Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 4 iyul 2008-ci
il tarixli 6/23-2 saylı Qərarı ilə təsdiq
edilmişdir.
Seçki komissiyalarına təqdim edilən imza vərəqələrində
və digər seçki sənədlərində olan məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə yaradılan işçi qrupu haqqında
Ə S A S N A M Ə
Bu Əsasnamə namizədin qeydə alınması üçün müvafiq seçki komissiyasına təqdim olunmuş imza vərəqələrində və digər seçki sənədlərində olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə yaradılmış işçi qrupunun (bundan sonra – işçi qrupu) hüquqlarını, vəzifələrini və fəaliyyət qaydalarını müəyyən edir.
1. Ümumi müddəalar
1.1. İşçi qrupu Azərbaycan Respublikasının Seçki Məcəlləsinə (bundan sonra – Seçki Məcəlləsi) və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) qəbul etdiyi normativ xarakterli aktlara uyğun fəaliyyət göstərir.
1.2. İşçi qrupu seçki sənədlərində və imza vərəqələrində olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə Seçki Məcəlləsinin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq müvafiq seçki komissiyası tərəfindən yaradılır.
1.3. İşçi qrupunun tərkibinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikasının Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin və s. orqanların mütəxəssisləri sırasından ekspertlər daxil edilə bilər.
2. İşçi qrupunun formalaşdırılması qaydası
2.1. İşçi qrupu müvafiq seçki komissiyasının qərarı ilə yaradılır.
2.2. İşçi qrupuna müvafiq seçki komissiyasının həlledici səs hüquqlu üzvü sədrlik edir.
2.3. İşçi qrupunun üzvləri müvafiq dövlət orqanlarının rəhbərləri ilə razılaşdırılmaqla bu işə cəlb edilir və əsas iş yerindən müvəqqəti ayrılmaqla öz vəzifələrini həyata keçirirlər. Onların əsas iş yeri üzrə vəzifə maaşları və digər ödənişlər saxlanılır.
2.4. İşçi qrupunun üzvləri fəaliyyət göstərdikləri müddətdə müvafiq seçki komissiyası ilə bağlanmış əmək müqaviləsinə əsasən komissiyanın müəyyən etdiyi məbləğdə əmək haqqı alırlar.
3. İşçi qrupunun və onun rəhbərinin hüquqları
3.1. İşçi qrupunun aşağıdakı hüquqları vardır:
3.1.1. obyektiv yoxlamanı təmin etmək məqsədilə müvafiq subyektlərdən (namizəd, siyasi partiya, siyasi partiyaların bloklarının səlahiyyətli nümayəndələri, imza toplayan şəxslər, seçicilər və müvafiq orqanlar) öz səlahiyyəti daxilində zəruri məsələlər üzrə məlumat tələb etmək və almaq;
3.1.2. öz vəzifələrini qanunauyğun şəkildə yerinə yetirə bilməsi üçün müvafiq dövlət orqanlarına, bələdiyyə qurumlarına və digər orqanlara müraciət etmək, səlahiyyətləri çərçivəsində zəruri məlumat və materialları tələb etmək;
3.1.3. imza vərəqələrində olan məlumatların düzgün olub -olmamasını təsdiq edən əsas kimi qəbul edilən rəyləri tərtib etmək və hər bir namizəd üzrə imza vərəqələrinin yoxlanılmasının nəticələri haqqında protokolu hazırlayaraq qrupun rəhbərinə təqdim etmək;
3.1.4. verdiyi sorğuya görə müvafiq orqandan 3 gün müddətində, əgər səsvermə gününə 50 gündən az vaxt qalmışsa, ən geci 1 gün müddətində rəsmi cavab almaq.
3.2. İşçi qrupu rəhbərinin aşağıdakı hüquqları vardır:
3.2.1. qrupun işini təşkil etmək, seçki komissiyası ilə razılaşdırmaqla müvafiq orqan və təşkilatlara sorğu verməklə sənədlər tələb etmək;
3.2.2. hər bir namizəd üzrə imza vərəqələrinin yoxlanılması nəticələri haqqında tərtib olunub imzalanmış protokolu qərar qəbul edilməsi üçün müvafiq seçki komissiyasına təqdim etmək;
3.2.3. qrupun üzvləri arasında vəzifə bölgüsü aparmaq, qrupun işinə cəlb edilmiş mütəxəssislərə tapşırıqlar vermək və onların icrasını yoxlamaq;
3.2.4. işçi qrupunun seçki komissiyası ilə qarşılıqlı fəaliyyətini təmin etmək;
3.2.5. yoxlamanın yekunlarına dair protokolları və başqa sənədləri imzalamaq;
3.2.6. seçki komissiyasının tələbinə əsasən komissiyanın iclasında işçi qrupunun gördüyü işlər barədə məruzə etmək.
4. İşçi qrupunun vəzifələri
4.1. İşçi qrupunun tərkibinə daxil edilmiş ekspert və mütəxəssislər təqdim edilən seçki sənədlərində və imza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını yoxlayır və bu barədə ayrı-ayrılıqda rəy verirlər. İşçi qrupu mütəxəssislərinin rəyləri imza vərəqələrində və digər seçki sənədlərindəki məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir.
4.2. Hər bir namizəd üzrə imza vərəqələrinin yoxlanılmasının nəticəsi haqqında işçi qrupunun rəhbəri tərəfindən ayrıca protokol tərtib edilir, imzalanır, həmin protokola ekspert və mütəxəssislərin rəyləri və yoxlama cədvəli əlavə olunaraq, müvafiq qərar qəbul edilməsi üçün seçki komissiyasına təqdim edilir. Protokolun surəti namizədin qeydə alınması məsələsini gündəliyə çıxaran müvafiq seçki komissiyası iclasının başlanmasına azı 24 saat qalmış namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinə verilir.
5. Yekun müddəaları
5.1. İşçi qrupunun səlahiyyət müddəti yaradıldığı andan başlayır, qanunla və bu Təlimatla onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməklə başa çatır.
5.2. Bu Əsasnaməyə əlavə və dəyişikliklər Mərkəzi Seçki Komissiyası tərəfindən edilə bilər. |