. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI


Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 27 iyun 2003-cü il tarixli 4/28 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin seçkiləri üzrə dairə və məntəqə seçki komissiyaları üzvlərinə əmək haqlarının ödənilməsi qaydaları haqqında Təlimat”a aşağıdakı dəyişikliklərin edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

27 may 2003-cü il tarixdə Azərbaycan Respublikasının Seçki Məcəlləsi qəbul edildikdən sonra Azərbaycan Respublikasında seçki münasibətləri həmin qanunla tənzimlənməyə başlayaraq qüvvədə olduğu dövr ərzində ona Azərbaycan Respublikasının 2003-cü il 11 noyabr, 2004-cü il 8 iyun, 12 oktyabr və 30 dekabr,  2005-ci il 4 mart, 14 iyun və 28 iyun, 2007-ci il 16 iyun, 2008-ci il 2 iyun tarixli Qanunları ilə sürətlə inkişaf edən seçki münasibətlərinin nizamlanması zərurətindən irəli gələn bir sıra əlavə və dəyişikliklər edilmişdir.
Qanunvericiliyə edilmiş bəzi əlavə və dəyişikliklər və bir sıra münasibətlərin tənzimlənməsi zərurəti ilə əlaqədar, habelə seçkilərin (referendumun) hazırlanıb həyata keçirilməsi üçün normativ xarakterli aktlar bazasının təkmilləşdirilməsi məqsədilə hazırda bəzi təlimatlara dəyişiklik və əlavə edilməsinə ehtiyac yaranmışdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü,  25.3-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq   q ə r a r a   a l ı r :

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 27 iyun 2003-cü il tarixli 4/28 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin seçkiləri üzrə dairə və məntəqə seçki komissiyaları üzvlərinə əmək haqlarının ödənilməsi qaydaları haqqında Təlimat”a aşağıdakı dəyişikliklər edilsin (Qərar N 12/57-1):

1.1. Təlimatın adından “Azərbaycan Respublikası Prezidentinin seçkiləri üzrə” söz birləşməsi çıxarılsın.

1.2. Təlimatın ikinci abzasındakı “azı 90 gün qalmış” sözləri “azı 45 gün qalmış” sözləri ilə əvəz edilsin.

1.3. Təlimatın altıncı abzasındakı “azı 90 gün qalmış” sözləri “azı 60 gün qalmış” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 12 iyul 2003-cü il tarixli 11/ 67 saylı Qərarı ilə təsdiq edilmiş “Seçicilərin vaxtından əvvəl səs verməsi qaydaları haqqında izah”a aşağıdakı əlavə və dəyişikliklər edilsin (Qərar N 12/57-2):

2.1. İzahın adına “Azərbaycan Respublikası Prezidentinin seçkilərində” sözləri əlavə edilsin.

2.2. İzaha aşağıdakı məzmunda 1-ci bənd əlavə edilsin:
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 104.4-cü maddəsinə əsasən müvafiq dairə seçki komissiyaları seçkilər günü Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərdə və yolu çətin yerlərdə səs vermə gününə ən çoxu 10 gün qalmış səs verməni keçirməyə icazə verə bilərlər.

2.3. İzahın 1.2-ci bəndi çıxarılsın.
2.4. İzahın 1.5-ci və 1.6-cı bəndlərindəki “zərflərin” sözü çıxarılsın və 1.5-ci bənddəki “zəruri miqdarını” sözü “zəruri sayını” sözü ilə əvəz edilsin.

2.5. İzahdakı sıralama müvafiq ardıcıllıqla aparılsın.

3. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 27 iyun 2003-cü il tarixli 4/27 saylı Qərarı ilə təsdiq edilmiş “2003-cü il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində hərbi hissələrdə seçkilərin təşkilinə dair Təlimat”a aşağıdakı əlavə və dəyişikliklər edilsin (Qərar N 12/57-3):

3.1. Təlimatın adından “2003-cü il oktyabrın 15-nə təyin edilmiş” söz birləşməsi çıxarılsın.

3.2. Təlimatın 1-ci bəndinin 2-ci abzasında “Seçki Məcəlləsinin 35.2-ci maddəsi ilə müəyyənləşdirilmiş müddətdə” söz birləşməsi “səsvermə gününə ən azı 50 gün qalmış” söz birləşməsi ilə əvəz edilsin.

3.3. Təlimatın 2-ci bəndinin 1-ci cümləsinə aşağıdakı məzmunda dəyişiklik edilsin:
Sərhəd qoşunlarının hərbi qulluqçuları və hərbi münaqişə zonasında yerləşdirilən hərbi qulluqçular, habelə müvafiq icra hakimiyyəti orqanlarının təqdimatı əsasında ümumi məntəqələrdə səs verməsi mümkün olmayan hərbi hissələrin hərbi qulluqçuları hərbi hissələrdə yaradılan seçki məntəqələrində səs verirlər.

 3.4. Təlimatın 6- cı bəndinin sonuna aşağıdakı cümlə əlavə edilsin:
Seçici siyahıları 2 nüsxədə tərtib edilir. Seçici siyahısına daxil edilmiş seçicilər haqqında məlumatlar siyahıda əlifba qaydasında yerləşdirilir. Siyahılarda seçicinin soyadı, adı, atasının adı, doğulduğu il, məskunlaşma yerinin ünvanı və seçki məntəqəsinin nömrəsi göstərilir.

4. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                                                                                                  Məzahir Pənahov

Müavin                                                                                              Svetlana Qasımova

Katib                                                                                                 Natiq Məmmədov

Üzvlər:

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası