Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
02 sentyabr 2004-cü il tarixli
17/110 saylı Qərarı ilə təsdiq edilmişdir.
Bələdiyyə seçkilərində seçkiqabağı təşviqatın aparılması üçün qeydə alınmış namizədlər, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyalar bloku arasında teleradio verilişlərində efir vaxtının, eləcə də dövri nəşrlərin səhifələrində yer ayrılması üçün seçki komissiyaları tərəfindən keçirilən püşkatmanın
Q A Y D A S I
1. Seçkiqabağı təşviqatın aparılması üçün qeydə alınmış namizədlər (bundan sonra namizədlər) arasında teleradio verilişlərində efir vaxtlarının, eləcə də dövri nəşrlərin səhifələrində yer ayrılması Azərbayçan Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənir.
2. Azərbayçan Respublikasının Seçki Məcəlləsinə əsasən seçkiqabağı materialların efirəçıxma və nəşredilmə tarixi və vaxtı müvafiq seçki komissiyasının və teleradio verilişləri təşkilatlarının, eləcə də dövri nəşrlərin redaksiyalarının nümayəndələrinin iştirakı ilə keçirilən püşkatma ilə müəyyənləşdirilir.
3. Püşkatmanın keçirilməsinin yeri və tarixi haqqında müvafiq seçki komissiyasının məlumatı qanunla müəyyən olunmuş qaydada dərc edilir.
4. Püşkatma keçirilməsində Azərbaycan Respublikası Seçki Məcəlləsinin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslərin iştirak etmək hüququ vardır. Püşkatma komissiyası tərəfindən tərtib olunub, müvafiq seçki komissiyasının təsdiq etdiyi efir vaxtının verilməsi cədvəli, namizədlərə siyasi partiyalara və siyasi partiyalar blokuna pulsuz efir vaxtı ayrılması üçün əsasdır.
5. Püşkatma keçirilməsinin təşkili, efir vaxtının və dövri nəşrlərin səhifələrində yerlərin verilməsi cədvəlinin tərtibi üçün püşkatma komissiyası müvafiq seçki komissiyasının üzvləri sırasından üç nəfərdən ibarət tərkibdə yaradılır.
6. Püşkatma komissiyası püşkatmanın keçirilməsi yeri, tarixi və vaxtı barədə buna hüququ olan şəxslərə püşkatmanın keşirilməsinə ən azı 24 saat qalmışadək məlumat verməlidir.
7. Püşkatma komissiyası, elan edilmiş gündə, saatda və yerdə bələdiyyə üzvlüyünə namizədlər və ya onların tapşırığı ilə səlahiyyətli nümayəndələri, eləcə də, namizəd irəli sürmüş siyasi partiyaların, siyasi partiya bloklarının səlahiyyətli nümayəndələri arasında müvafiq teleradio şirkəti nümayəndələrinin iştirakı ilə püşkatma keçirir.
8. Püşkatma üçün adları siyahıda olan namizədlərin sayına müvafiq miqdarda eyni ölçülü, bir-birindən fərqlənməyən dördkünc kağız parçaları hazırlanır. Həmin kağız parçaları nömrələnir, dörd yerə bükülür və qutuya salınaraq qarışdırılır. Sonra namizədlərin və ya səlahiyyətli nümayəndələrin hər biri növbə ilə qutudan bir büküm çıxararaq, kağızda yazılmış nömrəni elan edir. Namizədlər və ya səlahiyyətli nümayəndələr püşkatmada iştirak etmədikdə müvafiq seçki komissiyası bunu püşkatma keçirilməsində iştirak edən şəxslərin razılığı ilə digər bitərəf şəxsə həvalə edə bilər. Püşkatmanın nəticələrinə ğörə müvafiq seçki komissiyası tərəfindən cədvəl tərtib olunur.
9. Müvafiq seçki komissiyası tərəfindən püşkatmanın keçirildiyi gün püşkatmanın nəticələrinə dair cədvəl təsdiq edilməlidir.
10. Püşkatmanın nəticələri protokolla rəsmiləşdirilir. Püşkatma nəticəsində efir vaxtının bölgüsü müvafiq seçki komissiyası tərəfindən dərc olunur.
Seçkiqabağı təşviqatın aparılması üçün teleradio verilişləri təşkilatlarının ayırdıqları efir vaxtının və dövri nəşrlər redaksiyalarının ayırdıqları səhifələrdə yerlərin ümumi həcmi və ayrılma qaydası Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənir.