. : TƏLİMATLAR

Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 4 iyul 2008-ci
il tarixli 6/23-11 saylı Qərarı ilə təsdiq
edilmişdir.

Azərbaycan Respublikası Prezidentliyinə namizədin gəlirlərinin miqdarı, mənbələri, mülkiyyəti və əmlakları barədə
məlumatın təqdim edilməsi

Q A Y D A S I

Bu Qayda Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 58.1-ci, 58.1.4-cü, 58.1.5-ci və 58.3-cü maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin gəlirlərinin miqdarı, mənbəyi və mülkiyyət hüququ əsasında onlara məxsus əmlak haqqında məlumatın verilməsi məsələlərini tənzimləyir.
Namizədin qeydə alınması üçün namizəd, seçicilərin təşəbbüs qrupunun nümayəndəsi və ya namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına seçki sənədləri ilə birlikdə namizədin gəlirlərinin miqdarı, mənbəyi və mülkiyyət hüququ əsasında ona məxsus əmlak haqqında məlumat təqdim etməlidir.
Məlumatda aşağıda qeyd olunan gəlir mənbələri göstərilməlidir (gəlirlərin alındığı təşkilatlardan və fiziki şəxslərdən seçkilərin təyin edildiyi gündən əvvəlki bir il ərzində həmin gəlirlərin cəmi barədə arayışlar təqdim edilməlidir (Qaydaya 1 saylı əlavə). 

1. Əsas iş yerindən əmək haqqı barədə
Əsas iş yerindən əmək haqqı dedikdə, vətəndaşlar tərəfindən mülkiyyət formasından asılı olmadan müəssisələr, idarələr, və təşkilatlarla bağlanmış  əmək  müqavilələrinə (kontraktlara) əsasən konkret ixtisas, dərəcə və vəzifə üzrə işlərin yerinə yetirilməsi, yaxud kooperativdə, kəndli-fermer təsərrüfatında, ictimai və ya dini təşkilatda, vəkillikdə, habelə xidməti və ya tədrislə əlaqədar əmək funksiyalarının yerinə yetirilməsinə görə ödənişlər başa düşülür.

2.  Mükafat və maddi yardım haqqında
Mükafat və maddi yardım dedikdə, il ərzində işin yekununa görə mükafat, xidmət illərinə görə mükafat, birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, doğum günləri ilə bağlı və digər oxşar hallarda verilən həvəsləndirici ödənclər, əmək funksiyalarının yerinə yetirilməsinə görə digər mükafatlar və bütün növlərdən olan maddi yardımlar başa düşülür.

3.      Mülki-hüquqi müqavilələrdən əldə olunan gəlir haqqında
Mülki-hüquqi müqavilələrdən əldə olunan gəlir dedikdə, bağışlama, dəyişdirmə, vəzifənin icrası ilə əlaqədar olmayan işlərin yerinə yetirilməsindən əldə edilən gəlirlər (birdəfəlik və əvəzçilik üzrə)  hesab edilir.

4.      Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir haqqında
Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir dedikdə, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə nəzərdə tutulan və qanunla qadağan edilməyən fəaliyyət növlərindən əldə edilmiş gəlirlər (sahibkarlıqla məşğul olan fiziki şəxs tərəfindən ilin yekununa görə vergi orqanlarına təqdim edilmiş bəyannamədə göstərilən gəlir) başa düşülür.

5.      Qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir haqqında
Qeyri sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirə muzdlu işlə əlaqədar və ya sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərdən başqa digər gəlirlər daxildir. O cümlədən:
- banklardan və kredit idarələrindən alınmış faizlər;
- dividendlər;
- müəlliflik haqqı;
- royalti;
- qiymətli kağızlar üzrə əməliyyatlardan əldə edilən gəlir;
- bağışlanmış borcun məbləği;
- əmlakın icarəyə verilməsindən əldə edilən gəlir;
- həyatın yığım sığortası üzrə gəlir;
- ailə üzvü olmayan şəxslərdən alınan hədiyyələr və maddi yardım;
- alınmış miraslar;
- lotoreya uduşları;
- birgə gəlirlər (ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlak və digər gəlirlər, ümumi birgə mülkiyyətdə olan əmlak və s.);
- qanunla qadağan edilməyən digər gəlirlər.

6. Əmlak və mülkiyyət haqqında məlumatlar əmlakın və mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən müvafiq orqanlardan alınmış arayışlarla təsdiq olunur.

7. Prezidentliyə namizəd mülkiyyət hüququ əsasında ona məxsus olan əmlak barədə məlumatları Azərbaycan Respublikası Seçki Məcəlləsinin 5 saylı əlavəsinə uyğun şəkildə verməlidir.

Əlavə 1
Əlavə 2

Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası