. : TƏLİMATLAR

Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 12 iyul 2003-cü
il tarixli 11/67 saylı Qərarı ilə təsdiq
edilmişdir.

Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 16 avqust 2008-ci
il tarixli 12/57-2 saylı Qərarı ilə təsdiq
edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin seçkilərində
seçicilərin vaxtından əvvəl səs verməsi qaydaları haqqında

İ z a h

1.      Azərbaycan Respublikası Seçki Məcəlləsinin 104.4-cü maddəsinə əsasən müvafiq dairə seçki komissiyaları seçkilər günü Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərdə və yolu çətin yerlerdə səs vermə gününə ən çoxu 10 gün qalmış səs verməni keçirməyə icazə verə bilərlər. Bunun üçün dairə seçki komissiyası müvafiq qərar qəbul edir.
1.1.   Azərbaycan Respublikası Prezidentinin seçkiləri günü səsvermə saat 8.00-dan 19.00-a kimi keçirilir.
1.2.   Müvafiq dairə seçki komissiyası səsvermə gününə ən geci 20 gün qalmışadək Mərkəzi Seçki komissiyasına müraciət edərək, vaxtından əvvəl səsvermə keçirilməsinin səbəbləri barədə əsaslandırılmış məlumat verməlidir.
1.3.   Dairə seçki komissiyası təqdim etdiyi həmin məlumatda vaxtından əvvəl səsvermənin keçirilməsi nəzərdə tutulan seçki məntəqələrinin və həmin məntəqələrin seçici siyahılarındakı seçicilərin sayını, həmçinin seçki bülletenlərinin zəruri sayını göstərməlidir.
1.4.   Dairə seçki komissiyasının müraciətinə əsasən Mərkəzi Seçki Komissiyası səsvermə gününə ən geci 10 gün qalmış, müvafiq dairə seçki komissiyasına lazımi sayda seçki bülletenlərini dairə seçki komissiyası sədrinin və katiblərinin iştirakı ilə tərtib olunmuş akt əsasında verir.
Müstəsna hallarda, Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə təşkil edilmiş seçki məntəqələri üçün seçki bülletenlərinin, eləcə də səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyası protokolunun mətni radioqram vasitəsilə və ya başqa texniki vasitələrindən istifadə etməklə çatdırıla bilər.
1.5.   Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq məntəqə seçki komissiyası səsvermə başa çatdıqdan sonra 24 saatdan gec olmayaraq səsvermənin nəticələri haqqında protokolu dairə seçki komissiyasına təqdim edir.          
1.6.   Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft platformalarında, səsvermə günü üzən gəmilərdə, seçicilərin müvəqqəti olduqları yerlərdə – xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində, azadlıqdan məhrumetmə yerlərində, istintaq təcridxanalarında, müvəqqəti saxlanma yerlərində seçici siyahılarına daxil edilmiş bütün seçicilər səsvermədə iştirak ediblərsə, məntəqə seçki komissiyaları səsvermənin vaxtından əvvəl qurtarması haqqında məlumat verə bilərlər.       

 

 

 


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası