. : TƏLİMATLAR

Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 18 iyul 2008-ci
il tarixli 7/27-2 saylı Qərarı ilə təsdiq
edilmişdir.

Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) namizədin, siyasi partiyaların, siyasi partiyalar bloklarının
və referendum üzrə təşviqat qruplarının
səlahiyyətli nümayəndələrinin statusu haqqında

T Ə L İ M A T

Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) namizədin səlahiyyətli nümayəndəsinin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin statusu Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra           – Seçki Məcəlləsi) 52-ci və 64-cü maddələrinə  və bu Təlimata uyğun olaraq müəyyənləşdirilir.
Seçki Məcəlləsi ilə nəzərdə tutulan seçki hərəkətlərinin həyata keçirilməsi məqsədilə namizəd və referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri səlahiyyətli nümayəndələr təyin edə bilərlər. Namizəd irəli sürmüş siyasi partiyalar və siyasi partiyaların blokları səlahiyyətli nümayəndələrini təyin etməlidirlər.

I. Səlahiyyətli nümayəndələrin təyin edilməsi qaydası və fəaliyyətinin əsasları

1.1. Namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri, habelə siyasi partiyanın, siyasi partiyalar blokunun və referendum üzrə təşviqat qrupunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri öz səlahiyyətləri daxilində namizədin iradəsi, siyasi partiyanın, bloka daxil olan siyasi partiyaların qurultayı, konfransı və ya rəhbər orqanın iclasının və ya siyasi partiyaların nümayəndələrinin birgə iclasının, referendum üzrə təşviqat qrupunun iclasının qərarı ilə təyin edilirlər.
1.2. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku tərəfindən təyin edilmiş səlahiyyətli nümayəndələrin sayı qanunvericiliyə uyğun olaraq onların öz mülahizəsi əsasında müəyyən edilir.
1.3. Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasında (bundan sonra – Mərkəzi Seçki Komissiyası) qeydiyyatdan keçən referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin sayı 25-dən, dairə seçki (referendum) komissiyasında (bundan sonra – dairə seçki komissiyası) qeydiyyatdan keçən referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin sayı isə 5-dən artıq ola bilməz.
1.4. Siyasi partiyanın, siyasi partiyalar blokunun və referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi öz funksiyalarını səlahiyyətini, soyadını, adını, atasının adını, doğum tarixini, şəxsiyyət  vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsini, yaşayış yerinin ünvanını, iş və ya xidmət yerini, vəzifəsini (bu olmadıqda – fəaliyyət növünü) əks etdirən, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə isə həm də maliyyə sənədlərinin və həmin sənədlər üçün möhürlərin nümunələrini əks etdirən, siyasi partiyanın, bloka daxil olan siyasi partiyaların qurultaylarının, yaxud konfranslarının və ya siyasi partiya nümayəndələrinin birgə iclasının qərarı əsasında, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri, habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri isə qrup tərəfindən onlara verilmiş vəkalətnamə əsasında və müəyyən olunmuş səlahiyyətlər həddində həyata keçirirlər.
1.5. Siyasi partiyanın səlahiyyətli nümayəndələrinə və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinə və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada və ya notariat qaydasında, namizədin səlahiyyətli nümayəndəsinə, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinə və  maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinə isə yalnız notariat qaydasında rəsmiləşdirilən vəkalətnamə verilməlidir (Təlimata 3, 3a, 3b, 3c, 3ç, 3d, 3e, 3ə və 3f saylı əlavələr).
1.6. Siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin siyahıları Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada və formada tərtib edilərək  Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Siyasi partiyanın, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri istisna olmaqla, digər səlahiyyətli nümayəndələrin siyahısı dairə seçki komissiyalarına da təqdim edilir. Referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin siyahıları həmin qrupu qeydiyyata alan müvafiq seçki komissiyalarına (Mərkəzi Seçki Komissiyasına  və ya dairə seçki komissiyasına) təqdim edilir (Təlimata 2 və 2a saylı əlavələr).
1.7. Təqdim edilmiş müvafiq siyahıya hər bir şəxsin səlahiyyətli nümayəndə olmağa razılığı barədə yazılı məktubu (Təlimata 1 və 1a saylı əlavələr), habelə arxasında həmin şəxsin şəxsiyyətini müəyyənləşdirməyə imkan verən qeyd edilməklə, 3×4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil əlavə olunmalıdır. Namizədin səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun və referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinə və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi nümunəyə uyğun hazırlanmış lövhəcik verilir (Təlimata 4, 4a, 4b, 4c, 4ç, 4d, 4e, 4ə, 4f, 4g və 4ğ saylı əlavələr). Səsvermə günü səsvermə otağında olarkən səlahiyyətli nümayəndənin həmin lövhəciyi olmalıdır.

QEYD: seçkilərin (referendumun) digər iştirakçıları kimi səlahiyyətli nümayəndələr də Seçki Məcəlləsinin 2.6-cı maddəsində göstərilən aşağıdakı şərtlərə riayət etməlidirlər:   

    • mətbuat azadlığına hörmət bəsləmək;
    • öz peşə fəaliyyəti ilə məşğul olan kütləvi informasiya vasitələri nümayəndələrinin işinə mane olmamaq, namizədlərin, partiyaların (siyasi partiyalar bloklarının) seçki (referendum) kampaniyalarına müdaxilə etməmək və onu pozmamaq;
    • seçkiqabağı təşviqat materiallarının yayılmasına mane olmamaq;
    • seçkiqabağı (referendumqabağı) təşviqat plakatlarını və digər bu cür təşviqat materiallarını məhv etməmək və korlamamaq;
    • seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olmamaq;
    • seçkilərin (referendumun) azad, sərbəst, dinc və mütəşəkkil keçirilməsi üçün seçki (referendum) orqanları ilə və onların vəzifəli şəxsləri ilə əməkdaşlıq etmək;
    • seçicilərin öz iradəsini azad və sərbəst bildirməsinə maneçilik törətməmək;
    • səlahiyyətli şəxslərə və müşahidəçilərə hörmət bəsləmək və onlarla əməkdaşlıq etmək;
    • səsvermənin gizliliyini saxlamaq və saxlanılmasına kömək göstərmək;
    • seçiciləri qeyri-qanuni hərəkətlərlə öz tərəfinə çəkməmək;
    • seçki (referendum) komissiyalarının fəaliyyətlərinə əsassız müdaxilə etməmək, səslərin verilməsi və ya səslərin hesablanması prosesini pozmamaq; 
    • seçkilərin (referendumun) qanuni təsdiqlənmiş nəticələrinə hörmət etmək, seçkilərlə (referendumla) bağlı hər bir şikayəti səlahiyyətli orqana təqdim etmək və həmin orqanın bu şikayətlə bağlı qərarına riayət etmək;
    • hədə-qorxu və böhtan xarakterli və ya zorakılığa çağıran çıxışlar etməmək və bu cür materialları yaymamaq;
    • seçicilərə mükafat təqdim etməmək, onları cəza ilə hədələməmək;
    • dövlət resurslarından, bələdiyyə və digər ictimai resurslardan Seçki Məcəlləsi ilə nəzərdə tutulmamış hallarda istifadə etməmək;
    • təzyiq göstərmək və ya bəxşiş təkilf etmək yolu ilə və ya digər qanunazidd üsullarla seçiciləri səs verməyə, səsvermədən çəkindirməyə sövq etməmək;
    • təzyiq göstərmək  və ya bəxşiş təklif etmək yolu ilə və ya digər qanunazidd üsullarla seçiciləri referendum üzrə təşviqat qruplarında iştirak etməyə və iştirak etməməyə, öz namizədliklərini irəli sürməyə və ya irəli sürməməyə, namizədliklərini geri götürməyə və ya geri götürməməyə, seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etməyə və ya iştirak etməməyə məcbur etməmək;
    • heç bir vəzifəli şəxsin referenduma çıxarılan məsələnin, namizədin dəstəklənməsinə yönəldilən köməyindən və ya fəaliyyətindən istifadə etməmək.

         II. Səlahiyyətli nümayəndənin hüquq və vəzifələri

2.1. Namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun və referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin aşağıdakı hüquqları vardır:
2.1.1. namizədin qeydə alınması üçün seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etmək;
2.1.2. imza vərəqələrinin Mərkəzi Seçki Komissiyasına verilməsi barədə yazılı arayış almaq və imzaların yoxlanılmasında iştirak etmək;
2.1.3. imza vərəqələrinin yoxlanmasının nəticələri haqqında protokolun surətini almaq;
2.1.4. namizədin qeydə alınması barədə qərarın surətini həmin qərarın qəbul edildiyi gündən etibarən 1 gün müddətində almaq;
2.1.5. namizədin qeydə alınması üçün təqdim olunan seçki sənədlərində yol verilmiş və aradan qaldırılması mümkün olan səhvlər barəsində 24 saat müddətində xəbərdar edilmək və həmin səhvləri düzəltmək;
2.1.6. dairə seçki komissiyalarından hüdudları, ünvanları və telefonları göstərilməklə seçki məntəqələrinin, məntəqə seçki komissiyalarının siyahısını və səsvermə yerlərinin ünvanlarını əldə etmək ;
2.1.7.   qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyalar bloku, referendum üzrə təşviqat qrupu üçün efir vaxtının ayrılması və seçkiqabağı təşviqat materiallarının dərc edilməsi tarixinin müəyyənləşdirilməsi məqsədilə keçirilən puşkatmada iştirak etmək;
2.1.8.  seçkiqabağı təşviqat materiallarının ödənişli əsaslarla dərc edilməsi ilə bağlı dövri nəşrlərin redaksiyalarına müraciət etmək;
2.1.9. seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün ayrılmış yerlərin siyahısını müvafiq seçki komissiyasından almaq;

Qeyd: siyasi partiyalar, siyasi partiyaların bloku və referendum üzrə təşviqat qrupu tərəfindən maliyyə hesabatının verilməsi vəzifəsi onların maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin üzərinə qoyulur. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə fəaliyyəti dövründə 3 dəfə – imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına təqdim edərkən, səsvermə gününə ən geci 10 gün qalmış və seçkinin nəticələrinin rəsmi dərc edildiyi gündən ən geci 10 gün sonra hesabat verməlidir.

2.1.10. müşahidəçi qismində seçkilərin gedişini izləmək; 
2.1.11. seçici siyahıları ilə tanış olmaq;
2.1.12. səsvermə günü istədiyi vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq;
2.1.13. seçicilərin barmaqlarının mürəkkəblənməsini və ultrabənövşəyi lampalarla yoxlanılmasını müşahidə etmək;
2.1.14. seçki bülletenlərinin seçicilərə verilməsini müşahidə etmək;
2.1.15. səsvermə yerindən kənarda seçicilərin səs verməsini müşahidə etmək;
2.1.16. seçicilərin sayını hesablamaq, seçki bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək;
2.1.17. müşahidənin nəticələrinin seçki komissiyasının protokoluna əlavə olunmasını tələb etmək;
2.1.18. seçki komissiyasının qanuni fəaliyyətinə mane olmadan, müşahidə aparmağı təmin edən şəraitdə və maneəsiz müşahidə aparmağa imkan verən məsafədən seçicilərin səslərinin hesablanmasına, seçicilərin səsləri hesablanarkən doldurulmuş və ya doldurulmamış hər bir seçki bülleteninə səsin etibarlılığını yoxlamaq məqsədilə baxmaq, səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları (ümumi yekunları) haqqında seçki komissiyasının protokolu və digər seçki sənədləri ilə tanış olmaq;
2.1.19. səslərin  paralel hesablanmasında iştirak etmək;
2.1.20. səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə, o olmadıqda isə onu əvəz edən şəxsə müraciət etmək;
2.1.21. seçki komissiyalarının sənədlərinin, o cümlədən səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları haqqında protokolların, səsvermə günü seçki komissiyasının işə başladığı və seçki qutularının kilidləndiyi andan seçki komissiyaları tərəfindən səsvermənin nəticələri haqqında protokolların qəbul edilməsinədək seçki komissiyaları tərəfindən tərtib edilmiş və ya onlara əlavə olunmuş qoşma sənədlərin təsdiqlənmiş surətlərinin bir nüsxəsini haqq ödənilmədən çıxarmaq və ya almaq, əlavə nüsxələri Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqq ödənilməklə çıxarmaq və ya almaq;

Qeyd: müşahidə edənin tələbi ilə seçki komissiyası adı çəkilən sənədlərin surətlərini təsdiq etməlidir.

2.1.22. səsvermədə iştirak edən şəxslərin siyahısı ilə tanış olmaq;
2.1.23. müvafiq seçki komissiyalarında seçicilərin səslərinin təkrar hesablanmasını müşahidə etmək;
2.1.24. seçki sənədlərinin dairə seçki komissiyasına və Mərkəzi Seçki Komissiyasına göndərilməsini müşahidə etmək;
2.1.25. müvafiq seçki komissiyasının qərarından, onun vəzifəli şəxslərinin hərəkət və ya hərəkətsizliyindən məhkəməyə müraciət etmək;
2.1.26. qanunla qadağan edilməyən digər hərəkətlər (hərəkətsizlik) etmək.

Qeyd: səlahiyyətli nümayəndə müşahidəni aparan zaman müşahidənin aparılması prinsiplərinə (bir namizədin və ya siyasi partiyanın mənafeləri naminə seçki prosesinə təsir göstərilməməsi, müşahidə edilən hərəkətlərə aid olan bütün halların və faktların nəzərə alınması, müşahidənin açıq aparılması, müşahidənin yekunlarının faktlara əsaslanması) hökmən əməl etməlidir. Aşkar etdiyi faktları müəyyən olunmuş qaydada (buna dair müvafiq akt tərtib etməklə) rəsmiləşdirməli, imkan daxilində həmin faktların rəsmiləşdirilməsinə maraqlı şəxslərin diqqətini cəlb etməlidir. Seçki prosesində aşkarlığın təmin edilməsi, ehtimal edilən pozuntuların qarşısının alınması və baş vermiş pozuntuların nəticələrinin aradan qaldırılmasının təmin edilməsi məqsədilə həmin halların müvafiq komissiyanın nəzərinə çatdırılmasının məqsədəmüvafiqliyi daim diqqətdə saxlanılmalıdır.

2.2. Namizədin, siyasi partiyanın, siyasi partiyalar bloklarının və referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinə  aşağıdakı hərəkətləri etmək qadağandır:
2.2.1. seçkiyə təsir etmək məqsədilə seçki kampaniyasının gedişində xeyriyyə fəaliyyəti ilə məşğul olmaq;
2.2.2. seçkilərə təsir etmək məqsədilə digər fiziki və hüquqi şəxslərə maddi və maliyyə yardımı etmək, seçicilərə və təşkilatlara maliyyə yardımı, maddi yardım və ya xidmət göstərmək təklifi ilə müraciət etmək;
2.2.3. səlahiyyətli nümayəndə teleradio verilişləri və  kütləvi informasiya vasitələri redaksiyalarında işləyən jurnalist və yaradıcı işçi olduğu halda, seçkilərin gedişini kütləvi informasiya vasitəsilə işıqlandırmaq;
2.2.4. dövlət və bələdiyyə orqanlarında müəyyən vəzifə tutan səlahiyyətli nümayəndələrin seçkilərin gedişi zamanı öz vəzifə və xidməti mövqelərindən istifadə etmək;
2.2.5. seçicilərə seçki bülletenləri vermək;
2.2.6. seçiciyə necə səs verəcəyi və necə səs verdiyi haqqında sual vermək;
2.2.7. seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteni alınması haqqında imza etmək;
2.2.8. seçicinin xahişi ilə seçki bülletenini doldurmaq;
2.2.9. seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri ilə birlikdə seçki bülletenlərinin hesablanmasında birbaşa iştirak etmək;
2.2.10. seçki komissiyalarının işinə maneə törədən hərəkətlər etmək;
2.2.11. seçicilər arasında təşviqat aparmaq;
2.2.12. bu və ya digər namizədin, siyasi partiyanın (referenduma çıxarılan sualın) dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi qiymətləndirilə bilən hərəkətlər və ya çağırışlar etmək;
2.2.13. müvafiq seçki komissiyasının qərarlarının qəbul olunmasına müdaxilə etmək;
2.2.14. seçicilərin barmaqlarını mürəkkəblə işarələmək və ya ultrabənövşəyi lampa ilə seçicilərin barmaqlarının işarələnib                         -işarələnmədiyini yoxlamaq;
2.2.15. seçicilərin suallarına cavab vermək (öz statusu ilə bağlı suallar istisna olmaqla);
2.2.16. qanunla qadağan edilən digər hərəkətlər (hərəkətsizlik) etmək.

Qeyd: 1. Müşahidənin yekunlarına dair tərtib edilən  rəylər müvafiq komissiyaların sədrlərinə təqdim edildikdə, həmin rəy səsvermənin nəticələri və ya seçkilərin ümumi yekunları haqqında protokola əlavə edilməlidir.
            2. Səsvermə günü səsvermə otağında olan və seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə edən şəxslərin siyahısı məntəqə seçki komissiyasının katibi tərəfindən aparılır.

III.  Səlahiyyətli nümayəndənin (maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin) səlahiyyət müddəti və səlahiyyətlərinə xitam verilməsi qaydası

3.1. Namizədin, siyası partiyanın, siyasi partiyalar blokunun və referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin səlahiyyət müddəti onların təyin edildiyi vaxtdan başlanır və seçkilərin (referendumun) ümumi nəticələrinin rəsmi dərc edildiyi gündən gec olmayaraq başa çatır.
3.2. Zəruri olan imzaların toplanmasının təşkil edilməsi məqsədilə, habelə referendum üzrə təşviqat qrupu adından Seçki Məcəlləsi ilə müəyyən edilmiş hərəkətlərin həyata keçirilməsi məqsədilə təyin edilmiş referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsinin səlahiyyətləri müvafiq olaraq həmin qrupun qərarı ilə referendum üzrə təşviqat qrupunun qeydə alınmasından sonra da saxlanıla bilər.  
3.3. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku və referendum üzrə təşviqat qrupu  müvafiq seçki komissiyasını xəbərdar etməklə, səlahiyyətli nümayəndələrini istənilən vaxt geri çağıra və onların əvəzinə başqalarını təyin edə bilər. Belə xəbərdarlıq olduqda, müvafiq seçki komissiyası geri çağırılan səlahiyyətli nümayəndənin lövhəciyini etibarsız sayır.
3.4. Səlahiyyətli nümayəndə qeydə alınmış namizədi, habelə siyasi partiyanı, siyasi partiyaların blokunu və referendum üzrə təşviqat qrupunu  xəbərdar etməklə, ona verilmiş lövhəciyi istənilən vaxt öz təşəbbüsü ilə  müvafiq seçki komissiyasına qaytararaq, səlahiyyətlərindən imtina edə bilər. 
3.5. Səlahiyyətli nümayəndənin səlahiyyətlərinə qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda və qaydada da xitam verilə bilər.

 

Əlavə 1
Əlavə 1"A"
Əlavə 2
Əlavə 2"A"
Əlavə 3
Əlavə 3"A"
Əlavə 3"B"
Əlavə 3"C"
Əlavə 3"Ç"
Əlavə 3"D"
Əlavə 3"E"
Əlavə 3"Ə"
Əlavə 3"F"
Əlavə 4
Əlavə 4"A"
Əlavə 4"B"
Əlavə 4"C"
Əlavə 4"Ç"
Əlavə 4"D"
Əlavə 4"E"
Əlavə 4"Ə"
Əlavə 4"F"
Əlavə 4"G"
Əlavə 4"Ğ"

Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası