. : TƏLİMATLAR

Razılaşdırılmışdır:
Azərbaycan Respublikası
Milli Bankı İdarə Heyətinin
sədri E.S.RÜSTƏMOV

Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 4 iyul 2008-ci
il tarixli 6/23-9 saylı Qərarı ilə təsdiq
edilmişdir.
Mərkəzi Seçki Komissiyasının
sədri M.M.PƏNAHOV

Azərbaycan Respublikasının Prezidenti seçkilərinin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında

T Ə L İ M A T

1.      Azərbaycan Respublikasının Prezidenti seçkilərinin hazırlanması və keçirilməsi, seçki komissiyalarının səlahiyyət müddətində onların fəaliyyətinin təmin edilməsi xərcləri dövlət büdcəsi hesabına həyata keçirilir.
2.      Seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılmış büdcə vəsaitinin uçotu seçki komissiyaları tərəfindən aparılır. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) onun sərəncamına daxil olan pul vəsaitinin tamhüquqlu sərəncamçısıdır. Mərkəzi Seçki Komissiyasına daxil olmuş pul vəsaitləri səsvermə gününə ən geci 45 gün qalmış  dairə seçki komissiyalarına köçürülür, onlar isə öz növbəsində bu vəsaiti səsvermə gününə ən geci 10 gün qalmış məntəqə seçki komissiyaları arasında bölüşdürür.
3.      Prezidentliyə namizədlərin qeydiyyatı başa çatdıqdan sonra ən geci 3 gün müddətində prezidentliyə namizədlərə Mərkəzi Seçki Komissiyası tərəfindən bərabər həcmdə vəsait ayrılır.
4.      Prezidentliyə namizədlərin seçki fonduna vəsaitin daxil olması və xərclənməsi Azərbaycan Respublikasının Seçki Məcəlləsi (bundan sonra – Seçki Məcəlləsi) ilə və “Azərbaycan Respublikası Prezidentlinin seçkilərində seçki fondlarına vəsaitin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı qaydaları haqqında” Təlimatla tənzimlənir.
5.      Pul vəsaitləri seçki komissiyaları arasında hər bir ərazinin inzibati və sosial-iqtisadi göstəriciləri nəzərə alınmaqla bölüşdürülür.
6.      Seçki komissiyalarının sədrləri müvafiq seçki komissiyalarına ayrılmış pul vəsaitlərinin sərəncamçılarıdırlar və seçkilərin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi ilə əlaqədar məsələlərin komissiyaların iclasında müzakirə edilməsi, maliyyə sənədlərinin seçki komissiyasının qərarlarına uyğunluğu, məsrəflər haqqında maliyyə hesabatlarının Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə təqdim edilməsi üçün şəxsən məsuliyyət daşıyırlar.
7.      Seçki komissiyaları tərəfindən xərclənməmiş dövlət vəsaiti seçki günündən ən geci 60 gün keçənədək dairə və məntəqə seçki komissiyalarının hesabından Mərkəzi Seçki Komissiyasının hesabına köçürülür və onun hesabında qalır. Bu vəsaitlər üzrə əməliyyatlar “Azərbaycan Respublikasının Büdcə sistemi haqqında” Qanunun 19.5-ci maddəsinin tələbləri gözlənilməklə həyata keçirilir.
8.      Seçkilərin hazırlanması və keçirilməsi üçün dairə və məntəqə seçki komissiyalarına ayrılmış büdcə vəsaitinin uçotu Mərkəzi Seçki Komissiyası  tərəfindən   maliyyə   hesabatı   formalarına  uyğun  olaraq  ayrı -ayrılıqda aparılır.
9.      Dairə seçki komissiyaları dairə və məntəqə seçki komissiyalarının seçkilərlə bağlı təsdiq olunmuş smetalarına uyğun surətdə həyata keçirilmiş xərclərin icrasının uçotunu hər bir xərc maddəsi üzrə aparır.
10.    Mərkəzi Seçki Komissiyasının, dairə və məntəqə seçki komissiyalarının maliyyə hesabatları Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş idarələrin xərclər smetasının icrası haqqında 2 nömrəli hesabat formasına uyğun tərtib olunur.
11.    Məntəqə seçki komissiyaları dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə dairə seçki komissiyasına səsvermə günündən sonra 5 gün müddətində bu Təlimatın 1 saylı əlavəsinə uyğun olaraq maliyyə hesabatı təqdim edir. Hesabat komissiyanın iclasında müzakirə edildikdən sonra məntəqə seçki komissiyasının sədri tərəfindən təsdiq edilir.
12.    Dairə seçki komissiyası dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə Mərkəzi Seçki Komissiyasına səsvermə günündən sonra 10 gün müddətində bu Təlimatın 1 saylı əlavəsinə uyğun olaraq maliyyə hesabatı təqdim edir. Hesabat komissiyanın iclasında müzakirə edildikdən sonra dairə seçki komissiyasının sədri tərəfindən təsdiq edilir.
13.    Dairə seçki komissiyası seçkilərin nəticələrinin rəsmi dərc edildiyi tarixdən başlayaraq ən geci 10 gün müddətində bu Təlimatın 1 saylı əlavəsinə uyğun olaraq məntəqə seçki komissiyalarının icmal hesabatlarını və dairə seçki komissiyalarının hesabatlarını komissiyanın sədri və yerli xəzinədarlıq idarəsinin rəhbərliyi tərəfindən təsdiq olunmaqla, Mərkəzi Seçki Komissiyasına təqdim edir.
14.    Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Prezidentinə, Milli Məclisə və kütləvi informasiya vasitələrinə büdcə vəsaitlərinin istifadəsi, namizədlərin, qeydə alınmış namizədlərin seçki fondlarının vəsaitinin xərclənməsi barədə seçkilərin ümumi nəticələrinin rəsmi dərci günündən sonra 3 ay müddətində məlumat təqdim edir. Göstərilən maliyyə hesabatı və məlumatlar Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edildiyi gündən başlayaraq 1 ay müddətində Mərkəzi Seçki Komissiyasının rəsmi mətbuat orqanında dərc edilməlidir.

Əlavə 1


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası