Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 8 oktyabr 2008-ci
il tarixli 27/132 saylı Qərarı ilə təsdiq
edilmişdir.
Seçki məntəqələrində veb-kameraların
quraşdırılması və istifadəsinə dair
QAYDALAR
Bu Qaydalar Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 40.1 və 110-cu maddələrinə müvafiq olaraq hazırlanmış, Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumlarda) aşkarlıq institununun daha geniş tətbiq edilməsi məsələlərini əhatə edir.
1. Seçki Məcəlləsinin 40.1-ci maddəsinə müvafiq olaraq seçki prosesi aşkar olmalıdır. Səsvermə günü ictimaiyyət tərəfindən səsvermənin gedişinin izlənməsi yolu ilə aşkarlığın geniş tətbiq edilməsi, səsvermə prosesinə qanunsuz müdaxilələrin yol verilməməsi və seçkilərə ictimai inamın daha da artırılması məqsədilə seçki prosesində yeni texniki vasitə - veb-kamera (bundan sonra – kamera) tətbiq edilir. Məntəqə seçki komissiyaları üzvlərinin öz vəzifələrini lazımınca icra etmələri, onlar tərəfindən seçki sənədləri ilə işin aparılması, seçicilərə öz iradələrini heç bir qanunsuz təsir olmadan azad ifadə etmək üçün zəruri şəraitin yaradılması, seçicilər tərəfindən seçki bülletenlərinin seçki qutusuna salınması, səslərin sayılması, səsvermənin nəticələrinin müəyyən edilməsi və digər proseslər bu qurğu vasitəsilə müşahidə olunaraq seçki məntəqələrində seçkilərin qanunun tələbinə uyğun keçirilməsi nümayiş etdirilir.
1.1. Seçki prosesində kameraların tətbiq edilməsi heç bir vəchlə seçkilər və referendum zamanı səsvermənin gizliliyinə xələl gətirməməli, habelə seçicilərin iradəsinin ifadəsi üzərində hər cür nəzarəti istisna etməlidir.
2. Kamera səsvermə günü, səsvermə kabinəsi istisna olmaqla, seçki məntəqəsinin içərisində gedən prosesləri müşahidə etmək və əldə edilən görüntülərin birbaşa Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) internet səhifəsində yerləşdirilməklə kütləvi şəkildə nümayiş etdirmək üçün nəzərdə tutulan müvafiq texniki qurğudur.
3. Kameralar Mərkəzi Seçki Komissiyasının sifarişi ilə Azərbaycan Respublikasının Rabitə və İnformaiya Texnologiyaları Nazirliyi tərəfindən quraşdırılır.
4. Kameralar tələb olunan qaydada quraşdırılaraq yerləşdirilməli, səsvermə günü fasiləsiz fəaliyyət göstərməli, məlumatlar təhlükəsiz şəkildə əldə edilməli, ötürülməli və müəyyən olunmuş müddətdə saxlanılmalıdır.
5. Kameraların tətbiqi və onunla bağlı digər məsələlər Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı ilə müəyyən edilir. Kameraların qanunauyğun tətbiqi və fəaliyyəti üzərində nəzarəti Mərkəzi Seçki Komissiyası həyata keçirir.
6. Seçki məntəqəsində stasionar qaydada, hərəkət etməyən, yalnız yönəldiyi ərazini izləmək imkanı verən kamera quraşdırılır. Kameralar seçki məntəqələrində elə yerləşdirilməlidir ki, onun vasitəsilə seçicilərə seçki bülletenlərini verən və seçki sənədləri ilə iş prosesini həyata keçirən məntəqə seçki komissiyası üzvlərinin əyləşdikləri və səslərin sayılması həyata keçirilən masa və seçki qutusunu izləmək mümkün olsun.
7. Kameralar səsvermə günü seçki məntəqələrinin açılması anından, səsvermənin yekunlarının müəyyənləşdirilməsi və səsvermənin nəticələri haqqında protokolun doldurulmasından sonra seçki məntəqələrinin bağlanması anınadək fasiləsiz olaraq fəaliyyət göstərir. Kameraların texniki cəhətdən saz vəziyyətdə olmalarına əminlik məqsədilə səsvermə gününə 1 gün qalmış onlar müvafiq qaydada sınaqdan keçirilir.
8. Quraşdırıldıqdan sonra kameraların hərəkət etməsi, başqa istiqamətə yönəldilməsi, onların fəaliyyətinin fasiləsizliyinin pozulması, məlumatların əldə edilməsi, ötürülməsi və saxlanılması prosesinə, habelə bu məqsədlə istifadə edilən texniki qurğulara və vasitələrə qanunsuz müdaxilə, eləcə də kameralar vasitəsilə səsvermə kabinələrinin və kabinələrin içərisinin çəkilməsi qadağandır. Bu tələblərin pozulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət yaradır.
9. Kameraların fəaliyyəti dövründə əldə edilən bütün videogörüntülər mərkəzləşdirilmiş qaydada yazılır. Bu cür videoyazılar şikayətlərin araşdrıdırılması zamanı sübut kimi istifadə edilə bilər və onların 5 il müddətində saxlanılmasını həmin qurğuları quraşdıran tərəf təmin edir. |