Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 9 avqust 2008-ci
il tarixli 10/49-1 saylı Qərarı ilə təsdiq
edilmişdir.
Dairə seçki komissiyalarının formalaşdırılması
qaydaları haqqında
T Ə L İ M A T
1. Dairə seçki komissiyalarının formalaşdırılmasına dair ümumi tələblər və komissiyaların üzvlüyünə namizədlərin irəli sürülməsi qaydası
1.1. Dairə seçki komissiyaları Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 60 gün qalmış təşkil olunur.
1.2. Dairə seçki komissiyası 9 üzvdən ibarətdir.
1.3. Dairə seçki komissiyasının 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən digər 3 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən təqdim edilir. Dairə seçki komissiyasının üzvlüyünə namizədlərdən ikisi maraqlı tərəflərlə – bir namizəd Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edən komissiya üzvləri ilə razılaşdırılır.
2. Dairə seçki komissiyalarının üzvlüyünə namizədləri və onlarla birlikdə əvəzedici üzvləri müvafıq siyasi partiyaların yerli təşkilatları da partiya nizamnaməsinə uyğun olaraq müəyyən edə və siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiyanın üzvlərinə təqdim edə bilərlər. Siyasi partiyaların yerli təşkilatları qərar qəbul etdikdən sonra təsdiqlənmiş qərar, protokol və namizədlərin razılıq ərizələri müraciətlə birlikdə Mərkəzi Seçki Komissiyasına göndərilir və müvafiq olaraq deputatları Milli Məclisdə çoxluq və azlıq təşkil edən Mərkəzi Seçki Komissiyasının üzvlərinə təqdim edilir.
2.1. Dairə seçki komissiyalarının üzvlüyünə namizədləri heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını təmsil edən Mərkəzi Seçki Komissiyasının üzvlərinə seçicilər də (seçicilərin təşəbbüs qrupları da) təklif edə bilərlər.
2.2. Hər bir seçki dairəsi üzrə dairə seçki komissiyasının üzvlüyünə namizəd irəli sürmək üçün azı 15 nəfərdən ibarət seçicilərin təşəbbüs qrupu yaradılır. Bunun üçün onlar öz yığıncaqlarını keçirməlidirlər. Təşəbbüs qrupunun bütün üzvləri müvafiq seçki dairəsinin ərazisində yaşamalıdırlar. Təşəbbüs qrupu yaratmaq istəyən seçicilər mwvafiq bələdiyyə qurumunun rəhbərliyinə və ya ərazi üzrə icra hakimiyyətinin yerli nümayəndəsinə yığıncaq keçirmək üçün yer ayrılması barədə yazılı müraciət edə bilərlər. Həmçinin seçicilərin təşəbbüs qrupunun yığıncağı seçicilərin yaşayış yeri üzrə, icra və bələdiyyə qurumlarının, o cümlədən digər hüquqi şəxslərin ərazi və binalarında keçirilə bilər. Müvafiq yer müəyyənləşdirildikdən sonra təşəbbüs qrupu yaratmaq istəyən seçicilərə yığıncağın keçirilməsi üçün ayrılmış yer və vaxt barədə məlumat verilir.
2.2.1. Yığıncaqda aşağıdakı məsələlər müzakirə olunur:
2.2.2. seçicilərin təşəbbüs qrupunun yaradılması;
2.2.3. müvafiq dairə seçki komissiyasının üzvlüyünə namizədin irəli sürülməsi;
2.2.4. dairə seçki komissiyasının əvəzedici üzvlüyünə namizədin irəli sürülməsi.
2.3. İclasda iştirak edən hər bir seçicinin soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi iclas protokolunda göstərilir.
2.4. İclasda müvafiq dairə seçki komissiyasının üzvlüyünə namizədin və əvəzedici üzvünün namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilir. Qəbul edilmiş qərar və iclasın protokolu iclasın sədri və katibi tərəfindən imza edilməklə təsdiqlənir.
2.5. Seçicilərin təşəbbüs qrupunun iclasının qərarı və protokolu, əgər iclas idarə, müəssisə və ya təşkilatda keçirilirsə, onların möhüründən, seçicilərin yaşayış yeri üzrə keçirilirsə, mənzil-istismar sahəsinin və ya bələdiyyənin möhüründən istifadə edilməklə təsdiqlənə bilər. Qərar və protokol notariat qaydasında da təsdiq oluna bilər.
2.6. Seçicilərin təşəbbüs qrupu qərar qəbul etdikdən sonra təsdiqlənmiş qərarı, protokolu və namizədlərin razılıq ərizələrini müraciətlə birlikdə Mərkəzi Seçki Komissiyasına göndərir. Mərkəzi Seçki Komissiyasında bütün dairələr üzrə irəli sürülən namizədlər ümumiləşdirilir və heç bir siyasi partiyaya mənsub olmayan deputatları təmsil edən Mərkəzi Seçki Komissiyasının üzvlərinə təqdim edilir.
2.7. Seçicilərin təşəbbüs qrupunun üzvləri və dairə seçki komissiyasının üzvlüynə namizədlər bitərəf olmalıdırlar.
2.8. Dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvlərilə birlikdə eyni şərtlərlə əvəzedici üzvlərin də namizədliyi irəli sürülür.
2.9. Namizədlikləri irəli sürülənlər sırasından aşağıda göstərilən şəxslər dairə seçki komissiyasının üzvü kimi fəaliyyət göstərə bilməzlər:
2.9.1. referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçülərinin, namizədlərin, qeydə alınmış namizədlərin, namizədi irəli sürmüş siyasi partiyaların, siyasi partiya bloklarının səlahiyyətli nümayəndələrinin, vəkil edilmiş şəxslərin, müşahidəçilərin, seçki komissiyalarının məşvərətçi səs hüquqlu üzvlərinin, eləcə də namizədlərin, qeydə alınmış namizədlərin bilavasitə tabeliyində olan və onların Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yaxın qohumlarının, həyat yoldaşlarının və həyat yoldaşlarının yaxın qohumlarının (uşaqlar, valideynlər, övladlığa götürülənlər, qardaşlar, bacılar, nəvələr, babalar, nənələr);
2.9.2. dövlət hakimiyyəti orqanlarının və bələdiyyələrin seçkili və ya vəzifəli şəxslərinin;
2.9.3. xarici ölkə vətəndaşlarının;
2.9.4. haqqında məhkəmənin ittiham hökmü qanuni qüvvəyə minmiş şəxslərin;
2.9.5. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin;
2.9.6. digər seçki komissiyasının üzvlərinin;
2.9.7. siyasi partiya üzvlərinin;
2.9.8. seçki qanunvericiliyini əvvəllər pozmuş və yuxarı seçki komissiyasının qərarı ilə seçki komissiyasının tərkibindən xaric edilmiş şəxslərin;
2.9.9. əvvəllər seçki qanunvericiliyini pozmaları məhkəmə qərarı ilə təsdiq edilmiş şəxslərin;
2.9.10. yaşı 18-dən az olan şəxslərin.
3. Dairə seçki komissiyasının üzvlüyünə namizədlərin təyin olunması qaydası.
3.1. Milli Məclisdə azlıq və çoxluq təşkil edən siyasi partiyaları, həmçinin heç bir siyasi partiyaya mənsub olmayan deputatları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri təqdim olunan sənədləri araşdırır, razılaşdıqları təqdirdə, onların namizədliyini Mərkəzi Seçki Komissiyasında irəli sürür və qərar qəbul olunması üçün Mərkəzi Seçki Komissiyasının iclasına çıxarırlar. Məsələnin Mərkəzi Seçki Komissiyasının iclasında müzakirə edilməsi əsasında komissiya bu barədə müvafiq qərar qəbul edir.
3.2. Dairə seçki komissiyasının üzvünün səlahiyyətləri onun təyin edilməsi haqqında qərarın qüvvəyə minməsindən sonra başlanır, komissiyanın səlahiyyət müddəti ilə məhdudlaşır. Təsdiq olunmuş dairə seçki komissiyası üzvünə Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq vəsiqə verilir.
|