. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI


Aşağıda göstərilən normativ xarakterli aktların qəbul edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

27 may 2003-cü il tarixdə Azərbaycan Respublikasının Seçki Məcəlləsi qəbul edildikdən sonra Azərbaycan Respublikasında seçki münasibətləri həmin qanunla tənzimlənməyə başlayaraq qüvvədə olduğu dövr ərzində ona Azərbaycan Respublikasının 2003-cü il 11 noyabr, 2004-cü il 8 iyun, 12 oktyabr və 30 dekabr,  2005-ci il 4 mart, 14 iyun və 28 iyun, 2007-ci il 16 iyun, 2008-ci il 2 iyun tarixli Qanunları ilə sürətlə inkişaf edən seçki münasibətlərinin nizamlanması zərurətindən irəli gələn bir sıra əlavə və dəyişikliklər edilmişdir.
Qanunvericiliyə edilmiş bəzi əlavə və dəyişikliklər və bir sıra münasibətlərin tənzimlənməsi zərurəti ilə əlaqədar, habelə seçkilərin (referendumun) hazırlanıb həyata keçirilməsi üçün normativ xarakterli aktlar bazasının təkmilləşdirilməsi məqsədilə hazırda bəzi təlimatların qəbul edilməsinə və onlara bəzi əlavə və dəyişiklik etmək ehtiyacı yaranmışdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü,  25.3-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq   q ə r a r a   a l ı r :

a) Aşağıda göstərilən normativ xarakterli aktlar qəbul edilsin:

  • Dairə seçki komissiyalarının formalaşdırılması qaydaları haqqında Təlimat (Qərar N 10/49 – 1);
  • Məntəqə seçki komissiyalarının formalaşdırılması qaydaları haqqında Təlimat (Qərar N 10/49 – 2).

b) Müvafiq seçkilərin (referendumun) hazırlanıb keçirilməsi üçün qəbul edilmiş və eyni münasibətləri tənzim edən normativ xarakterli aktlar qüvvədən düşmüş hesab edilsin.

c) Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 12 iyun 2003-cü il tarixli 11/71 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft platformasında və neft hasilatı platformalarında, xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində, azadlıqdan məhrumetmə yerlərində, istintaq təcridxanalarında seçkilərin təşkili haqqında” Təlimata aşağıdakı əlavə və dəyişikliklər edilsin (Qərar 10/49-3):

1. Təlimatın 1.1-ci bəndindəki “seçicilərin sayı 50 nəfərdən az olduqda” sözləri “müstəsna hallarda” sözləri ilə əvəz edilsin.

2. Təlimatın 2-ci bəndindəki “seçki təyin edildiyi gündən əvvəl gələn, azı 5 gün ərzində” sözləri çıxarılsın.

3. Təlimatın 2-ci bəndindəki 3-cü cümlə çıxarılsın.

4. Təlimatın 2.1-ci bəndi çıxarılsın və aşağıdakı məzmunda 2.1-ci və 2.2.-ci bəndlər əlavə edilsin:

2.1. İstintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (istintaq təcridxanalarında saxlanılan, təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahıları həmin müəssisələrin rəhbərlərinin seçicilər haqqında məlumatı əsasında  səsvermə gününə azı 25 gün qalmış məntəqə seçki komissiyası tərəfindən dəqiqləşdirilir.

2.2. İstintaq təcridxanalarında və  müvafiq cəzaçəkmə müəssisələrində seçki məntəqəsi yaradılmayıbsa, həmin müəssisə rəhbərlər seçicilər haqqında məlumatları toplayıb dəqiqləşdirir, səsvermə gününə azı 35 gün qalmış müvafiq məntəqə seçki komissiyasına təqdim edirlər. 

5. Təlimatın 2.4-cü bəndindəki “və bu saya uyğun miqdarda zərf” sözləri çıxarılsın.

6. Təlimatın 2.5-ci bəndindəki “cəzaçəkmə” sözündən əvvəl “istintaq təcridxanalarında” sözü əlavə edilsin.

7. Təlimatın 2.6-cı bəndindəki 2-ci abzas çıxarılsın.

d)  Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                                                                                                   Məzahir Pənahov

Müavin                                                                                                Svetlana Qasımova

Katib                                                                                                  Natiq Məmmədov

Üzvlər                                                                                                 Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası