Razılaşdırılmışdır:
Azərbaycan Respublikası
Milli Bankı İdarə Heyətinin
sədri E.S.RÜSTƏMOV
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 4 iyul 2008-ci
il tarixli 6/23-8 saylı Qərarı ilə təsdiq
edilmişdir.
Mərkəzi Seçki Komissiyasının
sədri M.M.PƏNAHOV
Azərbaycan Respublikası Prezidentinin seçkilərində xüsusi seçki hesablarının açılması qaydaları haqqında
TƏLİMAT
Bu Təlimat Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 91-ci maddəsinə əsasən hazırlanıb və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin seçkilərində xüsusi seçki hesablarının açılması qaydalarını müəyyən edir.
1. Seçki Məcəlləsinin 91-ci və 190-cı maddələrinə uyğun olaraq namizədlər və ya onların səlahiyyətli nümayəndələri müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edənədək azı 5 gün müddətində, lakin namizədin qeydiyyatı üçün zəruri olan seçici imzalarının toplanmasına 24 saat qalmışadək seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabı açmalıdırlar.
2. Xüsusi seçki hesabının açılması üçün namizəd və ya onun səlahiyyətli nümayəndəsi aşağıdakı sənədləri müvafiq banka təqdim etməlidir:
a) namizəd özü və ya seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürüldükdə:
- xüsusi seçki hesabının açılması üçün ərizə;
- xüsusi seçki hesabının açılması üçün müraçiət edənin şəxsiyyətini təsdiq edən sənəd;
- Seçki Məcəlləsinin 53.2-ci maddəsinə uyğun olaraq tərtib edilmiş və Mərkəzi Seçki Komissiyasına təqdim olunmuş bildirişin Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş surəti;
- Seçki Məcəlləsinin 53.3-cü maddəsinin tələbinə uyğun olaraq tərtib edilmiş və namizədliyi irəli sürülmüş şəxsin məhkumluğuna, vətəndaşlığına, başqa dövlətlər qarşısında öhdəliyinə dair məlumatlar, habelə prezident seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş ərizə;
- namizədin səlahiyyətli nümayəndəsinin notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnaməsi (əgər səlahiyyətli nümayəndə təyin edilmişdirsə);
- notariat qaydasında təsdiq edilmiş imza nümunəsi vərəqəsi (xüsusi seçki hesabı üzrə əməliyyat aparan şəxsin).
b) namizəd siyasi partiya tərəfindən irəli sürüldükdə yuxarıdakı sənədlərə əlavə olaraq bu sənədləri də təqdim edir:
- siyasi partiyanın dövlət qeydiyyatına alınması haqqında sənədin (şəhadətnamənin) notariat qaydasında təsdiq edilmiş surəti;
- siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
- namizədin irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanı iclasının) qərarı və müvafiq iclasın protokolu;
- siyasi partiyanın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin müəyyən etdiyi qaydada təsdiq edilmiş vəkalətnaməsi;
c) namizəd siyasi partiyalar bloku tərəfindən irəli sürüldükdə “a” bəndində göstərilən sənədlərə əlavə olaraq aşağıdakı sənədlər də təqdim olunur:
- siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların qurultaylarının (konfranslarının, rəhbər orqanı iclasının) namizəd irəli sürmək barədə qərarları ilə birlikdə müvafiq iclasların protokolları;
- siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların nümayəndələri iclasının (qurultayının, konfransının) siyasi partiyaların bloku adından namizəd irəli sürülməsi haqqında qərarı və müvafiq iclasın protokolu;
- siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin müəyyən etdiyi qaydada və ya notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi.
3. Yuxarıda göstərilən sənədlər təqdim edildikdə müvafiq bank namizədə dərhal, lakin 3 gündən artıq olmayan müddətdə xüsusi seçki hesabı açmalıdır. Bütün pul vəsaiti xüsusi seçki hesablarına manatla köçürülür.
4. Xüsusi seçki hesabının vəsaitlərinə sərəncam vermək hüququ namizədin özü, onun təyin etdiyi səlahiyyətli nümayəndə və yaxud namizədlə razılaşdırılmaqla siyasi partiya və ya siyasi partiyalar bloku tərəfindən təyin edilmiş maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə tərəfindən həyata keçirilir.
5. Namizədlər yalnız bir xüsusi seçki hesabı aça bilərlər.
6. Azərbaycan Beynəlxalq Bankından və onun filiallarından başqa digər bank və kredit təşkilatlarında xüsusi seçki hesablarının açılması qadağandır.