. : TƏLİMATLAR

Razılaşdırılmışdır:
Azərbaycan Respublikası
Milli Bankı İdarə Heyətinin
sədri E.S.RÜSTƏMOV

Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 4 iyul 2008-ci
il tarixli 6/23-10 saylı Qərarı ilə təsdiq
edilmişdir.
Mərkəzi Seçki Komissiyasının
sədri M.M.PƏNAHOV

Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə namizədlərin, qeydə alınmış prezidentliyə namizədlərin aldıqları
pul vəsaitlərinin geri qaytarılması qaydaları haqqında

TƏLİMAT

1. Azərbaycan Respublikası Prezidentinin seçkiləri zamanı prezidentliyə namizədlərin, qeydə alınmış prezidentliyə namizədlərin (bundan sonra – namizədlər) aldıqları pul vəsaitlərinin geri qaytarılması qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra  – Seçki Məcəlləsi) 90.5 – 90.7-ci,193-cü, 194-cü, 196-cı və 197-ci maddələri ilə müəyyən edilir.
2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında (bundan sonra – Mərkəzi Seçki Komissiyası) qeydə alınmamış namizəd maliyyə hesabatı təqdim edilənədək seçki fondunun xərclənməmiş pul vəsaitlərini köçürülən ianələrin məbləğlərinin proporsional nisbətinə uyğun olaraq ianəçi vətəndaşlara və hüquqi şəxslərə qaytara bilər. Qeydə alınmamış namizəd bu hüquqdan istifadə etmədikdə, xərclənməmiş pul vəsaiti müvafiq olaraq dövlət və ya bələdiyyə büdcəsinə köçürülür.
3. Qeydə alınmış namizədə Mərkəzi Seçki Komissiyası tərəfindən verilən pul vəsaiti qaytarılanadək ictimai teleradio təşkilatına  və dövri nəşrlərin redaksiyalarına pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərini ödəyənədək onların seçki fonduna pul ianəsi köçürmüş vətəndaşlara və hüquqi şəxslərə seçki fondlarının xərclənməmiş pul vəsaitini qaytarmaq qadağandır. Belə halda ilk növbədə Mərkəzi Seçki Komissiyasının vəsaiti qaytarılır.           
4. Seçki komissiyasının vəsaitini, habelə ictimai teleradio təşkilatına və dövri nəşrlərin redaksiyalarına pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərini ödədikdən sonra, qeydə alınmış namizəd seçki fondlarının xərclənməməiş pul vəsaitini ianə köçürən vətəndaşlara və hüquqi şəxslərin cari hesabına Seçki Məcəlləsinin 90.5-ci maddəsində göstərilən qaydada köçürə bilərlər. Qeydə alınmış namizəd bu hüquqdan istifadə etmədikdə, xərclənməmiş pul vəsaiti müvafiq olaraq dövlət və ya bələdiyyə büdcəsinə köçürülür.  
5. Səsvermədə iştirak etmiş və seçicilərin etibarlı hesab edilmiş səslərinin azı 3 faizini toplamış namizəd və ya seçilən sayılmış, habelə səsvermə gününədək Seçki Məcəlləsinin 73.3-cü maddəsində göstərilən məcburedici hallara görə namizədliyini geri götürmüş namizəd səsvermə günündən sonra 30 gün müddətində onun seçki fonduna Mərkəzi Seçki Komissiyasının köçürdüyü vəsaitin xərçlənməmiş hissəsini həmin seçki komissiyasına qaytarmağa borcludur. Bu müddət başa çatdıqda müvafiq bank Mərkəzi Seçki Komissiyasının məktubunda göstərilmiş pul vəsaitini mübahisəsiz qaydada Komissiyanın hesabına köçürməlidir.
6. Namizədlərin seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaitini Mərkəzi Seçki Komissiyasının yazılı göstərişinə uyğun olaraq müvafiq bank səsvermə günündən 60 gün keçdikdən sonra onun hesabına köçürməlidir.
7. Seçki fondunda pul vəsaiti olmadıqda və yaxud çatışmadıqda büdcə pul vəsaitinin qeydə alınmış namizəd tərəfindən qaytarılması, habelə verilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi prezidentliyə namizəd irəli sürülmüş vətəndaşların öz vəsaiti hesabına həyata keçirilir.
8. Səsvermədə iştirak etmiş, lakin seçicilərin etibarlı hesab edilən səslərinin azı 3 faizini toplamamış namizəd yekun maliyyə hesabatının verilməsi ilə yanaşı, müvafiq vəsaitin qaytarılmasını da öz üzərinə götürürsə, dövlət büdcəsinin geri qaytarılacaq vəsaitini səsvermə günündən başlayaraq 12 ay müddətində Mərkəzi Seçki Komissiyasının hesabına qaytara bilər. Göstərilən öhdəliklər icra edilmədikdə və vəsaitin qaytarılması haqqında öhdəlikdə göstərilən müddət başa çatdıqda vəsait məhkəmə qaydasında qaytarılır.
9.  Bu təlimatın 8-ci bəndində nəzərdə tutulmuş və həmin bənddə göstərilmiş tələbləri yerinə yetirməyən qeydə alınmış namizəd yekun maliyyə hesabatı verilənədək həmin bənddə göstərilən öhdəliyi götürmədikdə, yekun maliyyə hesabatının verilməsi müddəti başa çatanadək pul vəsaiti məhkəmə qaydasında qaytarılır.
10. Namizəd öz statusunu itirdikdə namizədlərin, qeydə alınmış namizədlərin üzərinə qoyulmuş öhdəliklər namizəd, qeydə alınmış namizəd sayılmış vətəndaşın üzərinə qoyulur.
11. Səsvermədə iştirak etmiş, lakin seçicilərin etibarlı hesab edilən səslərinin 3 faizini toplamamış və Mərkəzi Seçki Komissiyası qarşısında borc öhdəliyi olan vətəndaşların siyahısı dərc edilir.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası