. : TƏLİMATLAR


Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 7 sentyabr 2005-ci il tarixli
26/115 saylı Qərarı ilə təsdiq edilmişdir.


Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə seçkiqabağı təşviqatın aparılması ilə əlaqədar televiziya və radio təşkilatlarının kanallarında efir vaxtının verilməsi və dövri nəşrlərdə seçkiqabağı təşviqat materiallarının dərc edilməsi qaydaları haqqında

T Ə L İ M A T

1. Ümumi müddəalar.
1.1. Bu Təlimat Azərbaycan Respublikasının Milli Məclisinə (bundan sonra – Milli Məclis) seçkilərdə seçkiqabağı təşviqatın aparılmasının bir sıra qaydalarını və bununla bağlı həmin prosesi tənzimləyən qanunvericiliyin tələblərinə əməl edilməsi ilə əlaqədar seçkinin bu mərhələsində iştirak edən şəxslərə yardım etmək məqsədi daşıyır.
Təlimat Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinin, Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) və “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun hazırlanmışdır və seçkiqabağı təşviqatın aparılması ilə bağlı bir sıra məsələləri, o cümlədən qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının teleradio təşkilatlarının kanallarından istifadə və dövri nəşrlərdə seçkiqabağı təşviqat materiallarının dərcolunma qayda və şərtlərini müəyyən edir.
1.2. Təlimatda istifadə olunan bəzi anlayışların izahı:
qeydə alınmış namizəd – Milli Məclisə seçilmək üçün Seçki Məcəlləsinə uyğun qeydə alınmış şəxs;
siyasi partiyalar bloku – Milli Məclisə seçkilərdə birgə iştirak etmək üçün iki və ya daha çox siyasi partiyanın yaratdığı və seçkilərdə siyasi partiyalarla eyni hüquqa malik olan qurum;
televiziya və radio (bundan sonra – teleradio) vasitələri ilə seçkiqabağı təşviqat – seçiciləri hər hansı namizədin lehinə və ya əleyhinə səs verməyə təbliğ etmək məqsədilə qanunvericiliklə müəyyən olunmuş formada məlumatların teleradio vasitələrilə yayılması;
dövri nəşrlər vasitəsilə seçkiqabağı təşviqat – seçiciləri hər hansı namizədin lehinə və ya əleyhinə səs verməyə çağırmaq məqsədilə qanunvericiliklə müəyyən olunmuş formada məlumatların dövri nəşrlər vasitəsilə yayılması;
seçkiqabağı təşviqatın növləri – çıxış, müsahibə, mətbuat konfransı, açıq müzakirə, debat, dəyirmi masa, siyasi reklam, namizəd haqqında teleoçerklərin və videofilmlərin (bədii filmlər istisna olmaqla) göstərilməsi.
Çıxış – Milli Məclisə deputat seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədin şəxsi müraciəti;
Müsahibə – qeydə alınmış namizədin, namizədi qeydə alınmış siyasi partiya, siyasi partiyalar bloku nümayəndələrinin dövlət və özəl kütləvi informasiya vasitələrinin nümayəndələri ilə şəxsi görüşlər zamanı verilən suallara cavablar;
Mətbuat konfransı – qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının, onların səlahiyyətli nümayəndələrinin və qanunla müəyyən edilmiş digər şəxslərin kütləvi informasiya vasitələrində suallara cavablar daxil olmaqla, namizədin seçkiqabağı proqramının izah edilməsi;
Açıq müzakirə – qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar bloku nümayəndəsinin bu və ya digər məsələlərə münasibəti;
Debat – qeydə alınmış iki və ya daha çox namizədin, siyasi partiya, siyasi partiya blokları adından nümayəndələrin seçkiqabağı proqramlarında olan və ictimai əhəmiyyətli problemlər üzrə açıq fikir mübadiləsi;
Dəyirmi masa – seçkiqabağı təşviqat tədbirləri çərçivəsində qeydə alınmış namizədlərlə, siyasi partiyaların, siyasi partiya bloklarının nümayəndələri ilə kütləvi informasiya vasitələrinin nümayəndələri, televiziya tamaşaçıları, radio dinləyiciləri arasında sual-cavab və fikir mübadiləsi;
Siyasi reklam – seçki prosesinin iştirakçıları tərəfindən ictimai rəyin hər hansı namizədin lehinə və ya əleyhinə formalaşdırılması məqsədilə reklam materiallarının digər informasiya növündən və janrından (gözə çarpması, yığcamlığı, emosional təsirin məna təsvirindən üstünlüyü ilə) fərqləndirilən üsul və vasitələrindən istifadə etməklə kütləvi informasiya vasitələrilə qeydə alınmış namizədlər haqqında məlumatların yayılması.
2. Seçkiqabağı təşviqatın müddəti və subyektləri:
2.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada Milli Məclisə seçkilərlə bağlı seçkiqabağı təşviqat səsvermə gününə 60 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Səsvermə günü və ondan əvvəlki gün hər hansı formada seçkiqabağı təşviqatın aparılması yol verilməzdir.
2.2. Birmandatlı seçki dairələri üzrə qeydə alınmış namizədlər, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları teleradio verilişləri təşkilatlarının ayırdığı efir vaxtından və dövri nəşrlərdən qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə seçkiqabağı təşviqatın aparılması üçün istifadə etmək hüququna malikdirlər. Adları çəkilən subyektlər həmin hüquqları Seçki Məcəlləsinə və bu Təlimata uyğun olaraq həyata keçirə bilərlər.
2.3.Seçkiqabağı təşviqat prosesində mülkiyyət növünə və yayım imkanlarına görə iştirakı nəzərdə tutulan teleradio verilişləri təşkilatları aşağıdakılardır:
- təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olan və Azərbaycan Respublikası ərazisinin yarısına, yaxud yarısından çoxuna yayımlanan;
- təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olan və Azərbaycan Respublikası ərazisinin yarısına, yaxud yarısından çoxuna yayımlanan teleradio verilişləri təşkilatlarının müvafiq bölmələri;
- təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olan və Azərbaycan Respublikasının ərazisinin yarısından az hissəsində yayımlanan;
- təsisçiləri bələdiyyə orqanları olan və müvafiq bələdiyyə ərazisində yayımlanan;
- təsisçiləri fiziki və hüquqi şəxslər olan və xüsusi mülkiyyətə əsaslanan.
2.4. Seçkiqabağı təşviqat prosesində mülkiyyət növünə və yayım imkanlarına görə iştirakı nəzərdə tutulan dövri nəşrlər:
-dövri mətbuat nəşrləri – təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olan və ya dövlət büdcəsindən maliyyələşdirilən dövri nəşrlər:
-Azərbaycan Respublikası ərazisinin yarısına, yaxud yarısından çoxuna yayımlanan, həftədə azı bir dəfə çıxan dövri nəşrlər;
-Azərbaycan Respublikası ərazisinin yarısından az hissəsinə yayımlanan, həftədə azı bir dəfə çıxan dövri nəşrlər;
-bələdiyyə dövri mətbuat nəşrləri – təsisiçiləri bələdiyyə qurumları olan və həftədə azı bir dəfə çıxan dövri nəşrlər;
-özəl dövri nəşrlər – təsisçiləri ayrı-ayrı fiziki və ya hüquqi şəxslər olan dövri nəşrlər.
Göstərilən teleradio verilişləri təşkilatları tərəfindən seçkiqabağı təşviqat üçün ayrılan efir vaxtı, eləcə də dövri nəşrlər tərəfindən ayrılan yer ödənişsiz və ya ödənişli əsaslarla həyata keçirilir.
3. Ödənişsiz əsaslarla teleradio verilişləri təşkilatlarında efir vaxtının, habelə dövri nəşrlərdə yerin ayrılması qaydaları və şərtləri:
3.1. Seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının təsisçiləri dövlət orqanları, idarələri, təşkilatları olan və verilişləri Azərbaycan Respublikası ərazisinin yarısına, yaxud yarısından çoxuna yayımlanan teleradio verilişləri təşkilatlarının kanallarında pulsuz efir vaxtı, habelə Azərbaycan Respublikası ərazisinin yarısına, yaxud yarısından çoxuna yayımlanan, həftədə azı bir dəfə çıxan dövri nəşrlərdə pulsuz dərc üçün müvafiq yer almaq hüququ vardır.
3.2. Mərkəzi Seçki Komissiyası həmin teleradio verilişləri təşkilatlarının və dövri nəşrlər redaksiyalarının siyahısını seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edilməsi günündən 20 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının təqdimatına əsasən dərc edir.
3.3.Teleradio verilişləri təşkilatlarının təqdim etdikləri ödənişsiz efir vaxtı səsvermə gününə 60 gün qalmış, bir həftə ərzində seçki dairələrinin 60-dan çoxunda namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən verilən ərizəyə əsasən onların arasında püşkatma yolu ilə bərabər bölünür.
3.4. Püşkatmanın keçirilməsinin yeri və vaxtı haqqında Mərkəzi Seçki Komissiyasının məlumatı püşkatmanın keçirilməsinə ən azı 24 saat qalmış rəsmi dərc edilir.
3.5.Püşkatmanın keçirilməsində seçki komissiyalarının üzvləri, namizədlər, namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri, yaxud vəkil edilmiş şəxsləri, qanunvericiliklə müəyyən olunmuş qaydada müşahidəçi statusu almış Azərbaycan Respublikasının vətəndaşları və beynəlxalq müşahidəçilər iştirak edə bilərlər.
3.6. Püşkatma, püşkatma komissiyası tərəfindən elan edilən gündə, saatda və yerdə seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış və efir vaxtından istifadə etmək üçün müraciət etmiş siyasi partiyalar, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin arasında, bu Təlimatın 3.5-ci maddəsində göstərilən subyektlərin iştirakı ilə keçirilir.
3.7. Püşkatma üçün aralarında püşkatma keçirilən subyektlərin sayına müvafiq miqdarda eyni ölçülü, bir-birindən fərqlənməyən dördkünc kağız parçaları hazırlanır. Həmin kağız parçaları efir vaxtının, habelə dövri nəşrlərdə dərc üçün ayrılmış yerin həcmi göstərilməklə nömrələnir, dörd yerə bükülür və qutuya salınaraq qarışdırılır. Sonra aralarında püşkatma keçirilən subyektlərin nümayəndələrinin hər biri növbə ilə qutudan bir büküm çıxararaq, orada yazılmış nömrəni elan edir.
3.8. Püşkatma komissiyası tərəfindən efir vaxtının verilməsi üçün cədvəl tərtib olunur və həmin cədvəl Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilir (Təlimata 1 əlavə).
3.9. Seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalar və siyasi partiyaların blokları Azərbaycan Respublikası ərazisinin yarısına, yaxud yarısından çoxuna yayımlanan və həftədə azı bir dəfə çıxan dövri nəşrlərdə pulsuz dərc üçün müvafiq yer almaq hüququna malikdirlər.
3.10. Dövri nəşrlərdə dərc üçün yerin ayrılması ilə bağlı püşkatma səsvermə gününə 60 gün qalmış dövri nəşrlərin redaksiyalarında bu Təlimatın 3.5–3.7-ci bəndlərinin tələblərinə əməl edilməklə keçirilir. Püşkatmanın nəticələri protokolla rəsmiləşdirilir və cədvəl tərtib olunur (Təlimata 2 saylı əlavə).
3.11. Təsisçiləri dövlət orqanları, idarələri, təşkilatları olan və ya dövlət büdcəsindən maliyyələşən, Azərbaycan Respublikasının ərazisinin yarısına, yaxud yarısından çoxuna yayımlanan teleradio verilişləri təşkilatlarının seçkiqabağı təşviqat üçün ayırdıqları ödənişsiz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır.
3.12. Təsisçiləri dövlət orqanları, idarələri, təşkilatları olan və ya dövlət büdcəsindən maliyyələşən, Azərbaycan Respublikasının ərazisinin yarısına, yaxud yarısından çoxuna yayımlanan dövri nəşrlərdə pulsuz ayrılan nəşr səhifələrinin həcmi həftəlik nəşr səhifələrinin ümumi həcminin azı 10 faizini təşkil etməlidir.
4.Birmandatlı seçki dairələri üzrə qeydə alınmış namizədlər, seçki dairələrinin 60-dan azında namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiya blokları təsisçiləri dövlət orqanları, idarələri, təşkilatları olan və verilişləri Azərbaycan Respublikası ərazisinin yarısından az hissəsində yayımlanan, habelə verilişləri Azərbaycan Respublikası ərazisinin yarısına, yaxud yarısından çoxuna yayımlanan teleradio verilişləri təşkilatlarının müvafiq bölmələrindən pulsuz efir vaxtı, habelə Azərbaycan Respublikası ərazisinin yarısından az hissəsində yayımlanan, həftədə azı bir dəfə çıxan dövri nəşrlərdə pulsuz dərc üçün müvafiq yer ala bilərlər.
4.1. Dairə seçki komissiyası pulsuz efir vaxtı ayırmış teleradio verilişləri təşkilatlarının və pulsuz dərc üçün yer ayırmış dövri nəşrlərin siyahısını müvafiq təşkilatın və redaksiyanın təqdimatına əsasən seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edilməsi günündən başlayaraq 50 gündən gec olmayaraq dərc etməlidir.
4.2. Teleradio verilişləri təşkilatlarının təqdim etdikləri ödənişsiz efir vaxtı səsvermə gününə 60 gün qalmış, bir həftə ərzində qeydə alınmış namizədlər, seçki dairələrinin 60-dan azında namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən verilən ərizəyə əsasən müvafiq dairə seçki komissiyaları tərəfindən onların arasında püşkatma yolu ilə bərabər bölünür.
4.3.Püşkatmanın keçirilməsinin yeri və vaxtı haqqında dairə seçki komissiyasının məlumatı püşkatmanın keçirilməsinə ən azı 24 saat qalmış rəsmi dərc edilir.
4.4. Püşkatmanın keçirilməsində seçki komissiyasının üzvləri, qeydə alınmış namizədlərin səlahiyyətli nümayəndələri, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri, yaxud vəkil edilmiş şəxsləri, qanunvericiliklə müəyyən olunmuş qaydada müşahidəçi statusu almış Azərbaycan Respublikası vətəndaşları və beynəlxalq müşahidəçilər iştirak edə bilərlər. Püşkatma nəticəsində tərtib olunan efir vaxtının verilməsi cədvəlini dairə seçki komissiyasının üç nəfər üzvündən ibarət yaradılan püşkatma komissiyası tərtib edir və dairə seçki komissiyası tərəfindən təsdiq olunur (Təlimata 1 saylı əlavə).
4.5. Püşkatma, püşkatma komissiyası tərəfindən elan edilən gündə, saatda və yerdə bu Təlimatda müəyyən olunmuş müddətdə və qaydada həyata keçirilir.
5. Azərbaycan Respublikası ərazisinin yarısından az hissəsində yayımlanan, həftədə azı 1 dəfə çıxan dövri nəşrlərdə dərc üçün yerin ayrılması ilə bağlı püşkatma səsvermə gününə 60 gün qalmış dövri nəşrlərin redaksiyasında bu Təlimatın 4.5-ci bəndində göstərilən maraqlı şəxslərin iştirakı ilə keçirilir. Püşkatmanın nəticələri protokolla rəsmiləşdirilir və cədvəl tərtib olunur (Təlimata 2 saylı əlavə).
6. Təsisçiləri dövlət orqanları, idarələri, təşkilatları olan və Azərbaycan Respublikasının ərazisinin yarısından azına yayımlanan teleradio verilişləri təşkilatlarının yuxarıda göstərilən subyektlər üçün ayırdığı efir vaxtı həftədə 1 saat 30 dəqiqədən az ola bilməz. Həmin təşkilatların verilişlərinin ümumi vaxtı gün ərzində 2 saatdan az olarsa, göstərilən efir vaxtı verilişlərinin ümumi həcminin ¼ hissəsindən az olmamalıdır.
7. Püşkatma nəticəsində müəyyən edilmiş efir vaxtının və dövri nəşrin bölgüsü cədvəli müvafiq olaraq Azərbaycan Respublikasının yarısından az hissəsinə, yaxud yarısına və ya yarısından çoxuna yayımlanan dövri nəşrlərdə, bu olmadıqda isə müvafiq seçki dairəsi dairə seçki komissiyasında dərc olunur (asma və sair üsulla).
8. Namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının seçkiqabağı təşviqatı üçün teleradio təşkilatlarında ödənişsiz efir vaxtının və dövri nəşrlərdə dərc üçün yerin ödənişsiz əsaslarla ayrılmasına həmin qurumların çəkdikləri xərclər dövlət büdcəsindən maliyyələşdirmə hesabına ödənilir.
9. Səsvermədə iştirak etmiş və həmin dairədə seçicilərin etibarlı hesab edilən səslərinin 3 faizindən az səsini toplamış subyektlər pulsuz efir vaxtı ayırmış qurumların və dövri nəşrlərin seçkiqabağı təşviqat üçün onlara ayırdığı efir vaxtının əvəzini tam ödəməlidir. Həmin məbləğ seçkilərin nəticələrinin rəsmi dərc edildiyi gündən ən geci 10 gün sonra ödənilməlidir.
10. Teleradio verilişləri təşkilatlarında ödənişli əsaslarla efir vaxtının ayrılması və dövri nəşrlərdə dərc üçün ödənişli yerin ayrılması qaydaları və şərtləri:
10.1. Təsisçiləri dövlət orqanları, idarələri, təşkilatıarı olan və ya dövlət büdcəsindən maliyyələşən və Azərbaycan Respublikası ərazisinin yarısına, yaxud yarısından çoxuna yayımlanan, həmçinin onların müvafiq bölmələri, təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olan və Azərbaycan Respublikasının ərazisinin yarısından az hissəsində yayımlanan, təsisçiləri bələdiyyə orqanları olan və özəl teleradio verilişləri təşkilatları qeydə alınmış namizədlərə, namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyalar bloklarına müqavilə əsasında pullu efir vaxtı və dövri nəşrlərin redaksiyaları öz səhifələrində ödənişli əsaslarla yer ayıra bilərlər.
10.2. Adları çəkilən teleradio verilişləri təşkilatlarının və dövri nəşrlərin ayırdıqları pullu efir vaxtının və dərc üçün yerin dəyərinin ödənilməsi bərabər əsaslarla və şərtlərlə həyata keçirilir.
10.3. Seçkiqabağı təşviqat üçün ayrılan ödənişli efir vaxtı və dövri nəşrlərdə ayrılan ödənişli yer barədə müvafiq teleradio təşkilatı və dövri nəşrlər redaksiyası seçkiqabağı təşviqat subyektlərinə, Mərkəzi Seçki Komissiyasına və ya dairə seçki komissiyasına bildiriş göndərir, həmçinin ayrılan efir vaxtının və dərc üçün ayrılmış yerin ödəniş məbləği barədə seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərcindən 50 gündən gec olmayaraq məlumat dərc edir.
10.4. Seçkiqabağı təşviqat subyektləri üçün ayrılan efir vaxtının ödəniş məbləği, habelə dövri nəşrlərdə ayrılan yerin məbləği bütün namizədlər üçün eyni olmalıdır.
10.5.Təsisçiləri bələdiyyə orqanları olan və özəl qurumlar istisna olmaqla, teleradio təşkilatlarının ödənişli əsaslarla ayırdığı efir vaxtının ümumi həcmi pulsuz efir vaxtının ümumi həcmindən az və həmin həcmdən iki dəfə artıq ola bilməz. Nəşrlərin səhifələrində ödənişli dərc üçün ayrılmış yerin ümumi həcmi ayrılan pulsuz nəşr səhifələrinin həcmindən az olmamalıdır. Təsisçiləri bələdiyyə orqanları olan və özəl qurumların ayırdığı ödənişli efir vaxtı və dərc üçün yerin ayrılması həmin təşkilatların öz mülahizəsinə əsasən həll edilir.
10.6. Qeydə alınmış hər bir namizəd, qeydə alınmış namizədlərinin sayından asılı olmayaraq namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyalar bloku üçün efir vaxtından və dərc üçün ayrılmış yerdən ödənişli əsaslarla istifadə norması həmin vaxtın və yerin ümumi həcminin aralarında püşkatma keçirilməsi nəzərdə tutulan subyektlərin sayına bölünməsi ilə müəyyənləşdirilir.
10.7. Seçkiqabağı təşviqat materiallarının efirə çıxarılması tarixi və vaxtı deputatlığa qeydə alınmış namizədlərin, namizədlərinin sayından asılı olmayaraq namizədləri qeydə alınmış siyasi partiya, siyasi partiya bloklarının və ya onların səlahiyyətli nümayəndələrinin verdikləri bildiriş əsasında püşkatma subyektlərinin arasında bu Təlimatın 3.5-ci maddəsində göstərilən şəxslərin iştirakı ilə keçirilən püşkatma nəticəsində teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları tərəfindən müəyyən edilir.
10.8. Efir vaxtının və dövri nəşrlərdə yerin ayrılması üçün püşkatma bu Təlimatda göstərilən müddətdə və qaydada keçirilir.
10.9. Püşkatma keçirildikdən sonra efir vaxtı və dövri nəşrdə dərc üçün yer bağlanmış müqavilə əsasında təqdim edilir.
Müqavilədə aşağıdakılar nəzərdə tutulur:
- seçkiqabağı təşviqatın forması;
- efirə çıxma vaxtı, tarixi və dərcetmə tarixi;
- verilən efir vaxtının müddəti, dərc üçün ayrılan yerin həcmi, ödəniş qaydası və həcmi;
- aparıcı jurnalistin teleradio verilişləri prosesində iştirak forması və şərtləri;
- verilişin adı və proqramın efirə çıxma vaxtı göstərilməklə, efir vaxtından istifadə edildiyi barədə akt bağlanır.
10.10. Püşkatma keçirildikdən sonra efir vaxtından istifadə və dövri nəşrlərin səhifəsində ayrılmış yerdən imtina edilərsə, bu zaman efirə çıxmağa 2 gün qalmış müvafiq teleradio təşkilatına, dərcetmə gününə azı 5 gün qalmış isə bu barədə müvafiq dövri nəşrin redaksiyasına məlumat verməlidirlər.
10.11. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyalar bloku efir vaxtının və dövri nəşr səhifələrində ayrılmış yerin ödənilməsi üçün vəsaitin tam həcmdə köçürülməsi barədə ödəniş tapşırığını efir vaxtının verilməsi gününə 48 saat, təşviqat materiallarının isə dərcetmə gününə ən azı iki gün qalmış müvafiq banka təqdim etməlidir. Bank pul vəsaitini gecikdirmədən köçürməlidir. Nağdsız ödənişin müddəti 2 bank günündən çox olmamalıdır.
10.12. Efir vaxtının haqqı və dövri nəşr səhifələrində ayrılmış yerin dəyəri seçki fondu vəsaitləri hesabına ödənilməlidir.
10.13. Müqavilə ləğv edildikdə, teleradio verilişləri təşkilatları sərbəstləşmiş efir vaxtından seçkiqabağı təşviqat məqsədləri üçün, habelə dövri nəşr səhifələrindən bu məqsədlə istifadə edə bilməzlər.
10.14. Təsisçiləri bələdiyyə qurumları olan və özəl teleradio verilişləri təşkilatları və dövri nəşr orqanları seçkiqabağı təşviqat üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə namizədlərə, siyasi partiyalara, siyasi partiya bloklarına, Mərkəzi Seçki Komissiyasına, dairə seçki komissiyalarına müvafiq bildirişlər göndərir, efir vaxtının verilməsi və nəşr səhifələrində seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsinə görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatı seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edilməsindən sonra ən geci 50 gün keçənədək dərc edir.
11. Seçkiqabağı təşviqat üçün teleradio təşkilatlarının ayırdığı pulsuz və ya pullu efir vaxtı və ya dövri nəşr səhifələrində ayrılmış ödənişsiz və ödənişli yer Seçki Məcəlləsinin 79-cu maddəsinin tələblərinə əsasən müvafiq teleradio təşkilatının və dövri nəşrin redaksiyasında qeydə alınmalıdır. Qeydiyyat ayrıca kitab formasında aparılmalı və orada hər bir qeydə alınmış naimizəd, siyasi partiya, yaxud siyasi partiyalar bloku üçün yerin ayrılması tarixi, dərc olunmuş təşviqat materialının xarakteri göstərilməlidir. Qeydiyyat barəsində səsvermə gününə ən geci 5 gün qalmış və səsvermə günündən ən tezi 5 gün sonra siyasi partiya, siyasi partiyalar bloku ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına, birmandatlı seçki dairəsində qeydə alınan deputatlığa namizədlərlə əlaqədar isə müvafiq dairə seçki komissiyasına məlumat verilməlidir.
12. Kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılması ilə bağlı məhdudiyyətlər.
12.1.Aşağıdakı şəxslərə seçkiqabağı təşviqat aparmaq qadağandır:
- xarici dövlətlərə və xarici hüquqi şəxslərə;
- xarici vətəndaşlara;
- vətəndaşlığı olmayan şəxslərə;
- 18 yaşına çatmamış vətəndaşlara;
- seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə Azərbaycan Respublikasının hüquqi şəxslərinin nizamnamə kapitalında xarici dövlətlərin, xarici vətəndaşların və ya vətəndaşlığı olmayan şəxslərin iştirak (mülkiyyət) payı 30 faizdən çox olarsa, Azərbaycan Respublikasının hüquqi şəxslərinə;
- beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara;
- dövlət hakimiyyət orqanlarına və bələdiyyə qurumlarına;
- dövlət, bələdiyyə təşkilatlarına və idarələrinə;
- seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə nizamnamə kapitalında dövlətin və ya bələdiyyənin iştirak payı 30 faizdən artıq olan hüquqi şəxslərə;
- hərbi hissələrə;
- xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə, təşkilatlara;
- anonim ianə köçürənlərə;
- öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslərə;
- dövlət və bələdiyyə qulluqçularına;
- hərbi qulluqçulara;
- seçki komissiyalarına, seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinə və digər vəzifəli şəxslərinə.
12.2. Qeydə alınmış namizədin, namizədi qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar blokunun seçkiqabağı təşviqatın aparılması zamanı teleradio verilişləri təşkilatlarına aşağıdakı hərəkətlərin edilməsi qadağandır:
-təşviqat materialının verilməsini malların, işlərin və xidmət reklamları ilə və ya digər proqramların verilməsi ilə dayandırmaq;
-seçkiqabağı təşviqat materialının teleradio verilişləri təşkilatının kanallarında verilməsini digər teleradio proqramlarının verilməsi ilə dayandırmaq;
-seçkiqabağı tədbirlərin keçirilməsi barədə məlumatlar üçün ödəniş tələb etmək.
Seçkiqabağı təşviqat aparmaq üçün şərait yaratmış qurumlar və seçkiqabağı təşviqatın digər subyektləri müqavilə ilə öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə borcludurlar.
13. Efir vaxtından və dövri nəşrlərdən istifadə zamanı təşviqat prosesinin subyektləri müqavilədə müəyyənləşdirilmiş şərtləri pozduqda, teleradio verilişləri təşkilatları efir vaxtının verilməsi və dövri nəşrlər dərc üçün yerin ayrılması haqqında müqavilənin ləğvi üçün məhkəməyə müraciət edə bilərlər.
14.Seçki Məcəlləsində, habelə bu Təlimatda dövri nəşrlər vasitəsilə seçkiqabağı təşviqat haqqında müəyyən edilmiş qaydalara riayət edilməsi üzərində nəzarəti Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən Seçki Məcəlləsinin 74.5-ci maddəsinə əsasən təşkil edilən və əsasən jurnalistlərdən ibarət olan Mətbuat qrupu həyata keçirir.
Bu şərtlərə əməl olunmaması qanunla müəyyən olunmuş qaydada məsuliyyət yaradır.

Seçkiqabağı təşviqat üçün ayrılmış efir vaxtının bölünməsi üzrə püşkatmanın nəticələri haqqında cədvəl (1 saylı əlavə)

Seçkiqabağı təşviqat zamanı dövri nəşrlərdə dərc üçün ayrılmış yerin bölünməsi üzrə püşkatmanın nəticələri haqqında cədvəl (2 saylı əlavə)

Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası