. : TƏLİMATLAR

Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 18 iyul 2008-ci
il tarixli 7/27-4 saylı Qərarı ilə təsdiq
edilmişdir.

Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) beynəlxalq (xarici) müşahidəçilərin fəaliyyət qaydaları haqqında

T Ə L İ M A T

Bu Təlimat Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 40–42-ci və 44-cü maddələrinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında keçirilən seçkilər (referendum) zamanı beynəlxalq müşahidəçilərin qeydə alınması qaydasını, onların hüquq və vəzifələrini, habelə səlahiyyət müddətini və səlahiyyətlərinə xitam verilməsi qaydasını müəyyən edir.

I. Beynəlxalq (xarici) müşahidəçilərin dəvət olunması qaydası
1.1. Beynəlxalq (xarici) müşahidəçilər (bundan sonra – beynəlxalq müşahidəçilər) seçkilərin (referendumun) təyin edilməsi haqqında qərar rəsmi dərc edildikdən sonra Seçki Məcəlləsinin 44.2-ci maddəsində nəzərdə tutulmuş qaydada dəvət olunurlar. Dəvətlər seçkilərin təyin edilməsi barədə qərar rəsmi dərc edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) tərəfindən göndərilə bilər. 
1.2. İnsan və vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində nüfuzu olan qeyri-hökumət təşkilatları da beynəlxalq müşahidəçilərin dəvət olunması haqqında öz təkliflərini Milli Məclisin deputatlarına, Mərkəzi Seçki Komissiyasına, habelə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə verə bilərlər.

Qeyd: Seçki Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının beynəlxalq müşahidəçi kimi fəaliyyət göstərməsi qadağandır.

II. Beynəlxalq müşahidəçilərin qeydə alınması qaydası
2.1. Beynəlxalq müşahidəçi statusunu əldə etmək niyyətində olan xarici vətəndaşlar qeydə alınmaq üçün seçkilərin elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək müvafiq ərizə ilə (Təlimata 1 saylı əlavə) Mərkəzi Seçki Komissiyasına müraciət edir. Ərizəyə 3x4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil əlavə olunur.
2.2. Hər bir ərizə əsasında qeydəalınma məsələsinə Mərkəzi Seçki Komissiyası tərəfindən 3 gün müddətində baxılır. Müşahidənin aparılmasına rədd cavabı yalnız ərizədə göstərilən məlumatlar təsdiq olunmadıqda verilə bilər.
2.3. Müşahidənin aparılmasına icazə verildikdə Mərkəzi Seçki Komissiyası beynəlxalq müşahidəçiyə Azərbaycan Respublikasının dövlət dilində və xarici dillərin birində, onun təqdim etdiyi sənədlərə uyğun tərtib edilmiş vəsiqə-lövhəcik  verir (Təlimata 2 saylı əlavə).  Yalnız belə lövhəciyi əldə etdikdən sonra beynəlxalq müşahidəçi seçkilərin hazırlanması və keçirilməsi dövründə Seçki Məcəlləsinin 40-42-ci və 44-cü maddələrinə uyğun olaraq fəaliyyət göstərə bilər.

III. Beynəlxalq müşahidəçilərin statusu
3.1. Beynəlxalq müşahidəçilər Azərbaycan Respublikasının ərazisində olduqları müddətdə dövlətin mühafizəsi altına alınırlar. Beynəlxalq müşahidəçilər fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müstəqil və sərbəst həyata keçirirlər. Seçki komissiyaları, dövlət hakimiyyəti orqanları və bələdiyyə qurumları tərəfindən onlara zəruri kömək göstərilməlidir.
3.2. Beynəlxalq müşahidəçinin fəaliyyəti onu göndərən tərəfin və ya özünün  şəxsi vəsaiti hesabına maliyyələşdirilir.
3.3. Beynəlxalq müşahidəçilər digər müşahidəçilərlə eyni hüquqlara malikdirlər və eyni vəzifələri daşıyırlar.

IV. Müşahidənin aparılmasının prinsipləri
4.1. Müşahidənin aparılması aşağıdakı prinsiplərə əsaslanmalıdır və bu prinsiplər müşahidəçinin lövhəciyinin arxasında göstərilməlidir:
4.1.1. seçki prosesinə bir namizədin və ya siyasi partiyanın mənafeləri naminə təsir göstərilməməlidir;
4.1.2. müşahidə edilən hərəkətlərə aid olan bütün hallar və faktlar nəzərə alınmalıdır;
4.1.3. müşahidə açıq aparılmalıdır;
4.1.4. müşahidənin yekunları faktlara əsaslanmalıdır.
4.2. Müşahidəçi müşahidəni aparan zaman yuxarıda sadalanan prinsiplərə hökmən əməl etməli, aşkar etdiyi faktları müəyyən olunmuş qaydada (buna dair müvafiq akt tərtib etməklə) rəsmiləşdirməli, imkan daxilində həmin faktların rəsmiləşdirilməsinə maraqlı şəxslərin diqqətini cəlb etməlidir. Seçki prosesində aşkarlığın təmin edilməsi, ehtimal edilən pozuntuların qarşısının alınması və baş vermiş pozuntuların nəticələrinin aradan qaldırılmasının təmin edilməsi məqsədilə həmin halların müvafiq komissiyanın nəzərinə çatdırılmasının məqsədəmüvafiqliyi daim diqqətdə saxlanılmalıdır.

QEYD: seçkilərin (referendumun) digər iştirakçıları kimi beynəlxalq müşahidəçilər də Seçki Məcəlləsinin 2.6-cı maddəsində göstərilən aşağıdakı şərtlərə riayət etməlidirlər:  

    • mətbuat azadlığına hörmət bəsləmək;
    • öz peşə fəaliyyəti ilə məşğul olan kütləvi informasiya vasitələri nümayəndələrinin işinə mane olmamaq, namizədlərin, partiyaların (siyasi partiyalar bloklarının) seçki (referendum) kampaniyalarına müdaxilə etməmək və onu pozmamaq;
    • seçkiqabağı təşviqat materiallarının yayılmasına mane olmamaq;
    • seçkiqabağı (referendumqabağı) təşviqat plakatlarını və digər bu cür təşviqat materiallarını məhv etməmək və korlamamaq;
    • seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olmamaq;
    • seçkilərin (referendumun) azad, sərbəst, dinc və mütəşəkkil keçirilməsi üçün seçki (referendum) orqanları ilə və onların vəzifəli şəxsləri ilə əməkdaşlıq etmək;
    • seçicilərin öz iradəsini azad və sərbəst bildirməsinə maneçilik törətməmək;
    • səlahiyyətli şəxslərə və müşahidəçilərə hörmət bəsləmək və onlarla əməkdaşlıq etmək;
    • səsvermənin gizliliyini saxlamaq və saxlanılmasına kömək göstərmək;
    • seçiciləri qeyri-qanuni hərəkətlərlə öz tərəfinə çəkməmək;
    • seçki (referendum) komissiyalarının fəaliyyətlərinə əsassız müdaxilə etməmək, səslərin verilməsi və ya səslərin hesablanması prosesini pozmamaq; 
    • seçkilərin (referendumun) qanuni təsdiqlənmiş nəticələrinə hörmət etmək, seçkilərlə (referendumla) bağlı hər bir şikayəti səlahiyyətli orqana təqdim etmək və həmin orqanın bu şikayətlə bağlı qərarına riayət etmək;
    • hədə-qorxu və böhtan xarakterli və ya zorakılığa çağıran çıxışlar etməmək və bu cür materialları yaymamaq;
    • seçicilərə mükafat təqdim etməmək, onları cəza ilə hədələməmək;
    • dövlət resurslarından, bələdiyyə və digər ictimai resurslardan Seçki Məcəlləsi ilə nəzərdə tutulmamış hallarda istifadə etməmək;
    • təzyiq göstərmək  və ya bəxşiş təkilf etmək yolu ilə və ya digər qanunazidd üsullarla seçiciləri səs verməyə, səsvermədən çəkindirməyə sövq etməmək;
    • təzyiq göstərmək  və ya bəxşiş təklif etmək yolu ilə və ya digər qanunazidd üsullarla seçiciləri referendum üzrə təşviqat qruplarında iştirak etməyə və iştirak etməməyə, öz namizədliklərini irəli sürməyə və ya irəli sürməməyə, namizədliklərini geri götürməyə və ya geri götürməməyə, seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etməyə və ya iştirak etməməyə məcbur etməmək;
    • heç bir vəzifəli şəxsin referenduma çıxarılan məsələnin, namizədin dəstəklənməsinə yönəldilən köməyindən və ya fəaliyyətindən istifadə etməmək.

V.Beynəlxalq müşahidəçilərin hüquq və vəzifələri

5.1. Beynəlxalq müşahidəçilərin Seçki Məcəlləsinin 40.13-cü maddəsində göstərilən hüquqlarla yanaşı, aşağıdakı hüquqları da vardır:
5.1.1. seçici siyahıları ilə tanış olmaq;
5.1.2. səsvermə günü istədiyi vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq;
5.1.3. seçicilərin barmaqlarının mürəkkəblənməsini və ultrabənövşəyi lampalarla yoxlanılmasını müşahidə etmək;
5.1.4. seçki bülletenlərinin seçicilərə verilməsini müşahidə etmək;
5.1.5. səsvermə yerindən kənarda seçicilərin səs verməsini müşahidə etmək;
5.1.6. seçicilərin sayını hesablamaq, seçki bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək;
5.1.7. müşahidənin nəticələrinin seçki komissiyasının protokoluna əlavə olunmasını tələb etmək;
5.1.8. seçki komissiyasının qanuni fəaliyyətinə mane olmadan, müşahidə aparmağı təmin edən şəraitdə və maneəsiz müşahidə aparmağa imkan verən məsafədən seçicilərin səslərinin hesablanmasına, seçicilərin səsləri hesablanarkən doldurulmuş və ya doldurulmamış hər bir seçki bülleteninə səsin etibarlılığını yoxlamaq məqsədilə baxmaq, səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları (ümumi yekunları) haqqında seçki komissiyasının protokolu və digər seçki sənədləri ilə tanış olmaq;
5.1.9. səslərin  paralel hesablanmasında iştirak etmək;
5.1.10. səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə, o olmadıqda isə onu əvəz edən şəxsə müraciət etmək;
5.1.11. seçki komissiyalarının sənədlərinin, o cümlədən səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları (ümumi yekunları) haqqında protokolların, səsvermə günü seçki komissiyasının işə başladığı və seçki qutularının kilidləndiyi andan seçki komissiyaları tərəfindən səsvermənin nəticələri haqqında protokolların qəbul edilməsinədək seçki komissiyaları tərəfindən tərtib edilmiş və ya onlara əlavə olunmuş qoşma sənədlərin təsdiqlənmiş surətlərinin bir nüsxəsini haqq ödənilmədən çıxarmaq və ya almaq, əlavə nüsxələri Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqq ödənilməklə çıxarmaq və ya almaq;

 Qeyd: müşahidəçinin tələbi ilə seçki komissiyası adı çəkilən sənədlərin surətlərini təsdiq etməlidir.

5.1.12. səsvermədə iştirak edən şəxslərin siyahısı ilə tanış olmaq;
5.1.13. müvafiq seçki komissiyalarında seçicilərin səslərinin təkrar hesablanmasını müşahidə etmək;
5.1.14. seçki sənədlərinin dairə seçki komissiyasına və Mərkəzi Seçki Komissiyasına göndərilməsini müşahidə etmək;
5.1.15. səsvermə günündən sonra seçki qanunvericiliyi, seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar mətbuat konfransı keçirmək və kütləvi informasiya vasitələrinə müraciət etmək;
5.1.16. seçicilərlə, namizədlərlə, qeydə alınmış namizədlərlə, seçki komissiyalarının üzvləri, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri ilə görüşmək;
5.1.17. fəaliyyəti dövründə tərcüməçi xidmətindən istifadə etmək;
5.1.18. qanunla qadağan edilməyən digər hərəkətlər (hərəkətsizlik) etmək.

5.2. Beynəlxalq müşahidəçilərə aşağıdakı hərəkətlər qadağan edilir:
5.2.1. seçicilərə seçki bülletenləri vermək;
5.2.2. seçiciyə necə səs verəcəyi və necə səs verdiyi haqqında sual vermək;
5.2.3. seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteninin alınması haqqında imza etmək;
5.2.4. seçicinin xahişi ilə seçki bülletenini doldurmaq;
5.2.5. seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri ilə birlikdə seçki bülletenlərinin hesablanmasında birbaşa iştirak etmək;
5.2.6. seçki komissiyalarının işinə maneə törədən hərəkətlər etmək;
5.2.7. seçicilər arasında təşviqat aparmaq;
5.2.8. bu və ya digər namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referenduma çıxarılan məsələnin dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi qiymətləndirilə bilən hərəkətlər və ya çağırışlar etmək;
5.2.9. müvafiq seçki komissiyasının qərarlarının qəbul olunmasına müdaxilə etmək;
5.2.10. seçicilərin barmaqlarını mürəkkəblə işarələmək və ya ultrabənövşəyi lampa ilə seçicilərin barmaqlarının işarələnib-işarələnmədiyini yoxlamaq;
5.2.11. seçicilərin suallarına (öz statusu ilə bağlı suallar istisna olmaqla) cavab vermək;
5.2.12. seçki (referendum) kampaniyasının gedişi, seçkilərin (referendumun) hazırlanması və keçirilməsi ilə əlaqədar olmayan fəaliyyətlə məşğul olmaq üçün öz statusundan istifadə etmək;
5.2.13. qanunla qadağan edilən digər hərəkətlər (hərəkətsizlik) etmək.

Qeyd: 1. Müşahidənin yekunlarına dair müşahidəçilərin tərtib etdikləri  rəylər müvafiq komissiyaların sədrlərinə təqdim edildikdə, həmin rəy səsvermənin nəticələri və ya seçkilərin ümumi yekunları haqqında protokola əlavə edilməlidir.
           2. Səsvermə günü səsvermə otağında olan və seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə edən şəxslərin siyahısı məntəqə seçki komissiyasının katibi tərəfindən aparılır.

VI. Tərcüməçinin qeydə alınması qaydası
6.1. Seçki (referendum) prosesində beynəlxalq müşahidəçilərə tərcüməçilik xidməti göstərmək niyyətində olan şəxs bu Təlimatın 2.1-ci bəndində göstərilən müddətdə müvafiq ərizə ilə Mərkəzi Seçki Komissiyasına müraciət edir (Təlimata 3 saylı əlavə). Ərizəyə 3x4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil əlavə olunur.
6.2. Mərkəzi Seçki Komissiyası bu Təlimatın 2.3-cü bəndində göstərilən tələbləri nəzərə almaqla həmin şəxsə müvafiq lövhəcik (Təlimata 4 saylı əlavə) verir.
6.3. Tərcüməçinin səlahiyyət müddəti tərçüməçilik xidməti göstərdiyi şəxsin səlahiyyət müddəti ilə məhdudlaşır.

VII. Beynəlxalq müşahidəçinin səlahiyyət müddəti və səlahiyyətlərinə xitam verilməsi 
7.1. Beynəlxalq müşahidəçinin səlahiyyət müddəti Mərkəzi Seçki Komissiyasında qeydə alındığı gündən başlanır və seçkilərin (referendumun) yekunlarının (ümumi yekunlarının) rəsmi dərc edildiyi gün bitir.
7.2. Beynəlxalq müşahidəçilər Azərbaycan Respublikasının qanunlarını, beynəlxalq hüquq normalarını pozduqları hallarda Mərkəzi Seçki Komissiyası onların qeydiyyatını ləğv edə bilər.
7.3. Beynəlxalq müşahidəçinin səlahiyyətlərinə qanunvericilikdə nəzərdə tutulmuş digər  hallarda və qaydada da xitam verilə bilər.

 

Əlavə 1
Əlavə 2
Əlavə 3

Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası