. : TƏLİMATLAR

Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 27 iyun 2003-cü
il tarixli 4/26 saylı Qərarı ilə təsdiq
edilmişdir.

Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 20 avqust 2008-ci
il tarixli 14/67-2 saylı Qərarı ilə təsdiq
edilmişdir.

 

Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikası Prezidentinin seçkilərində iştirakına dair

T Ə L İ M A T

1.      Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla prezident seçkilərinin keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının prezident seçkilərində iştirak etmək hüququ vardır.
2.      Bununla belə, yuxarıda göstərilən tələblərə cavab verən 18 yaşına çatmış və Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan, vətəndaşlığı olmayan şəxslər də prezident seçkiləri zamanı səsvermədə iştirak edə bilərlər.
3.      Lakin Azərbaycan Respublikasında 5 ildən az olan müddətdə yaşayan və vətəndaşlığı olmayan şəxslər aktiv və passiv seçki hüququna malik deyillər və həmin şəxslər prezident seçkilərində iştirak edə bilməzlər.
4.      Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan, vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd 30 dekabr 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin xüsusi sənədləri haqqında” Əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsidir.
5.      Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan, vətəndaşlığı olmayan şəxsin seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilməsi üçün həmin şəxsin yaşayış yeri üzrə qeydiyyatını aparan orqanın müəyyənləşdirdiyi müvafiq seçki məntəqəsinin ərazisində daimi yaşaması (seçkilərin elan olunması günündən əvvəlki 12 ayın azı 6 ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması) faktı əsas götürülür.
6.      Azərbaycan Respublikasında 5 ildən az olmayaraq (yaşayış yeri göstərilməklə) daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərin siyahısı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən səsvermə gününə azı 50 gün qalmış müvafiq dairə seçki komissiyasına təqdim edilir. Səsvermə gününə azı 35 gün qalmış dairə seçki komissiyaları həmin siyahıların məntəqə seçki komissiyalarına çatdırılmasını təmin edir.
7.      Azərbaycan Respublikası ərazisində 5 ildən az olmayaraq daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərin prezident seçkilərində səs verməsi ümumi qayda olaraq Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 104-cü maddəsi ilə tənzimlənir.
8.      Vətəndaşlığı olmayan şəxslər namizədlərin seçki fondlarına könüllü ianə ayırmaq, yaxud xidmət göstərilməsi yolu ilə yardım etmək hüququna malik deyillər.
9.      Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, onların filial və nümayəndəlikləri seçkilər zamanı namizədlərin irəli sürülməsində, qeydə alınmasında qeydə alınmış namizədlərin seçki kampaniyalarında iştirak edə bilməzlər. Bu əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin fikir azadlıqlarını və sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmır.
9.1.   Bu tələblərə riayət etməyən əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər qanunla müəyyənləşdirilmiş qaydada məsuliyyətə cəlb edilirlər.

 

 


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası