Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 18 iyul 2008-ci
il tarixli 7/27-1 saylı Qərarı ilə təsdiq
edilmişdir.
Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda)
vəkil edilmiş şəxslərin statusu haqqında
T Ə L İ M A T
Vəkil edilmiş şəxslərin statusu Azərbaycan Respublikası
Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 72-ci, 152-ci, 186-cı, 220-ci maddələrinə və bu Təlimata əsasən müəyyənləşdirilir.
Deputatlığa qeydə alınmış namizədin 10, prezidentliyə namizədin 50, bələdiyyə üzvlüyünə qeydə alınmış namizədin isə 3-ə qədər vəkil edilmiş şəxsi ola bilər.
I. Vəkil edilmiş şəxslərin təyin edilməsi qaydası və fəaliyyətinin əsasları
1.1. Vəkil edilmiş şəxs təyin edilərkən, Seçki Məcəlləsinin 74.4.2-ci və 90.2-ci maddələrinin tələbləri mütləq nəzərə alınmalıdır.
Qeyd: Seçki Məcəlləsinin 74.4.2-ci maddəsinin tələbinə əsasən öz vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslərin, dövlət və bələdiyyə qulluqçularının, hərbi qulluqçuların, eləcə də seçki komissiyalarının, seçki komissiyalarının həlledici səs hüquqlu üzvlərinin və digər vəzifəli şəxslərin seçkiqabağı təşviqat aparması, seçkiqabağı hər hansı təşviqat materiallarını yayması qadağandır.
Seçki Məcəlləsinin 90.2-ci maddəsinə görə isə aşağıdakı subyektlərə seçkiqabağı təşviqat aparmaq qadağandır:
- xarici dövlətlərə və xarici hüquqi şəxslərə;
- Seçki Məcəlləsinin 77.1-ci maddəsində göstərilənlər istisna olmaqla, dövlətə məxsus teleradio verilişləri təşkilatlarına;
- xarici vətəndaşlara;
- vətəndaşlığı olmayan şəxslərə;
- 18 yaşına çatmamış vətəndaşlara;
- seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə Azərbaycan Respublikasının hüquqi şəxslərinin nizamnamə kapitalında xarici dövlətlərin, xarici vətəndaşların və ya vətəndaşlığı olmayan şəxslərin iştirak (mülkiyyət) payı 30 faizdən çox olarsa, Azərbaycan Respublikasının hüquqi şəxslərinə;
- beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara;
- dövlət hakimiyyəti orqanlarına və bələdiyyə qurumlarına;
- dövlət, bələdiyyə təşkilatlarına və idarələrinə;
- seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə nizamnamə kapitalında dövlətin və ya bələdiyyənin iştirak payı 30 faizdən artıq olan hüquqi şəxslərə;
- hərbi hissələrə;
- xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə və təşkilatlara;
- öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslərə.
1.2. Namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun vəkil edilmiş şəxsləri müvafiq olaraq namizədin ərizəsi, siyasi partiyanın, bloka daxil olan siyasi partiyaların qurultayı, konfransı və ya rəhbər orqanı iclasının və ya siyasi partiyaların nümayəndələrinin birgə iclasının qərarı, referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxsləri isə həmin qrupun iclasının qərarı ilə təyin edilirlər.
Siyasi partiyanın, siyasi partiyalar blokunun vəkil edilmiş şəxsləri öz funksiyalarını onların səlahiyyətini, soyadını, adını, atasının adını, doğum tarixini, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsini, yaşayış yerinin ünvanını, əsas iş və ya xidmət yerini, tutduğu vəzifəsini (bu olmadıqda – fəaliyyət növünü) əks etdirən həmin qərar əsasında, namizədin və referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxsləri isə namizəd və qrup tərəfindən onlara verilmiş vəkalətnamə əsasında həyata keçirirlər.
1.3. Vəkil edilmiş şəxslərin təyin edilməsi barədə qeydə
alınmış namizədin yazılı ərizəsi və ya siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxslərinin lövhəciklə təmin olunması barədə təqdimatı (Təlimata 1, 2 və 2a saylı əlavələr), o cümlədən siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu tərəfindən təyin edilən vəkil edilmiş şəxslərin hər birinin razılıq ərizələrinin (Təlimata 3 və 3a saylı əlavələr) daxil olduğu gündən başlayaraq 3 gün müddətində həmin şəxslər müvafiq olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) və ya dairə seçki (referendum) komissiyası (bundan sonra – dairə seçki komissiyası) tərəfindən qeydə alınırlar (ərizəyə və razılıq ərizələrinə 3x4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil əlavə edilməlidir).
Vəkil edilmiş şəxslərin təyin edilməsi barədə müraciətin təmin olunmasından yalnız ərizədə göstərilmiş məlumatlar düzgün olmadıqda imtina edilə bilər.
1.4. Ərizədə və ya təqdimatda vəkil edilmiş hər bir şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü), yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi göstərilir.
1.5. Müvafiq seçki komissiyası vəkil edilmiş şəxsə onun statusunu müəyyən etməyə imkan verən, soyadı, adı, atasının adı göstərilmiş və fotoşəkli olan lövhəcik verir (Təlimata 4, 4a, 5, 5a, 6, 6a, 7 saylı əlavələr). Səsvermə günü səsvermə otağında olarkən vəkil edilmiş şəxsin lövhəciyi onun üzərində olmalıdır.
1.6. Siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun təyin etdikləri vəkil edilmiş şəxslərin siyahıları (Təlimata 8 saylı əlavə) müvafiq seçki komissiyasına təqdim edilir.
Siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu tərəfindən təyin olunmuş vəkil edilmiş şəxslərin siyahısında bu şəxslərin hər birinin soyadı, adı, atasının adı, doğum tarixi, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi, yaşayış yerinin ünvanı, əsas iş və ya xidmət yeri, vəzifəsi (bu olmadıqda – fəaliyyət növü), telefon nömrəsi göstərilməlidir. Müvafiq seçki komissiyasına təqdim edilmiş siyahıya hər bir şəxsin vəkil olmağa razılığı barədə yazılı ərizəsi əlavə edilməlidir.
QEYD: seçkilərin (referendumun) digər iştirakçıları kimi vəkil edilmiş şəxslər də Seçki Məcəlləsinin 2.6-cı maddəsində göstərilən aşağıdakı şərtlərə riayət etməlidirlər:
- mətbuat azadlığına hörmət bəsləmək;
- öz peşə fəaliyyəti ilə məşğul olan kütləvi informasiya vasitələri nümayəndələrinin işinə mane olmamaq, namizədlərin, partiyaların (siyasi partiyalar bloklarının) seçki (referendum) kampaniyalarına müdaxilə etməmək və onu pozmamaq;
- seçkiqabağı təşviqat materiallarının yayılmasına mane olmamaq;
- seçkiqabağı (referendumqabağı) təşviqat plakatlarını və digər bu cür təşviqat materiallarını məhv etməmək və korlamamaq;
- seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olmamaq;
- seçkilərin (referendumun) azad, sərbəst, dinc və mütəşəkkil keçirilməsi üçün seçki (referendum) orqanları ilə və onların vəzifəli şəxsləri ilə əməkdaşlıq etmək;
- seçicilərin öz iradəsini azad və sərbəst bildirməsinə maneçilik törətməmək;
- səlahiyyətli şəxslərə və müşahidəçilərə hörmət bəsləmək və onlarla əməkdaşlıq etmək;
- səsvermənin gizliliyini saxlamaq və saxlanılmasına kömək göstərmək;
- seçiciləri qeyri-qanuni hərəkətlərlə öz tərəfinə çəkməmək;
- seçki (referendum) komissiyalarının fəaliyyətlərinə əsassız müdaxilə etməmək, səslərin verilməsi və ya səslərin hesablanması prosesini pozmamaq;
- seçkilərin (referendumun) qanuni təsdiqlənmiş nəticələrinə hörmət etmək, seçkilərlə (referendumla) bağlı hər bir şikayəti səlahiyyətli orqana təqdim etmək və həmin orqanın bu şikayətlə bağlı qərarına riayət etmək;
- hədə-qorxu və böhtan xarakterli və ya zorakılığa çağıran çıxışlar etməmək və bu cür materialları yaymamaq;
- seçicilərə mükafat təqdim etməmək, onları cəza ilə hədələməmək;
- dövlət resurslarından, bələdiyyə və digər ictimai resurslardan Seçki Məcəlləsi ilə nəzərdə tutulmamış hallarda istifadə etməmək;
- təzyiq göstərmək və ya bəxşiş təkilf etmək yolu ilə və ya digər qanunazidd üsullarla seçiciləri səs verməyə, səsvermədən çəkindirməyə sövq etməmək;
- təzyiq göstərmək və ya bəxşiş təklif etmək yolu ilə və ya digər qanunazidd üsullarla seçiciləri referendum üzrə təşviqat qruplarında iştirak etməyə və iştirak etməməyə, öz namizədliklərini irəli sürməyə və ya irəli sürməməyə, namizədliklərini geri götürməyə və ya geri götürməməyə, seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etməyə və ya iştirak etməməyə məcbur etməmək;
- heç bir vəzifəli şəxsin referenduma çıxarılan məsələnin, namizədin dəstəklənməsinə yönəldilən köməyindən və ya fəaliyyətindən istifadə etməmək.
II. Vəkil edilmiş şəxslərin hüquq və vəzifələri
2.1. Namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun və referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxslərinin aşağıdakı hüquqları vardır:
2.1.1. qeydə alınmış namizədin seçkiqabağı təşviqat kampaniyasında iştirak etmək;
2.1.2. qeydə alınmış namizədin seçicilərlə görüşlərinin keçirilməsi üçün yer ayrılması barədə müvafiq icra hakimiyyəti orqanlarına ərizə ilə müraciət etmək;
2.1.3. seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün ayrılmış yerlərin siyahısını dairə seçki komissiyasından almaq;
2.1.4. seçici siyahıları ilə tanış olmaq;
2.1.5. səsvermə günü istədiyi vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq;
2.1.6. seçki bülletenləri verilməzdən əvvəl ultrabənövşəyi lampadan istifadə etməklə seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsini müşahidə etmək;
2.1.7. seçicilərə seçki bülletenlərinin verilməsini müşahidə etmək;
2.1.8. səsvermə yerindən kənarda seçicilərin səs verməsini müşahidə etmək;
2.1.9. seçicilərin sayını hesablamaq, seçki bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək;
2.1.10. müşahidənin nəticələrinin seçki komissiyasının protokoluna əlavə olunmasını tələb etmək;
2.1.11. seçki komissiyasının qanuni fəaliyyətinə maneə törətmədən müşahidə aparmağı təmin edən şəraitdə və müəyyən məsafədən (müşahidənin maneəsiz aparılmasına imkan verən məsafə) seçicilərin səslərinin hesablanmasına, seçicilərin səsləri hesablanarkən doldurulmuş və ya doldurulmamış hər bir seçki bülleteninə səsin etibarlığını yoxlamaq məqsədilə baxmaq, səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları (ümumi yekunları) haqqında seçki komissiyasının protokolu ilə və digər sənədlərlə tanış olmaq;
2.1.12. səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə, o olmadıqda isə onu əvəz edən şəxsə müraciət etmək;
2.1.13. seçki komissiyalarının sənədlərinin, o cümlədən səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları haqqında protokolların, səsvermə günü seçki komissiyasının işə başladığı və seçki qutularının kilidləndiyi andan seçki komissiyaları tərəfindən səsvermənin nəticələri haqqında protokolların qəbul edilməsinədək seçki komissiyaları tərəfindən tərtib edilmiş və ya onlara əlavə olunmuş qoşma sənədlərin təsdiqlənmiş surətlərinin bir nüsxəsini haqq ödənilmədən çıxarmaq və ya almaq, əlavə nüsxələri Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqq ödənilməklə çıxarmaq və ya almaq;
Qeyd: müşahidə edənin tələbi ilə seçki komissiyası adı çəkilən sənədlərin surətlərini təsdiq etməlidir.
2.1.14. səsvermədə iştirak edən şəxslərin siyahısı ilə tanış olmaq; 2.1.15. müvafiq seçki komissiyalarında seçicilərin səslərinin təkrar hesablanmasını müşahidə etmək;
2.1.16. seçki sənədlərinin yuxarı seçki komissiyalarına göndərilməsini müşahidə etmək;
2.1.17. seçki komissiyalarında seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə etmək;
2.1.18. səsvermənin nəticələrinin və seçkilərin (referendumun) yekunlarının müəyyənləşdirilməsini müşahidə etmək;
2.1.19. səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları (ümumi yekunları) haqqında protokolun tərtib olunmasını müşahidə etmək;
2.1.20. səslərin hesablanmasını və ya yenidən hesablanmasını müşahidə etmək;
2.1.21. səslərin paralel sayılmasında iştirak etmək;
2.1.22. səsvermənin nəticələrinə dair məntəqə seçki komissiyası protokolunun 1-ci nüsxəsinin dairə seçki komissiyasına göndərilməsini müşahidə etmək;
2.1.23. qanunla qadağan edilməyən digər hərəkətlər (hərəkətsizlik) etmək.
Qeyd:vəkil edilmiş şəxs müşahidəni aparan zaman müşahidənin aparılması prinsiplərinə (bir namizədin və ya siyasi partiyanın mənafeləri naminə seçki prosesinə təsir göstərilməməsi, müşahidə edilən hərəkətlərə aid olan bütün halların və faktların nəzərə alınması, müşahidənin açıq aparılması, müşahidənin yekunlarının faktlara əsaslanması) hökmən əməl etməlidir. Aşkar etdiyi faktları müəyyən olunmuş qaydada (buna dair müvafiq akt tərtib etməklə) rəsmiləşdirməli, imkan daxilində həmin faktların rəsmiləşdirilməsinə maraqlı şəxslərin diqqətini cəlb etməlidir. Seçki prosesində aşkarlığın təmin edilməsi, ehtimal edilən pozuntuların qarşısının alınması və baş vermiş pozuntuların nəticələrinin aradan qaldırılmasının təmin edilməsi məqsədilə həmin halların müvafiq komissiyanın nəzərinə çatdırılmasının məqsədəmüvafiqliyi daim diqqətdə saxlanılmalıdır.
2.2. Namizədin, siyasi partiyanın, siyasi partiyalar bloklarının və referendum üzrə təşviqat qruplarının vəkil edilmişşəxsləri tərəfindən aşağıdakı hərəkətlərin edilməsi qadağandır:
2.2.1. dövlət və bələdiyyə orqanlarında müəyyən vəzifə tutan vəkil
edilmiş şəxslərin seçkilərin gedişi zamanı öz vəzifə və xidməti
mövqelərindən istifadə etməsi;
2.2.2. səsvermə günü seçki komissiyası üzvlərinin öz səlahiyyətlərini həyata keçirməsinə mane olmaq, seçiciləri bu və ya digər namizədə səs verməyə məcbur etmək;
2.2.3. seçicilərə seçki bülletenləri vermək;
2.2.4. seçiciyə necə səs verəcəyi və ya necə səs verdiyi barədə suallar vermək;
2.2.5. seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteninin alınması haqqında imza etmək;
2.2.6. seçicinin xahişi ilə seçki bülletenini doldurmaq;
2.2.7. bu və ya digər namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun dəstəklənməsinə yönəldilən və dəstəklənməsi kimi qiymətləndirilə bilən hərəkətlər və çağırışlar etmək;
2.2.8. seçki komissiyalarının işinə maneə törədən hərəkətlər etmək;
2.2.9. qanunla təşviqat aparılmasının qadağan olunduğu dövrdə (səsvermə günü və ondan əvvəlki gün) seçicilər arasında təşviqat aparmaq;
2.2.10. müvafiq seçki komissiyasının qərarlarının qəbul olunmasına müdaxilə etmək;
2.2.11.seçicilərin suallarına cavab vermək (öz statusu ilə bağlı suallar istisna olmaqla);
2.2.12. qanunla qadağan edilən digər hərəkətlər (hərəkətsizlik) etmək.
Qeyd: 1. Müşahidənin yekunlarına dair tərtib edilən rəylər müvafiq komissiyaların sədrlərinə təqdim edildikdə, həmin rəy səsvermənin nəticələri və ya seçkilərin ümumi yekunları haqqında protokola əlavə edilməlidir.
2. Səsvermə günü səsvermə otağında olan və seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə edən şəxslərin siyahısı məntəqə seçki komissiyasının katibi tərəfindən aparılır.
III. Vəkil edilmiş şəxslərin səlahiyyət müddəti və səlahiyyətlərinə xitam verilməsi qaydası
3.1. Vəkil edilmiş şəxslərin səlahiyyətləri müvafiq seçki komissiyasının onları qeydə aldığı gündən başlanır və seçkilərin (referendumun) ümumi nəticələrinin rəsmi dərc edilməsi günündən gec olmayaraq, habelə Seçki Məcəlləsinin pozulması barədə şikayət üzrə məhkəmə araşdırması gedirsə, məhkəmənin yekun qərarının qəbul edilməsi günündən gec olmayaraq, həmin Məcəllənin 72.4-cü maddəsində göstərilən hallar istisna olunmaqla, təmsil etdikləri namizədlərin (referendum üzrə təşviqat qruplarının), siyasi partiyanın və ya siyasi partiyalar blokunun statusunun itirilməsi ilə başa çatır.
3.2. Qeydə alınmış namizəd, namizədi qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu müvafiq seçki komissiyasını xəbərdar etməklə, vəkil edilmiş şəxsləri istənilən vaxt geri çağıra və onların əvəzinə başqalarını təyin edə bilər. Bu barədə qəbul edilmiş qərarın surəti müvafiq seçki komissiyasına göndərilməlidir. Belə xəbərdarlıq olduqda, vəkil edilmiş şəxsə verilmiş löhvəcik etibarsız sayılır.
3.3. Vəkil edilmiş şəxs onu təyin edən subyekti xəbərdar etməklə, ona verilmiş löhvəciyi istənilən vaxt öz təşəbbüsü ilə müvafiq seçki komissiyasına qaytararaq səlahiyyətlərindən imtina edə bilər.
3.4. Vəkil edilmiş şəxslərin səlahiyyətlərinə qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda və qaydada da xitam verilə bilər.
|