Razılaşdırılmışdır:
Azərbaycan Respublikası
Milli Bankı İdarə Heyətinin
sədri E.S.RÜSTƏMOV
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 4 iyul 2008-ci
il tarixli 6/23-12 saylı Qərarı ilə təsdiq
edilmişdir.
Mərkəzi Seçki Komissiyasının
sədri M.M.PƏNAHOV
Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki fondlarına vəsaitin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı qaydaları haqqında
TƏLİMAT
Bu Təlimat Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 90-cı, 94-cü və 191-ci maddələrinə əsasən hazırlanıb və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki fonduna vəsaitin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı qaydalarını müəyyən edir.
Prezidentliyə namizədlərin seçki fondu məbləğinin yuxarı həddi 10 milyon manatdan çox ola bilməz.
1. Prezidentliyə namizədlərin seçki fondlarının mənbələri
1.1. Prezidentliyə namizədlərin seçki fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:
1.1.1. prezidentliyə namizədin özü tərəfindən 250 000 (iki yüz əlli min) manatdan çox olmamaq şərtilə xüsusi vəsaiti (siyasi partiyalar, siyasi partiyalar bloku tərəfindən irəli sürülən prezidentliyə namizədlər üçün bu xüsusi vəsait siyasi partiyaların, siyasi partiyaların bloklarını yaratmış siyasi partiyaların verdiyi vəsaitlər hesabına formalaşır);
1.1.2. Mərkəzi Seçki Komissiyasının ayırdığı vəsait (seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi gün əvvəlki seçkilər üzrə Mərkəzi Seçki Komissiyası qarşısında büdcə vəsaiti üzrə borcu olan vətəndaşın prezidentliyə namizəd irəli sürüldüyü təqdirdə dövlət büdcəsindən vəsait almaq hüququ yoxdur);
1.1.3. vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri (vətəndaşların köçürdüyü vəsait 3000 (üç min) manatdan, hüquqi şəxslərin köçürdüyü vəsait 50 000 (əlli min) manatdan çox ola bilməz).
1.2. Namizədlərin seçki fondlarına könüllü ianə ayırmaq, yaxud natura şəklində və ya xidmət göstərilməsi yolu ilə yardım etmək aşağıdakılara qadağan edilir:
1.2.1. xarici dövlətlərə və xarici hüquqi şəxslərə;
1.2.2. xarici vətəndaşlara;
1.2.3. vətəndaşlığı olmayan şəxslərə;
1.2.4. 18 yaşına çatmamış vətəndaşlara;
1.2.5. seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə Azərbaycan Respublikasının hüquqi şəxsinin nizamnamə kapitalında yuxarıda göstərilən şəxslərin iştirak (mülkiyyət) payı 30 faizdən çox olarsa, Azərbaycan Respublikasının hüquqi şəxslərinə;
1.2.6. beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara;
1.2.7. dövlət hakimiyyəti orqanlarına və bələdiyyə qurumlarına;
1.2.8. dövlət, bələdiyyə təşkilatları və idarələrinə;
1.2.9. seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə nizamnamə kapitalında dövlətin və ya bələdiyyənin iştirak payı 30 faizdən artıq olan hüquqi şəxslərə;
1.2.10. hərbi hissələrə;
1.2.11. xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə və təşkilatlara;
1.2.12. aşağıdakı məlumatlardan hər hansı birini göstərməyən anonim ianə köçürənlərə (vətəndaş üçün – soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini, verilmə tarixini, yaşayış yerinin ünvanını, doğum tarixini; hüquqi şəxs üçün – vergi ödəyicisinin eyniləşdirmə nömrəsini, adını, qeydiyyat tarixini, bank rekvizitlərini, nizamnamə kapitalında dövlət və ya bələdiyyə payının olmasını, bunlar olduğu halda – miqdarını, nizamnamə kapitalında xarici kapitalın pay miqdarını göstərməyənlərə və ya qeyri-düzgün göstərənlərə).
2. Prezidentliyə namizədlərin seçki fondlarına ianələrin köçürülməsi və xərclənməsi qaydası
2.1. Könüllü ianələr yalnız Azərbaycan Respublikasının vətəndaşlarından rabitə şöbələri və ya bank təşkilatları vasitəsilə ianəçinin soyadı, adı, atasının adı, doğum tarixi və yaşayış yerinin ünvanı göstərilməklə şəxsiyyət vəsiqəsi, yaxud onu əvəz edən sənədin təqdim edilməsi əsasında qəbul edilir.
2.2. Hüquqi şəxslərin könüllü ianələri isə seçki fonduna yalnız nağdsız köçürülmə yolu ilə, müvafiq hüquqi şəxsin nizamnamə kapitalında dövlət və ya bələdiyyə kapitalının, xarici kapitalın olub-olmaması və ya payı qeyd edilməklə, onun adı, qeydiyyat tarixi, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, bank rekvizitləri göstərilməklə qəbul olunur.
2.3. Vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri xüsusi seçki hesabına poçt və ya bank təşkilatları vasitəsilə müvafiq ödəniş sənədi alındıqdan sonra ən geci iki gün ərzində köçürülməlidir.
2.4. Namizədlərin seçki fonduna ianələr Seçki Məcəlləsinin 90.2-ci maddəsində və bu Təlimatın 1.2-ci bəndində göstərilən və buna hüququ olmayan subyektlərdən daxil olubsa, yaxud Seçki Məcəlləsində nəzərdə tutulan məbləğdən artıq köçürülübsə, müvəkkil bank bu Təlimatın 1 saylı əlavəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasına məlumat verir.
2.5. Namizədlərin seçki fondlarına könüllü ianələr buna hüququ olmayan fiziki və hüquqi şəxslərdən daxil olubsa, yaxud Seçki Məcəlləsinin 191-ci maddəsində nəzərdə tutulmuş məbləğdən artıq köçürülübsə, ianənin xüsusi seçki hesabına daxil olduğu gündən sonrakı 10 gün müddətində namizəd ianənin bütünlüklə və ya onun müəyyənləşdirilmiş yuxarı həddini aşan hissəsinin geri qaytarılmasının səbəbini göstərməklə və göndərilmə xərclərini çıxmaqla, ianəçiyə qaytarmalıdır. Göstərilən müddət ərzində ianə ianəçiyə geri qaytarılmadıqda, bank bu barədə Mərkəzi Seçki Komissiyasına yazılı məlumat verməklə həmin ianəni bütünlüklə ianəçiyə geri qaytarmalıdır.
2.6. Xüsusi seçki hesabına daxil olmuş anonim ianələr Seçki Məcəlləsinin 93.7-ci maddəsinə uyğun olaraq dövlət büdcəsinə köçürülür.
2.7. Göstərilən müddət ərzində anonim ianə dövlət büdcəsinə köçürülmədikdə bank Mərkəzi Seçki Komissiyasına yazılı məlumat verməklə həmin ianəni bütünlüklə dövlət büdcəsinə köçürür.
2.8. Qeydə alınmış namizədlərin xüsusi seçki hesabları üzrə bütün əməliyyatlar səsvermə günündən sonra 3 iş günü müddətində dayandırılır.
2.9. Seçki Məcəlləsinin 91.4-cü maddəsində nəzərdə tutulmuş digər hallarda Mərkəzi Seçki Komissiyasının göstərişi ilə müvafiq bank namizədlərin xüsusi seçki hesablarından xərclərin ödənilməsi ilə bağlı maliyyə əməliyyatlarını dayandırır.
2.10. Maliyyə əməliyyatlarının aparılması müddəti Mərkəzi Seçki Komissiyası tərəfindən Seçki Məcəlləsinin 92.1-ci maddəsində müəyyən edilmiş aşağıdakı hallarda və əsaslarla uzadıla bilər:
2.10.1. qeydiyyatdan imtina edilənədək namizədin, namizədi qeydə almış siyasi partiyanın, siyasi partiyalar bloklarının gördükləri işlərin dəyərinin ödənilməsi üçün;
2.10.2. namizəd kimi çıxış etməyə razılıq verməsi barədə ərizəsini geri götürməsi və ya siyasi partiya, siyasi partiyaların bloku tərəfindən geri çağırılması;
2.10.3. öz namizədliyini geri götürmüş qeydə alınmış namizədə, qeydə alınmış namizədini geri çağırmış siyasi partiyaya, siyasi partiyaların bloklarına, qeydiyyatı ləğv edilmiş qeydə alınmış namizədə, namizədin qeydiyyatının ləğv edilməsi haqqında qərarın qəbul edilməsinədək görülmüş işlərin dəyərinin ödənilməsi ilə əlaqədar;
2.10.4. digər hallarda – qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna səs vermə gününədək görülmüş işlərin dəyərinin ödənilməsi ilə əlaqədar.
2.11. Namizədlərin xüsusi seçki hesabında cəmləşən vəsaitlərdən yalnız namizədlərin irəli sürülməsinin müdafiəsi üçün imzaların toplanmasına yönəlmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərin haqqının ödənilməsi, seçkiqabağı təşviqatla bağlı işlərin, həmçinin informasiya və məşvərət xidmətlərinin dəyərinin ödənilməsi, habelə seçki kampaniyasının keçirilməsi ilə əlaqədar hüquqi şəxslərin və vətəndaşların bilavasitə yerinə yetirdikləri digər işlərin dəyərinin ödənilməsi ilə bağlı xərclər üçün istifadə edilə bilər (Təlimata 1 saylı əlavə). Bu vəsaitdən Seçki Məcəlləsinin 88.2-ci, 88.4-cü, 88.5-ci maddələrinin tələblərinin pozulması ilə həyata keçirilən təşviqat məqsədləri üçün istifadə edilməsi qadağandır.
3. Seçki fondlarının vəsaitlərinə dair hesabat
3.1. Müvəkkil bank Seçki Məcəlləsində və bu Təlimatın 1.2-ci, 2.9-cu, 2.10-cu, 2.11-ci və 3-cü bəndlərində nəzərdə tutulan hallar barədə Mərkəzi Seçki Komissiyasına hesabat verməlidir.
3.2. Namizədlər Mərkəzi Seçki Komissiyasına öz maliyyə hesabatlarını (Təlimata 2 saylı əlavə) aşağıdakı növbəliklə təqdim edirlər:
3.2.1. birinci ilkin maliyyə hesabatı Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada Mərkəzi Seçki Komissiyasına qeydiyyat üçün zəruri sənədlərlə eyni zamanda təqdim edilir; bu hesabata hesabatda göstərilmiş tarixə 2 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir;
3.2.2. ikinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tezi 20 gün qalmış və səsvermə gününə ən geci 10 gün qalmış təqdim edilir; bu hesabata orada göstərilən tarixə 7 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir;
3.2.3. yekun maliyyə hesabatı seçkilərin nəticələrinin rəsmi dərc edildiyi gündən ən geci 10 gün sonra təqdim edilir; yekun maliyyə hesabatına seçki fonduna vəsaitlərin daxil olmasını və xərclənməsini təsdiq edən ilkin maliyyə sənədləri qoşulur.
3.3. Namizəd öz statusunu itirdikdə, maliyyə hesabatının verilməsi vəzifəsi namizəd olmuş vətəndaşların üzərinə qoyulur.
4. Müvəkkil bank həftədə bir dəfədən az olmamaq şərtilə, səsvermə gününə 10 gündən az müddət qaldıqda isə 3 bank günü ərzində bir dəfədən az olmamaq şərtilə Mərkəzi Seçki Komissiyasına prezidentliyə namizədlərin xüsusi seçki hesablarına daxil olan və xərclənən vəsaitlər barədə bu Təlimatın 1 saylı əlavəsinə uyğun formada məlumat verir.