. : TƏLİMATLAR

Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 4 iyul 2008-ci
il tarixli 6/23-6 saylı Qərarı ilə təsdiq
edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin seckiləri zamanı
prezidentliyə namizədin müdafiəsi ücün seçici imzalarının toplanması, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına
təqdim edilməsi və namizədin qeydə alınması qaydaları haqqında

T Ə L İ M A T

Azərbaycan Respublikası Prezidentinin seçkiləri zamanı prezidentliyə namizədliyi təsdiq edilmiş şəxsin müdafiəsi üçün seçici imzalarının toplanması, imza vərəqələrinin və digər seçki sənədlərinin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunması və namizədin qeydə alınması qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra         – Seçki Məcəlləsi) 56 – 58-ci, 60-cı, 181-ci və 182-ci maddələri ilə və bu Təlimatla tənzimlənir.

I. Azərbaycan Respublikası Prezidentinin seçkiləri zamanı namizədin müdafiəsi üçün seçici imzalarının toplanması

1.1.  Öz təşəbbüsü ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar və ya siyasi partiyaların blokları tərəfindən irəli sürülən prezidentliyə namizədlərin müdafiəsi məqsədilə seçici imzalarının toplanmasına Mərkəzi Seçki Komissiyası tərəfindən sənədləri təqdim etmiş şəxsə namizədin irəli sürülməsini təsdiq edən qərarın təqdim edildiyi gündən başlanılır.
1.2. Prezidentliyə namizədin müdafiəsi ücün 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 və ümumilikdə 40 mindən az olmayan sayda seçici imzası toplanılmalıdır.  
1.3. İmza vərəqələri Seçki Məcəlləsinin 2 və 2 “A” saylı əlavələrinə uyğun formada Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanır.
1.4. Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağaya əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılması və namizədin qeydə alınmasından imtina üçün əsas ola bilər.
1.5.   Seçici imzalarını prezidentliyə namizədin özü, səlahiyyətli nümayəndələr, habelə Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququ olan hər hansı bir vətəndaşı toplaya bilər. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku seçici imzalarını toplayan şəxslə imza toplanması barədə müqavilə bağlaya bilər. Belə işin haqqı yalnız namizədin seçki fondu hesabına ödənilə bilər.
1.6.   Seçici imzaları tədris müəssisələrində, yaşayış yerlərində, eləcə də qanunla seçkiqabağı təşviqat aparılmasının qadağan edilmədiyi digər yerlərdə toplana bilər.  
1.7.   Azərbaycan Respublikasının aktiv seçki hüququ olan hər bir vətəndaşı prezidentliyə namizədin müdafiəsi üçün imza vərəqəsinə imza etmək hüququna malikdir. Bir seçici yalnız bir namizədin müdafiəsi üçün imza edə bilər.
1.8.    İmza vərəqəsində seçiciyə aid bütün məlumatlar müvafiq qrafalarda mütləq qeyd edilməlidir.
1.9.   Seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasının adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini, imza qoyulması tarixini göstərir. İmza vərəqəsində seçiciyə aid məlumatları imza toplayan şəxs seçicinin razılığı ilə onun əvəzinə doldura bilər (imza istisna olmaqla). İmza etmək hüququ yalnız seçiciyə məxsusdur. Göstərilən məlumatlar əllə yazılır və onların yayılmamasına təminat verilir.
1.10.          Prezidentliyə namizədin müdafiəsi üçün imza edən seçicilərin şəxsiyyətini təsdiqləyən sənədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi müvafiq siyahıda öz əksini tapmışdır.  
1.11. Prezidentliyə namizədin müdafiəsi üçün imza etmək könüllüdür. Seçicinin hər hansı bir vasitə ilə (aldatma, fiziki və ya psixi zor tətbiq etmə, yaxud bu cür zor tətbiq etmək hədəsi ilə seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər-hansı formada mükafatlandırmaq və s.) bu hüququnun realizə olunmasına mane olmaq qadağandır və bu cür hərəkətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
1.12. İmza toplayan şəxs tərəfindən hər bir imza vərəqəsinin yuxarı sol tərəfində seçici imzalarının toplandığı seçki dairəsinin (ərazisinin) adı və nömrəsi göstərilməlidir.         
1.13. Şəxsin özü və ya seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş prezidentliyə namizəd üçün imza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və  namizəd  tərəfindən imzalanır. İmza toplayan şəxs imza vərəqəsinə imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini göstərir.
1.14.          Namizəd siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülübsə, imza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. İmza toplayan şəxs imza vərəqəsində imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini göstərir, müvafiq səlahiyyətli nümayəndə isə soyadını, adını, atasının adını yazır və imza qoyulması tarixini qeyd edir.
1.15.          Namizədin irəli sürülməsinin təşəbbüsçüləri, namizədin və ya siyasi partiyanın, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzalarının sayını hesablayır, seçici imzalarının toplanması haqqında yekun protokolunu (Təlimata 1 saylı əlavə) tərtib edir və imzalayırlar.
1.16. Mərkəzi Seçki Komissiyasına təqdim edilən imza vərəqələri ardıcıl olaraq nömrələnməli və qovluq formasında səhifələnməlidir.    

II. Prezidentliyə namizədin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi

2.1.   Namizədin qeydə alınması üçün namizəd, seçicilərin təşəbbüs qrupunun nümayəndəsi və ya namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 65 və ən azı 40 gün qalmış Mərkəzi Seçki Komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir:
2.1.1.         prezidentliyə namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri;
2.2.2.         seçici imzalarının toplanması haqqında yekun protokolunun 2 nüsxəsi (Təlimata 1 saylı əlavə);
2.2.3.         prezidentliyə namizədin öhdəlik ərizəsindəki namizəd haqqında məlumatlarda dəyişikliklər barədə bildiriş;
2.2.4.         prezidentliyə namizədin seçkilərin təyin edildiyi gündən əvvəlki bir illik dövrü əhatə edən gəlirlərinin miqdarı və mənbələri barədə məlumat;
2.2.5.         gəlirlər barədə məlumatların alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış;
2.2.6.         Seçki Məcəlləsinin 5 saylı əlavəsinə uyğun formada tərtib edilmiş namizədə məxsus əmlak barədə məlumat;
2.2.7.         seçici imzalarının toplanması ücün sərf edilmiş vəsait haqqında məlumatlar da göstərilməklə, namizədin ilkin maliyyə hesabatı.
2.3.   Mərkəzi Seçki Komissiyası imza vərəqələrini bu Təlimatın 2.1-ci bəndində qeyd olunan müddətdə saat 9.00-dan 18.00-dək qəbul edir. Həmin müddətdən sonra təqdim olunan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər qanunla müəyyən edilmiş müddətdə verilmiş müvafiq sənədlərin doğurduğu hüquqi nəticəni yaratmır. Mərkəzi Seçki Komissiyası bu halı öz qərarı ilə rəsmiləşdirməlidir.
2.4.   Mərkəzi Seçki Komissiyası seçki sənədlərini qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu möhürlə təsdiqləyir, təqdim olunmuş imza vərəqələri sayının seçici imzaları toplanmasının yekunu haqqında protokolla uyğunluğunu yoxlayır, sonra isə qəbul edilmiş seçki sənədlərinin, eləcə də imza vərəqələrinin və imza vərəqələrindəki imzaların sayını göstərməklə, sənədlərin qəbulu barədə yazılı arayış verir (Təlimata 2 saylı əlavə). Arayış Mərkəzi Seçki Komissiyasının katibi, imza vərəqələrini və digər seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edən şəxs tərəfindən imzalanır, Mərkəzi Seçki Komissiyasının möhürü ilə təsdiqlənir və bir nüsxəsi seçki sənədlərini təqdim edən şəxsə verilir.

III. Prezidentliyə namizədin Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınması

         3.1.   Mərkəzi Seçki Komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 10 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Siyasi partiyanın, siyasi partiayalar blokunun irəli sürdüyü namizəd qeydə alındıqda Mərkəzi Seçki Komissyası qeydiyyat barəsində qərarında namizədin müvafiq siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürüldüyünü göstərir. Qeydiyyat barədə və ya qeydiyyatdan imtina barəsində qərarda onun qəbul olunduğu tarix və vaxt göstərilir.
3.2.   Namizədin qeydə alınması barədə qərarın surəti Mərkəzi Seçki Komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən 1 gün müddətində namizədə, namizəd irəli sürmüş siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə verilməli, qeydiyyatdan imtina olunubsa, həm də bunun əsasları göstərilməlidir.
3.3.   Qeydə alınmış hər bir namizədə Mərkəzi Seçki Komissiyası tərəfindən qeydiyyat vəsiqəsi verilir.
3.4.   Qeydə alınmış prezidentliyə namizədlər barədə məlumatlar qeydiyyatdan sonra 48 saat müddətində kütləvi informasiya vasitələrinə təqdim edilir.
3.5.   Qeydə alınmış prezidentliyə namizədlərin siyahısı qeydiyyat başa çatdıqdan sonra dövri nəşrlərdə dərc edilir.

Əlavə 1
Əlavə 2

Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası