlavə 3
Əlavə 4
Əlavə 4"A"
Əlavə 4"B"
Əlavə 5
Əlavə 6
Əlavə 7
Əlavə 8
Əlavə 9
Əlavə 10

Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası