27 may 2003-cü il tarixdə Azərbaycan Respublikasının Seçki Məcəlləsi qəbul edildikdən sonra Azərbaycan Respublikasında seçki münasibətləri həmin qanunla tənzimlənməyə başlayaraq qüvvədə olduğu dövr ərzində ona Azərbaycan Respublikasının 2003-cü il 11 noyabr, 2004-cü il 8 iyun, 12 oktyabr və 30 dekabr, 2005-ci il 4 mart, 14 iyun və 28 iyun, 2007-ci il 16 iyun, 2008-ci il 2 iyun tarixli Qanunları ilə sürətlə inkişaf edən seçki münasibətlərinin nizamlanması zərurətindən irəli gələn bir sıra əlavə və dəyişikliklər edilmişdir.
Qanunvericiliyə edilmiş bəzi əlavə və dəyişikliklər və bir sıra münasibətlərin tənzimlənməsi zərurəti ilə əlaqədar, habelə seçkilərin hazırlanıb həyata keçirilməsi üçün normativ xarakterli aktlar bazasının təkmilləşdirilməsi məqsədilə hazırda bəzi əsasnamə, təlimat və qaydaların qəbul edilməsinə ehtiyac yaranmışdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.3-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
1. Aşağıda göstərilən normativ xarakterli aktlar qəbul edilsin:
- Seçki komissiyalarının seçici siyahıları ilə iş qaydaları haqqında Təlimat (Qərar N 6/23 – 1);
- Seçki komissiyalarına təqdim edilən imza vərəqələrində və digər seçki sənədlərində olan məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə yaradılan işçi qrupu haqqında Əsasnamə (Qərar N 6/23 – 2);
- Azərbaycan Respublikası Prezidentinin seçkilərində vətəndaşların öz təşəbbüsü ilə prezidentliyə namizədliyinin irəli sürülməsi, seçicilərin təşəbbüs qruplarının yaradılması və onlar tərəfindən prezidentliyə namizədin irəli sürülməsi qaydaları haqqında Təlimat (Qərar N 6/23 – 3);
- Azərbaycan Respublikası Prezidentinin seçkilərində siyasi partiyalar blokunun qeydə alınması, namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydası haqqında Təlimat (Qərar N 6/23 – 4);
- Azərbaycan Respublikası Prezidentinin seçkilərində imza toplamaq məqsədilə imza vərəqələrinin verilməsi Qaydaları (Qərar N 6/23 – 5);
- Azərbaycan Respublikası Prezidentinin seckiləri zamanı prezidentliyə namizədin müdafiəsi ücün seçici imzalarının toplanması, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi və namizədin qeydə alınması qaydaları haqqında Təlimat (Qərar N 6/23 – 6);
- Azərbaycan Respublikası Prezidentinin seçkilərində imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması Qaydaları (Qərar N 6/23 – 7);
- Azərbaycan Respublikası Prezidentinin seçkilərində xüsusi seçki hesablarının açılması qaydaları haqqında Təlimat (Qərar N 6/23 – 8);
- Azərbaycan Respublikası Prezidentinin seçkilərinin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat (Qərar N 6/23 – 9);
- Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə namizədlərin, qeydə alınmış prezidentliyə namizədlərin aldıqları pul vəsaitlərinin geri qaytarılması qaydaları haqqında Təlimat (Qərar N 6/23 – 10);
- Azərbaycan Respublikası Prezidentliyinə namizədin gəlirlərinin miqdarı, mənbələri, mülkiyyəti və əmlakları barədə məlumatın təqdim edilməsi Qaydası (Qərar N 6/23 – 11);
- Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki fondlarına vəsaitin daxil olmasının, xərclənməsinin uçotunun aparılması və hesabatı qaydaları haqqında Təlimat (Qərar N 6/23 – 12).
2. Müvafiq seçkilərin hazırlanıb keçirilməsi üçün qəbul edilmiş və eyni münasibətləri tənzim edən normativ xarakterli aktlar qüvvədən düşmüş hesab edilsin.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli