. : TƏLİMATLAR

Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 4 iyul 2008-ci
il tarixli 6/23-4 saylı Qərarı ilə təsdiq
edilmişdir.

 Azərbaycan Respublikası Prezidentinin seçkilərində siyasi partiyalar blokunun qeydə alınması, namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydası haqqında

T Ə L İ M A T

I.       Siyasi partiyalar blokunun qeydə alınması qaydası:
 
Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 50-ci maddəsinə müvafiq olaraq siyasi partiyalar blokunun qeydə alınması üçün onun səlahiyyətli nümayəndəsi aşağıda göstərilən sənədləri Seçki Məcəlləsinə uyğun formada Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim etməlidir:

1.1.   Bloka daxil olan siyasi partiyaların nizamnamələrinin notariat    qaydasında təsdiq edilmiş surətləri.
1.2.   Bloka daxil olan  siyasi partiyaların bloka daxil olmaq barədə sazişi.
1.3.  Siyasi partiyaların bloka daxil olmaq haqqında qərarları.
1.4.   Blokun yaradılması haqqında siyasi partiyaların səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və həmin partiyaların möhürləri ilə təsdiqlənmiş birgə qərar.
1.5.   Siyasi partiyalar blokunun tam və qısa adı barədə məlumat (siyasi partiyalar blokunun adı bloka daxil olmuş partiyaların nümayəndələrinin birgə iclasında müəyyənləşdirilir, blokun adlandırılmasında həmin bloka daxil olmayan siyasi partiyaların (seçkilərdə iştirak edib-etməməsindən asılı olmayaraq), əvvəllər seçkilərdə iştirak etmiş digər siyasi partiyaların adlarından istifadə edilə bilməz. Əgər yeni qeydə alınmış siyasi partiyalar blokuna əvvəki seçkilərdə həmin bloku yaratmış siyasi partiyaların yarısından çoxu daxil deyildirsə, yeni yaradılan bloka əvvəlki siyasi partiyalar blokunun adı verilə bilməz. Fiziki şəxsin adından və ya soyadından siyasi partiyalar bloku tərəfindən yalnız həmin şəxsin yazılı razılığı əsasında istifadə edilə bilər).
1.6. Siyasi partiyaların bloku öz emblemini də təsdiq üçün Mərkəzi Seçki Komissiyasına təqdim edə bilər (siyasi partiyaların bloku, onun tərkibindəki hər hansı siyasi partiyanın qeydə alınmış emblemi, yaxud digər siyasi partiyalar və siyasi partiyalar bloklarının indiki və əvvəlki seçkilərdə istifadə etdikləri emblemlər istisna olmaqla (bu Məcəllənin 51.2-ci maddəsi nəzərə alınmaqla), istənilən emblemi təqdim edə bilər. Siyasi partiyalar blokunun rəmzləri əqli mülkiyyət hüquqlarını, əmtəə nişanlarına olan hüquqları pozmamalı, Azərbaycan Respublikasının və digər ölkələrin dövlət rəmzlərinə, dini rəmzlərə toxunmamalı, ümumən qəbul edilmiş əxlaq normalarını pozmamalıdır. Siyasi partiyaların bloku beş sözdən çox olmayan adından, habelə emblemindən seçki sənədlərində istifadə edilməsini Mərkəzi Seçki Komissiyası ilə razılaşdırmalıdır).
1.7.   Səlahiyyətli nümayəndələrin, habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin təyin edilməsi barədə bloka daxil olan siyasi partiyaların iclasının (qurultay, konfrans və ya rəhbər orqanının) qərarı və ya siyasi partiyaların nümayəndələrinin birgə iclasının qərarı.
1.8.   Səlahiyyətli nümayəndələrin (Təlimata 2 saylı əlavə), habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin siyahısı (Təlimata 3  saylı əlavə).
1.9.   Həmin şəxslərin səlahiyyətli nümayəndə olmağa razılıq verməsi barədə razılıq məktubları (Təlimata 4 və 5  saylı əlavələr). Siyasi partiyalar, siyasi partiyalar blokunun səlahiyyətli orqanının qərarı ilə yazılı formada xəbərdar etməklə nümayəndənin səlahiyyətinə xitam verilə bilər; bu barədə qəbul edilmiş qərarın surəti Mərkəzi Seçki Komissiyasına göndərilməlidir.
1.10. Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş sənədlərin qəbul edilməsi barədə yazılı arayış səlahiyyətli nümayəndəyə verilir (Təlimata 9 saylı əlavə).

II. Prezidentliyə namizədin siyasi partiyalar və siyasi partiyalar blokları tərəfindən irəli sürülməsi qaydası   

2.1.   Prezidentliyə namizədin (bundan sonra – namizəd) irəli sürülməsi haqqında qərarı siyasi partiya öz nizamnaməsinə uyğun olaraq qəbul edir. Belə qərar kollegial qaydada səsvermə yolu ilə qəbul edilməlidir.
2.2.   Siyasi partiyaların bloku tərəfindən irəli sürülən namizəd bloka daxil olan hər bir siyasi partiya tərəfindən təsdiq edilir. Siyasi partiyaların bloku tərəfindən  namizədin irəli sürülməsi haqqında qərar siyasi partiyaların nümayəndələrinin iclasında və ya siyasi partiyaların qurultayında, konfransında, rəhbər orqanının iclasında qəbul edilir. Siyasi partiyaların bu səlahiyyətli nümayəndələri partiyaların qurultayında (konfransında, rəhbər orqanının iclasında) müəyyənləşdirilir.
2.3.   Namizədin irəli sürülməsi barədə siyasi partiyanın, siyasi partiyalar blokunun qərarı protokolla rəsmiləşdirilir. Həmin protokolda aşağıdakılar göstərilir:
a)      iclasda (qurultayda, konfransda, rəhbər orqanın iclasında) iştirak etmək üçün qeydə alınmış iştirakçıların sayı;
b)      siyasi partiyalar blokunun yaradılması haqqında sazişdə nəzərdə tutulan qərarın qəbul edilməsi üçün lazım olan iştirakçıların sayı;
c)      namizədin irəli sürülməsi barədə qərar və bu qərar üzrə səsvermənin nəticələri;
ç)     qərarın qəbul edilməsi tarixi.

Siyasi partiya, siyasi partiyaların bloku bloka daxil olan partiyaların üzvü olmayan şəxsləri namizəd kimi irəli sürə bilərlər.

III. Namizəd irəli sürmüş siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi sənədlər

Siyasi partiyalar tərəfindən namizəd o şərtlə irəli sürülə bilər ki, aşağıda göstərilən sənədlər Seçki Məcəlləsinə və bu Təlimata uyğun formada siyasi partiyaların səlahiyyətli nümayəndələri tərəfindən namizədin adı ilə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edilsin:
3.1.   Siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti.
3.2.   Siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti.
3.3.  Namizədliyin irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanının iclasının) qərarı və müvafiq iclasın protokolu.
3.4.  Prezidentliyə namizədliyi irəli sürülmüş şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşaması, məhkumluğuna, vətəndaşlığına, başqa dövlətlər qarşısında öhdəliyinə dair məlumatlar, habelə Prezident seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş razılıq ərizəsi (Təlimata 1 saylı əlavə).
3.5.   Səlahiyyətli nümayəndələrin, habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin təyin edilməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanının iclasının) qərarı.
3.6.   Siyasi partiyaların səlahiyyətli nümayəndələrinin siyahısı (Təlimata 2 saylı əlavə).
3.7. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin siyahısı (Təlimata 3 saylı əlavə).
3.8.   Səlahiyyətli nümayəndələrin razılıq məktubları (Təlimata 4 saylı əlavə).
3.9.   Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin razılıq məktubu (Təlimata 5 saylı əlavə).
3.10. Siyasi partiyanın səlahiyyətli nümayəndəsinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin həmin siyasi partiyanın rəhbərinin imzası və təşkilatın möhürü ilə təsdiq edilmiş vəkalətnaməsi (Təlimata 6 və 6 “A”  saylı əlavələr).      
3.11. Siyasi partiyaların səlahiyyətli orqanı səlahiyyətli nümayəndənin səlahiyyətinə xitam verdiyi halda, bu barədə qərarın surəti.

Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş sənədlərin qəbul edilməsi barədə yazılı arayış səlahiyyətli nümayəndəyə verilir (Təlimata 9 saylı əlavə).


IV. Namizəd irəli sürmüş siyasi partiyalar blokunun Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi sənədlər

Siyasi partiyalar bloku tərəfindən namizəd o şərtlə irəli sürülə bilər ki, aşağıda göstərilən sənədlər Seçki Məcəlləsinə və bu Təlimata uyğun formada hazırlanaraq, namizədin adı ilə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edilsin:

4.1.   Siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların qurultaylarının (konfranslarının, rəhbər orqanlarının iclaslarının) namizədlik irəli sürmək barədə qərarları ilə birlikdə  müvafiq iclasların protokolları.
4.2.   Siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların nümayəndələrinin iclasının siyasi partiyaların bloku adından namizədlik irəli sürmək barədə qərarı və müvafiq iclasın protokolu.
4.3.   Siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada (Təlimata 7 və 7 “A” əlavələr) və ya notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələri  (Təlimata 8 və 8 “A”  saylı əlavələr).
4.4.   Siyasi partiyaların səlahiyyətli nümayəndələrinin siyahısı (Təlimata 2 saylı əlavə).
4.5.   Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin siyahısı (Təlimata 3 saylı əlavə).
4.6.   Səlahiyyətli nümayəndələrin razılıq məktubları (Təlimata 4 saylı əlavə).
4.7.   Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin razılıq məktubu (Təlimata 5 saylı əlavə).
4.8.   Prezidentliyə namizədliyi irəli sürülmüş şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşaması, məhkumluğuna, vətəndaşlığına, başqa dövlətlər qarşısında öhdəliyinə dair məlumatlar, habelə Prezident seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş razılıq ərizəsi (Təlimata 1 saylı əlavə).
Mərkəzi Seçki Komissiyası təqdim edilmiş sənədlərin qəbul edilməsi barədə yazılı arayışı prezidentliyə namizədin səlahiyyətli nümayəndəsinə verir (Təlimata 9 saylı əlavə).

Əlavə 1
Əlavə 2
Əlavə 3
Əlavə 4
Əlavə 5
Əlavə 6
Əlavə 6"A"
Əlavə 7
Əlavə 7"A"
Əlavə 8
Əlavə 8"A"
Əlavə 9

Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası