. : TƏLİMATLAR

Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 27 iyun 2003-cü
il tarixli 4/28 saylı Qərarı ilə təsdiq
edilmişdir.

Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 16 avqust 2008-ci
il tarixli 12/57-1 saylı Qərarı ilə təsdiq
edilmişdir.

Dairə və məntəqə seçki komissiyaları üzvlərinə əmək haqlarının ödənilməsi qaydaları haqqında

T Ə L İ M A T

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 33-cü, 38-ci və 89-cu maddələrinə uyğun olaraq dairə və məntəqə seçki komissiyalarının üzvlərinə seçkilərin hazırlanması və keçirilməsi, o cümlədən seçki komissiyalarının səlahiyyətləri müddətində dövlət büdcəsindən pul təminatı ödənilir.
Mərkəzi Seçki Komissiyası seçkilərin keçirilməsi üçün lazım olan vəsaiti səsvermə gününə azı 45 gün qalmış dairə seçki komissiyalarına köçürür, onlar da alınmış pul vəsaitini səsvermə gününə azı 10 gün qalmış məntəqə seçki komissiyaları arasında bölüşdürürlər. Əlavə seçkilər keçirilərkən, seçkilərin vaxtında və ya tam maliyyələşdirilməsi mümkün olmadıqda seçki komissiyaları vəsaiti daxil olduqca bölüşdürür və köçürürlər.  Seçki komissiyalarının sədrləri seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitə dair sərəncam verir və maliyyə sənədlərinin seçki komissiyasının qərarlarına uyğunluğu, məsrəflər haqqında maliyyə hesabatlarının Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə təqdim edilməsi üçün məsuliyyət daşıyırlar. Dairə seçki komissiyasının sədri və katibi öz səlahiyyətləri dövründə dövlət büdcəsi hesabına əmək haqqı alırlar. Dairə seçki komissiyasının üzvləri seçkilərin təyin edilməsi haqqında səlahiyyətli dövlət orqanının qərarının dərc edildiyi gündən seçkilərin nəticələrinin dərc edildiyi günədək dövlət büdcəsi hesabına pul təminatı alırlar. Dairə seçki komissiyasının tərkibinə seçilən, dövlət və ya yerli büdcələrdən maliyyələşdirilən orqanlarda, təşkilatlarda və ya təsisatlarda qulluq edən üzvün əsas iş yeri üzrə aldığı əmək haqqı saxlanılır. Dairə seçki komissiyası üzvünün seçkilər dövründə seçki dəirəsinin ərazisində gediş-gəliş üçün hər cür ictimai nəqliyyatdan (taksi və sifarişli reyslər istisna olmaqla) istifadə xərcləri gediş-gəliş sənədləri təqdim olunduqda dairə seçki komissiyasının ayırdığı vəsait hesabına ödənilir. Dairə seçki komissiyaları bilavasitə seçkilərdən əvvəl yaradılırsa, onlar səsvermə gününə azı 60 gün qalmış təşkil edilməli və onlara pul təminatı təşkil edildikləri gündən etibarən ödənilməlidir.Məntəqə seçki komissiyasının sədri, katibi və üzvləri seçkilərin təyin edilməsi haqqında səlahiyyətli dövlət orqanının qərarının dərc edildiyi gündən seçkilərin nəticələrinin dərc edildiyi günədək olan müddətdə, habelə hər il seçici siyahılarının hazırlandığı dövrdə dövlət büdcəsi hesabına pul təminatı alırlar. Məntəqə seçki komissiyasının tərkibinə seçilən dövlət və ya yerli büdcələrdən maliyyələşdirilən orqanlarda, müəssisələrdə, təşkilatlarda və ya təsisatlarda qulluq edən şəxsin əsas iş yeri üzrə aldığı əmək haqqı saxlanılır.
Seçkilərin nəticələrinin dərc edildiyi gün, Seçki Məcəlləsinin 203-cü maddəsinə müvafiq olaraq, Prezident seçkilərinin nəticələri barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarının dərc edildiyi gün hesab olunur.  Məntəqə seçki komissiyasının 2-dən çox üzvü bələdiyyə qulluğunda ola bilməz. Həmin üzvlər məntəqə seçki komissiyasının işində yalnız seçkilər dövründə iştirak edirlər və onların əsas iş yerləri saxlanılır. Məntəqə seçki komissiyaları bilavasitə seçkilərdən əvvəl yaradılırsa, onlar səsvermə gününə azı 40 gün qalmış təşkil edilməli və onlara pul təminatı təşkil edildikləri gündən etibarən ödənilməlidir.Müvafiq seçki komissiyasının təqdimatı ilə seçkilərin hazırlanması və keçirilməsi dövründə Seçki Məcəlləsinin 36.3-cü maddəsində göstərilən və bələdiyyə vəzifələrindən azad edilməmiş məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvünün işlədiyi yerdə orta aylıq əmək haqqı saxlanılır və Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi qaydada və həcmdə müvafiq seçki komissiyası tərəfindən ona əlavə əmək haqqı ödənilir.        
Nəqliyyat xərcləri, o cümlədən ucqar və yolu çətin yerlərdə  nəqliyyat xərcləri, həmçinin seçkilərin keçirilməsi ilə bağlı ezamiyyət xərcləri, eləcə də seçki komissiyalarının səlahiyyətləri və fəaliyyəti ilə bağlı digər xərclər seçki komissiyalarının işinin təmin edilməsi üçün ayrılan vəsaitdən ödənilir.Seçkilər müddətində dairə və məntəqə seçki komissiyalarının işinə mülki müqavilə əsasında cəlb edilmiş ştatdankənar işçilərə də əmək haqqı ödənilir.Seçki komissiyalarına ayrılmış pul vəsaitindən təyinatı üzrə istifadəsinə nəzarəti Mərkəzi Seçki Komissiyasında, dairə seçki komissiyasında yaradılmış nəzarət-təftiş xidmətləri, dairə seçki komissiyalarının sədrləri həyata keçirirlər.Seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılmış vəsaitin daxil olması və xərclənməsi haqqında seçki komissiyalarının Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri hesabatlarda seçki komissiyası üzvlərinin və komissiya aparatı işçilərinin, mülki müqavilə üzrə komissiyada işləməyə cəlb edilmiş ştatdankənar işçilərin əmək haqlarının ödənilməsi də əks olunmalıdır.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası