. : TƏLİMATLAR

Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 9 avqust 2008-ci
il tarixli 10/49-2 saylı Qərarı ilə təsdiq
edilmişdir.

 Məntəqə seçki komissiyalarının formalaşdırılması
qaydaları haqqında

TƏLİMAT

1. Məntəqə seçki komissiyalarının formalaşdırılmasına dair ümumi tələblər və komissiyaların üzvlüyünə namizədlərin irəli sürülməsi qaydası
1.1. Məntəqə seçki komissiyaları müvafiq dairə seçki komissiyaları tərəfindən səsvermə gününə azı 40 gün qalmış təşkil olunur.
1.2. Məntəqə seçki komissiyası 6 üzvdən ibarətdir.
1.3. Məntəqə seçki komissiyasının 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını dairə seçki komissiyasında təmsil edən üzvlər tərəfindən təqdim edilir.

2.      Məntəqə seçki komissiyasının üzvlüyünə namizədləri və onlarla birlikdə əvəzedici üzvləri müvafıq siyasi partiyaların yerli təşkilatları da partiya nizamnaməsinə uyğun olaraq müəyyən edə və siyasi partiyaları dairə seçki komissiyasında təmsil edən komissiyanın üzvlərinə təqdim edə bilərlər. Siyasi partiyaların yerli təşkilatları qərar qəbul etdikdən sonra təsdiqlənmiş qərar, protokol və namizədlərin razılıq ərizələri müraciətlə birlikdə müvafiq dairə seçki komissiyasına göndərilir və müvafiq olaraq deputatları Milli Məclisdə çoxluq və azlıq təşkil edən dairə seçki komissiyasının üzvlərinə təqdim edilir.
2.1.   Məntəqə seçki komissiyasının üzvlüyünə namizədləri heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını təmsil edən dairə seçki komissiyası üzvlərinə seçicilər də (seçicilərin təşəbbüs qrupları da) təklif edə bilərlər.
2.2. Hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyasının üzvlüyünə namizəd irəli sürmək üçün azı 10 nəfərdən ibarət seçicilərin təşəbbüs qrupu yaradılır. Bunun üçün onlar öz yığıncaqlarını keçirməlidirlər. Təşəbbüs qrupunun bütün üzvləri müvafiq seçki məntəqəsinin ərazisində yaşamalıdırlar. Təşəbbüs qrupu yaratmaq istəyən seçicilər bələdiyyə qurumunun rəhbərliyinə, və ya ərazi üzrə icra hakimiyyətinin yerli nümayəndəsinə yığıncaq keçirmək üçün yer ayrılması barədə yazılı müraciət edə bilərlər. Həmçinin seçicilərin təşəbbüs qrupunun yığıncağı seçicilərin yaşayış yeri üzrə, icra və bələdiyyə qurumlarının, o cümlədən digər hüquqi şəxslərin ərazi və binalarında keçirilə bilər. Müvafiq yer müəyyənləşdirildikdən sonra təşəbbüs qrupu yaratmaq istəyən seçicilərə yığıncağın keçirilməsi üçün ayrılmış yer  və vaxt barədə məlumat verilir.
2.2.1. Yığıncaqda aşağıdakı məsələlər müzakirə olunur:
2.2.2. seçicilərin təşəbbüs qrupunun yaradılması;
2.2.3. müvafiq məntəqə seçki komissiyasının üzvlüyünə namizəd irəli sürülməsi;
2.2.4. məntəqə seçki komissiyasına əvəzedici üzvün namizədliyinin irəli sürülməsi.
2.3. İclasda iştirak edən hər bir seçicinin soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi iclas protokolunda gostərilir.
2.4. İclasda müvafiq məntəqə seçki komissiyasının üzvlüyünə namizədin və əvəzedici üzvünün namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilir. Qəbul edilmiş qərar və iclasın protokolu iclasın sədri və katibi tərəfindən imza edilməklə təsdiqlənir.
2.5. Seçicilərin təşəbbüs qrupu iclasının qərarı və protokolu, əgər iclas idarə, müəssisə və ya təşkilatda keçirilirsə, onların möhüründən istifadə edilməklə, seçicilərin yaşayış yeri üzrə keçirilirsə, mənzil istismar   sahəsinin   və   ya   bələdiyyənin möhüründən istifadə edilməklə təsdiqlənə bilər.
2.6. Seçicilərin təşəbbüs qrupu qərar qəbul etdikdən sonra təsdiqlənmiş qərarı, protokolu və namizədlərin razılıq ərizələrini müraciətlə birlikdə dairə seçki komissiyasına göndərir. Dairə seçki komissiyasında bütün məntəqələr üzrə irəli sürülmüş namizədlər ümumiləşdirilir və heç bir siyasi partiyaya mənsub olmayan deputatları təmsil edən dairə seçki komissiyasının üzvlərinə təqdim edilir.
2.7. Seçicilərin təşəbbüs qrupunun üzvləri və məntəqə seçki komissiyasının üzvlüyünə namizədlər bitərəf olmalıdırlar.
2.8. Məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri ilə birlikdə eyni şərtlər əsasında əvəzedici üzvlərin də namizədliyi irəli sürülür. Bütün namizədlər müvafiq seçki dairəsinin ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları olmalıdırlar. Məntəqə seçki komissiyasının iki nəfərdən çox üzvü bələdiyyə qulluğunda ola bilməz.
2.9. Namizədlikləri irəli sürülənlər sırasından aşağıda göstərilən şəxslər məntəqə seçki komissiyası üzvü kimi fəaliyyət göstərə bilməzlər:
2.9.1. referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçülərinin, namizədlərin, qeydə alınmış namizədlərin, namizəd irəli sürmüş siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin, vəkil edilmiş şəxslərin, müşahidəçilərin, seçki komissiyalarının məşvərətçi səs hüquqlu üzvlərinin, eləcə də namizədlərin, qeydə alınmış namizədlərin bilavasitə tabeliyində olan və onların Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yaxın qohumlarının, həyat yoldaşlarının və həyat yoldaşlarının yaxın qohumlarının (uşaqlar, valideynlər, övladlığa götürülənlər, qardaşlar, bacılar, nəvələr, babalar, nənələr);
2.9.2. dövlət hakimiyyəti orqanlarının seçkili və ya vəzifəli şəxslərinin;
2.9.3. xarici ölkə vətəndaşlarının;
2.9.4. haqqında məhkəmənin ittiham hökmü qanuni qüvvəyə minmiş şəxslərin;
2.9.5. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli  hesab edilən şəxslərin;
2.9.6. digər seçki komissiyasının üzvlərinin;
2.9.7. siyasi partiya üzvlərinin;
2.9.8. seçki qanunvericiliyini əvvəllər pozmuş və yuxarı seçki komissiyasının qərarı ilə seçki komissiyasının tərkibindən xaric edilmiş şəxslərin;
2.9.9. əvvəllər seçki qanunvericiliyini pozmaları məhkəmənin qərarı ilə təsdiq edilmiş şəxslərin;
2.9.10. yaşı 18-dən az olan şəxslərin.

3. Məntəqə seçki komissiyası üzvlüyünə namizədlərin təyin olunması qaydası
3.1. Milli Məclisdə azlıq və çoxluq təşkil edən siyasi partiyaları, həmçinin heç bir siyasi partiyaya mənsub olmayan deputatları dairə seçki komissiyalarında təmsil edən komissiya üzvləri təqdim olunan sənədləri araşdırır, razılaşdıqları təqdirdə, onların namizədliyini dairə seçki komissiyasında irəli sürür və qərar qəbul olunması üçün dairə seçki komissiyasının iclasına çıxarırlar. Məsələnin dairə seçki komissiyasının iclasında müzakirə edilməsi əsasında komissiya bu barədə müvafiq qərar qəbul edir.
3.2. Məntəqə seçki komissiyasının üzvünün səlahiyyətləri onun təyin edilməsi haqqında qərarın qüvvəyə minməsindən sonra başlanır, komissiyanın səlahiyyət müddəti ilə məhdudlaşır. Təsdiq olunmuş məntəqə seçki komissiyası üzvünə dairə seçki komissiyası tərəfindən müvafiq vəsiqə verilir.

 

 

 


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası