. : TƏLİMATLAR


Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 5 oktyabr 2005-ci il tarixli
40/187 saylı Qərarı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə 2005-ci il noyabrın 6-da keçiriləcək seçkilərdə səsvermə günü seçki bülletenlərini alan zaman seçicilərin barmaqlarının gözlə görünməyən mürəkkəblə işarələnməsi qaydalarına dair

T Ə L İ M A T

1. Bu təlimat Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 25 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə Mərkəzi Seçki Komissiyasına verilmiş tövsiyələrə uyğun olaraq seçicilərin səsvermə günü seçki bülletenləri aldıqları zaman barmaqlarının gözlə görünməyən mürəkkəblə işarələnməsi və belə mürəkkəbin aşkar edilməsi qaydalarını müəyyən edir.

2. Məntəqə seçki komissiyaları səsvermə günü seçki bülleteni alarkən seçicnin barmağının işarələnməsini xüsusi tərkibli zərərsiz maye mürəkkəbdən istifadə etməklə həyata keçirir. Seçicinin barmağı çiləmə üsulu ilə işarələnir. Seçicnin barmağının mürəkkəblə işarələnməsini müəyyən etmək üçün ultrabənövşəyi lampadan istifadə edilir.

3. Bu Təlimatın 2-ci bəndində göstərilən məqsədlə hər seçki məntəqəsinə azı 1 ədəd ultrabənövşəyi lampa və bir dəst ehtiyat batareya, seçicilərin sayı nəzərə alınmaqla 500 nəfərə 1, 1000 nəfərərə 2, 1500 nəfərə 3 ədəd çiləyicisi olan mürəkkəb balonu verilir. Həmin vəsaitlər Mərkəzi Seçki Komissiyası tərəfindən dairə seçki komissiyalarının sədrlərinə akt tərtib edilməklə verilir.

4. Dairə seçki komissiyasının sədri bu Təlimatın 3-cü bəndlərində göstərilən mürəkkəb balonlarını və ultrabənövşəyi lampaları və batareyaları məntəqə seçki komissiyasının sədrinə səsvermə gününə ən geci 2 gün qalmış akt tərtib edilməklə yararlı halda verir.

Mürəkkəb balonlarının və ultrabənövşəyi lampaların dairə və məntəqə seçki komissiyalarında etibarlı mühafizəsi təmin edilməlidir. Həmin vəsaitlərdən yalnız bu təlimatla müəyyən edilmiş məqsədlərlə istifadə edilməsinə və saxlanmasına müvafiq seçki komissiyasının sədri şəxsən məsuliyyət daşıyır.

5. Seçicinin barmağının gözlə görünməyən mürəkkəblə işarələnməsi və yoxlanılması prosesini Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 40.2, 40.4-cü maddələrində göstərilən şəxslər və kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə edə bilər.

6. Mürəkkəb balonu və ultrabənövşəyi lampa seçki məntəqəsi açılmazdan əvvəl müşahidəçilərin müşahidəsi ilə səsvermə otağında yoxlanılır. Vəsaitlərdən hər hansı biri və ya hamısı işlək vəziyyətdə olmazsa və qüsurların aradan qaldırılması mümkün deyilsə bu barədə komissiya üzvləri tərəfindən akt tərtib olunur, dərhal dairə seçki komissiyasına məlumar verilir. Dairə seçki komissiyasının sədri həmin məntəqə seçki komissiyasını yeni vasitələrlə təxirəsalınmadan təmin etməyə borcludur. Həmin vasitələr səsvermə otağında saxlanılmalədır.

7. Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi “Səsvermə günü məntəqə seçki komissiyalarının iş qaydası haqqında” Təlimatla müəyyən edilmiş qaydada səsvermə günü seçki məntəqəsinə gələn seçiciləri qarşılayan seçki komissiyasının üzvü əvvəlcə ultrabənövşəyi lampadan istifadə etməklə seçicinin barmağında gözlə görünməyən mürəkkəbin olub-olmamasını yoxlayır. Komissiya üzvü lampanı barmaqdan 2-3 sm məsafədə, parlaq işıqdan kənarda saxlamalıdır. Barmağın müvafiq mürəkkəblə rəngləndiyi aşkar edilərsə, seçki komissiyasının üzvü seçicidən seçki məntəqəsini tərk etməyi xahiş edir. Məntəqə seçki komissiyasının həmin üzvü barmağında mürəkkəb aşkar edilməyən seçicinin məntəqəyə daxil olmasına şərait yaradır.

8. Seçiciyə bülleten verilməsinə cavabdeh komissiya üzvləri seçicinin şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənədi yoxlayır, adının seçici siyahısında olduğunu yəqin etdikdən sonra, seçici siyahıya imza atmazdan əvvəl onun sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsini gözlə görünməyən mürəkkəb çiləməklə işarələyirlər. Əgər seçicinin həmin barmağı yoxdursa onun növbəti yaxın barmağı, sol əli yoxdursa, sağ əlinin baş barmağı mürəkkəblə işarələnir (seçicinin sağ baş barmağı yoxdursa yuxarıda göstərilmiş digər qayda tətbiq edilir). Seçki komissiyasının üzvü seçicinin dirnaq və dərisinin bir hissəsinin mürəkkəblə işarələndiyini yəqin etməlidir.

Komissiya üzvü seçicidən mürəkkəbin quruması üçün gözləməsini və barmağına toxunmamağı xahiş edir.

9. Barmağının mürəkkəblə işarələnməsindən imtina edən seçiciyə seçki bülleteni verilməyəcəyi izah edilməlidir. Seçici razılaşmadıqda ondan seçki məntəqəsini tərk etmək tələb edilməlidir. Bu barəsə seçici siyahısında “mürəkkəbdən imtina etdi” qeydi aparılır.

10. Daşınan seçki qutusundan istifadə edilməklə səsvermə zamanı seçicinin barmağı mürəkkəblə işarələnmir.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası