. : TƏLİMATLAR

Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 12 iyul 2003-cü
il tarixli 11/71 saylı Qərarı ilə təsdiq
edilmişdir.

Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 9 avqust 2008-ci
il tarixli 10/49-3 saylı Qərarı ilə təsdiq
edilmişdir.

 Azərbaycan Respublikası Prezidentinin seçkilərində
Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən
gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına
məxsus sektorunda yerləşən neft platformasında və neft hasilatı platformalarında, xəstəxanalarında, sanatoriyalarında, istirahət  evlərində azadlıqdan məhrumetmə yerlərində, istintaq
təcridxanalarında  seçkilərin təşkili haqqında

T ə l i m a t

 1. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.4-cü maddəsinə əsasən Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft platformalarında, səsvermə günü Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində) seçicilərin sayı 50-dən artıq olduqda səsvermə gününə azı 50 gün qalmış müvafiq dairə seçki komissiyası tərəfindən seçki məntəqələri yaradılır. Bu məqsədlə dairə seçki komissiyası Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin və seçicilərin müvəqqəti olduqları yerlərin rəhbərlərinə müraciət edərək seçicilərin sayını dəqiqləşdirir.
1.1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft platformalarında, seçicilərin müvəqqəti olduqları yerlərdə müstəsna hallarda seçki məntəqələri seçkilərə azı 5 gün qalmış yaradılır və səsvermənin təşkili gəminin kapitanına və seçicilərin müvəqqəti olduqları müəssisələrin rəhbərlərinə tapşırılır. Belə seçki məntəqələri yerləşdikləri və ya gəminin qeydiyyatda olduğu yerdə yaradılmış seçki dairəsinin tərkibinə daxil olur.
1.2. Seçicilərin müvəqqəti olduqları yerlərdə, səsvermə günü üzən gəmilərdə yaradılmış seçki məntəqələri üzrə seçici siyahıları seçicilərin müvəqqəti olduqları müəssisənin rəhbərinin, gəmi kapitanının seçicilər haqqında təqdim etdiyi və məntəqə seçki komissiyası tərəfindən yoxlanılmış məlumat əsasında məntəqə seçki komissiyası tərəfindən səsvermə gününə azı 5 gün qalmış təsdiq edilir.
1.3. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərə, neft platformalarına seçki sənədlərinin çatdırılmasını Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi təmin etməlidir.
1.4. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft platforması və neft hasilatı platformalarında səsvermənin nəticələri haqqında məlumat başqa üsulla mümkün olmadıqda radio və digər rabitə vasitəsilə çatdırıla bilər.
2. Xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində seçki məntəqələri o zaman təşkil edilə bilər ki, həmin yerlərdə qalıb müalicə olunan və ya dincələn seçki hüquqlu vətəndaşların orta sayı 50-dən artıq olsun. Müalicə alan və dincələn seçicilərin orta sayı haqqında məlumat xəstəxana, sanatoriya, istirahət evləri müdiriyyətinin arayışı əsasında təsdiq olunur. Yanlış məlumat verən müəssisə rəhbərləri qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə cəlb edilirlər. Seçki məntəqələri müvafiq dairə seçki komissiyalarının qərarı ilə səsvermə gününə azı 50 gün qalmış, müstəsna hallarda isə Mərkəzi Seçki Komissiyasının qərarı ilə ifadə edilmiş razılıq əsasında səsvermə gününə azı 5 gün qalmış yaradıla bilər. Belə seçki məntəqələri yerləşdikləri yer üzrə yaradılmış seçki dairəsinin tərkibinə daxil olur.
2.1. İstintaq təcridxanalarının və cəzaçəkmə müssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (istintaq təcridxanalarında saxlanılan, təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahıları həmin müəssisələrin rəhbərlərinin seçicilər haqqında məlumatı əsasında səsvermə gününə azı 25 gün qalmış məntəqə seçki komissiyası tərəfindən dəqiqləşdirilir.
2.2. İstintaq təcridxanalarında və müvafiq cəzaçəkmə müəssisələrində seçki məntəqəsi yaradılmayıbsa, həmin müəssisə rəhbərləri seçicilər haqqında məlumatları toplayıb dəqiqləşdirir, səsvermə gününə azı 35 gün qalmış müvafiq məntəqə seçki komissiyasına təqdim edirlər.
2.3. Barələrində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmayan və həbs qəti imkan tədbiri seçilmiş şəxslər istintaq təcridxanaları rəhbərliyinin məntəqə seçki komissiyasına təqdim etdiyi məlumat əsasında seçici siyahılarına daxil edilirlər.
2.4. Azadlıqdan məhrumetmə yerlərində, istintaq təcridxanalarında seçki məntəqəsi yaradılmadıqda, həmin yerlərdə səsvermənin keçirilməsini müvafiq məntəqə seçki komissiyasının azı 2 üzvü seçicilərin sayına uyğun miqdarda seçki bülleteni götürərək müşahidəçilərin iştirakı ilə səsvermə keçirilməsini təmin edir.
2.5. Müvəqqəti saxlanılma təcridxanasının müdiriyyəti inzibati qaydada həbs olunan şəxslərin səs vermək üçün yazılı ərizələrini yaxınlıqdakı seçki məntəqəsinin məntəqə seçki komissiyasına təqdim edir. Məntəqə seçki komissiyasının 2 üzvü daşınan seçki qutusunu bağlayıb möhürləyir və inzibati qaydada saxlama yerlərində cəzaçəkən şəxslərin səsverməsini təmin edir.
2.6. İstintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində cəza çəkən, səs vermək hüququ olan şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hazırlanıb təsdiq edilmiş xüsusi vəsiqə əsasında səs verirlər.
2.7. Xüsusi vəsiqənin forması Mərkəzi Seçki Komissiyası ilə razılaşdırılır. Məhkumun fotoşəkli olan xüsusi vəsiqə onun doğulduğu tarix göstərilməklə, cəzaçəkmə müəssisəsi müdiriyyətinin imzası ilə möhürlə təsdiqlənməlidir.

 


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası