27 may 2003-cü il tarixdə Azərbaycan Respublikasının Seçki Məcəlləsi qəbul edildikdən sonra Azərbaycan Respublikasında seçki münasibətləri həmin qanunla tənzimlənməyə başlayaraq qüvvədə olduğu dövr ərzində ona Azərbaycan Respublikasının 2003-cü il 11 noyabr, 2004-cü il 8 iyun, 12 oktyabr və 30 dekabr, 2005-ci il 4 mart, 14 iyun və 28 iyun, 2007-ci il 16 iyun, 2008-ci il 2 iyun tarixli Qanunları ilə sürətlə inkişaf edən seçki münasibətlərinin nizamlanması zərurətindən irəli gələn bir sıra əlavə və dəyişikliklər edilmişdir.
Qanunvericiliyə edilmiş bəzi əlavə və dəyişikliklər və bir sıra münasibətlərin tənzimlənməsi zərurəti ilə əlaqədar, habelə seçkilərin (referendumun) hazırlanıb həyata keçirilməsi üçün normativ xarakterli aktlar bazasının təkmilləşdirilməsi məqsədilə hazırda bəzi təlimatların qəbul edilməsinə və onlara bəzi əlavə və dəyişiklik edilməsinə zərurət yaranmışdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.3-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 27 iyun 2003-cü il tarixli 4/26 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Prezidentinin seçkilərində iştirakına dair Təlimat”a aşağıdakı əlavə və dəyişikliklər edilsin (Qərar 14/67-1):
1.1. 7-ci abzas çıxarılsın.
1.2. 10-cu abzas aşağıdakı redaksiyada verilsin:
- “Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, onların filial və nümayəndəlikləri seçkilər zamanı namizədlərin irəli sürülməsində, qeydə alınmasında, qeydə alınmış namizədlərin seçki kampaniyalarında iştirak edə bilməzlər. Bu, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin fikir azadlıqlarını və sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmır”.
1.3. Təlimatda müvafiq sıralanma aparılsın.
2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 5 oktyabr 2005-ci il tarixli 32/149 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirildiyi vaxtı və yeri barədə seçicilərin məlumatlandırılması üçün bildirişlərin onlara paylanmasına (çatdırılmasına) dair” Qaydaların adı aşağıdakı redaksiyada verilsin (Qərar 14/67-2):
2.1. “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları”.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Almas Qəhramanlı
Oktay Hümbətli