. : TƏLİMATLAR



Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 12 iyul 2005-ci il tarixli
16/58 saylı Qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizədin, siyasi partiyaların və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin statusu haqqında

T Ə L İ M A T

1. Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizədin, siyasi partiyaların və siyası partiyalar blokunun səlahiyyətli nümayəndələrinin statusu Azərbaycan Respublikasının Seçki Məcəlləsi və bu Təlimata uyğun olaraq müəyyənləşdirilir.

1.1. Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizədlər səlahiyyətli nümayəndə təyin edə bilərlər. Namizəd irəli sürmüş siyasi partiyalar və siyasi partiyaların bloku səlahiyyətli nümayəndələrini təyin etməlidirlər. Səlahiyyətli nümayəndələr, o cümlədən maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr siyasi partiyaların nümayəndələrinin birgə iclasının qərarı, yaxud onların qurultayı, konfransı, yaxud digər rəhbər orqanın iclasının qərarı ilə təyin edilirlər;

1.2. Siyasi partiya, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi öz funksiyalarını və səlahiyyətlərini, soyadını, adını, atasının adını, doğum tarixini, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsini, yaşayış yerinin ünvanını, iş yerini, vəzifəsini, və ya xidməti vəzifəsini (bunlar olmadıqda, fəaliyyət növünü) əks etdirən, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə isə maliyyə sənədlərinin və həmin sənədlər üçün möhürlərin nümunələrini əks etdirən siyasi partiyanın, bloka daxil olan siyası partiyaların nümayəndələrinin birgə iclasının, qurultayının, yaxud konfransının qərarı əsasında vəkalətnamədə göstərilmiş hədlərdə həyata keçirirlər;

1.3. Namizədin, siyasi partiyaların və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrə notarial qaydada rəsmiləşdirilən vəkalətnamə verilməlidir (“Siyası partiyalar blokunun qeydə alınması, namizədlərin siyası partiyalar və siyası partiyalar bloku tərəfindən irəli sürülməsi qaydası haqqında” Təlimata 6 və 6 “A” saylı əlavələrə uyğun formada). (Bu Təlimata 1 və 1“A” saylı əlavələr). Vəkalətnamədə vəkalətnamə alanın imzası və həmin imza qeydinin notarial qaydada təsdiqi məcburi deyildir.

1.4. Siyası partiya, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin, o cümlədən maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin siyahıları “Siyası partiyalar blokunun qeydə alınması, namizədlərin siyası partiyalar və siyası partiyalar bloku tərəfindən irəli sürülməsi qaydası haqqında” Təlimata 2 və 3 saylı əlavəyə uyğun tərtib edilərək, Mərkəzi Seçki Komissiyasına təqdim edilir (Bu Təlimata 2 və 3 saylı əlavələr). Təqdim edilmiş müvafiq siyahıya hər bir şəxsin səlahiyyətli nümayəndə olmağa razılığı barədə məktubu da əlavə olunmalıdır (Mərkəzi Seçki Komissiyasının 4 iyul 2005-ci il tarixli 13/40 saylı Qərarı ilə təsdiq edilmiş “Siyası partiyalar blokunun qeydə alınması, namizədlərin siyası partiyalar və siyası partiyalar bloku tərəfindən irəli sürülməsi qaydası haqqında” Təlimatın 4 və 5 saylı əlavələrinə uyğun formada). (Bu Təlimata 4 və 5 saylı əlavələr). Mərkəzi Seçki Komissiyasına təqdim edilən siyahıya arxasında həmin şəxsin şəxsiyyətini müəyyən etməyə imkan verən qeydlər aparılmaqla 2 ədəd 3×4 ölçüdə fotoşəkil əlavə edilməlidir. Siyası partiya, siyasi partiyalar bloklarının Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında onları təmsil edən səlahiyyətli nümayəndələrinə, o cümlədən maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi nümunəyə uyğun hazırlanmış vəsiqə və lövhəcik verilir (Bu Təlimata 6, 7, 8 və 9 saylı əlavələr).
Siyası partiya, siyası partiya bloklarının səlahiyyətli nümayəndələrin siyahısı dairə seçki komissiyasına təqdim edilir. Seçki Məcələsinin 40.15-ci maddəsinin tələblərinin təmin olunması məqsədilə dairə seçki komissiyasına göndərilən siyahıya fotoşəklin arxasında həmin şəxsin şəxsiyyətini müəyyən etməyə imkan verən qeydlər aparılmaqla 2 ədəd 3×4 ölçüdə fotoşəkil əlavə edilməlidir. Mərkəzi Seçki Komissiyasına göndərilmiş maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin siyahısına uyğun hazırlanmış nüsxə də 2 ədəd 3×4 ölçüdə fotoşəkil əlavə edilməklə (fotoşəklin arxasında həmin şəxsin şəxsiyyətini müəyyən etməyə imkan verən qeydlər aparılmalıdır) dairə seçki komissiyasına təqdim edilməlidir (Bu Təlimata 10 saylı əlavə).

1.5. Səlahiyyətli nümayəndələrə, o cümlədən maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrə dairə seçki komissiyası tərəfindən Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi nümunəyə uyğun hazırlanmış vəsiqə verilir (Bu Təlimata 11, 12 və 13 saylı əlavələr).

1.6. Müvafiq seçki komissiyası tərəfindən səlahiyyətli nümayəndələrə, o cümlədən maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin onun statusunu müəyyən etməyə imkan verən soyadı, adı, atasının adı göstərilmiş və fotoşəkli olan lövhəcik verilir (Bu Təlimata 14, 14 “A” və 14 “B” saylı əlavə). Səsvermə günü səsvermə otağında olarkən səlahiyyətli nümayəndənin həmin lövhəciyi olmalıdır.

2. Namizəd, siyasi partiya və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin aşağıdakı hüquq və vəzifələri var:

2.1. Namizədin qeydə alınması üçün seçki sənədlərini müvafiq dairə seçki komissiyasına təqdim etmək;

2.2. İmza vərəqələrinin müvafiq dairə seçki komissiyasına verilməsi barədə yazılı arayış almaq və onların yoxlanılmasında iştirak etmək;

2.3. İmza vərəqələrinin yoxlanmasının nəticələri haqqında protokolun surətini almaq;

2.4. Namizədin qeydə alınması barədə qərarın surətini həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində almaq;

2.5. Namizədliyin qeydə alınması üçün təqdim olunan seçki sənədlərində yol verilmiş və aradan qaldırılması mümkün olan səhvlər barəsində 24 saat müddətində xəbərdar edilmək və həmin səhvləri düzəltmək;

2.6. Müvafiq dairə seçki komissiyasından hüdudları, ünvanı və telefonları göstərilməklə, seçki məntəqələrinin, məntəqə seçki komissiyalarının siyahısını və səsvermə yerlərinin ünvanlarını əldə etmək ;

2.7.Seçici siyahıları ilə tanış olmaq;

2.8. Qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun ödənişli əsaslarla seçkiqabağı təşviqat materiallarının dərc edilməsi tarixinin müəyyənləşdirilməsi üçün keçirilən puçkatmada iştirak etmək;

2.9. Ödənişli əsaslarla seçkiqabağı təşviqat materiallarının dərc edilməsi ilə bağlı dövri nəşrlərin redaksiyalarına müraciət etmək;

2.10. Namizədin seçicilərə görüşlərinin keçirilməsi üçün yer ayrılması barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək;

2.11. Seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün ayrılmış yerlərin siyahısını müvafiq seçki komissiyasından almaq;

2.12. Hərbi hissələrin yerləşdiyi ərazilərin hüdudlarında hərbi qulluqda olan seçicilərlə görüşləri hərbi hissə komandirinin dairə seçki komissiyası ilə birlikdə belə görüşün keçirilməsini təyin etdikləri günə azı 3 gün qalmış müvafiq seçki dairəsi üzrə qeydə alınmış bütün namizədlərin, namizədləri qeydə alınmış bütün siyasi partiyaların, siyasi partiya bloklarının mütləq dəvət edilməsi və ya onlara xəbər verilməsi şərtilə təşkil etmək;

2.13. Müşahidəçi qismində seçkilərin gedişini izləmək;

2.14. Seçki komissiyasının iclaslarında, səslərin hesablanmasında, məntəqə seçki komissiyalarında seçki bülletenləri, seçici siyahıları, səsvermə üçün qeydiyyatdançıxma vəsiqələri ilə işin aparılmasını müşahidə etmək və onlarla tanış olmaq, seçki komissiyalarının qərarlarının və digər seçki sənədlərinin (seçici siyahıları, səsvermə üçün qeydiyyatdançıxma vəsiqələri, seçki bülletenləri və imza vərəqələri istisna olmaqla) surətlərini almaq, seçki komissiyalarında digər seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə etmək;

2.15. Seçicilərə seçki bülletenlərinin qoyulması üçün zərflərin və seçki bülletenlərinin verilməsini müşahidə etmək;

2.16. Seçicilərin sayını hesablamaq, seçki bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək;

2.17. Səsvermə yerindən kənarda seçicilərin səs verməsini müşahidə etmək;

2.18. Müşahidə aparmağı təmin edən şəraitdə və müəyyən məsafədən seçicilərin səsləri hesablanarkən seçki bülletenlərinin qoyulması üçün zərfə, doldurulmuş və ya doldurulmamış hər bir seçki bülleteninə səsin etibarlılığını yoxlamaq məqsədi ilə baxmaq;

2.19. Bütün seçki komissiyalarında seçki hərəkətlərinin həyata keçirilməsinin, səsvermənin nəticələrinin və seçkilərin yekunlarının müəyyənləşdirilməsini, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokolların tərtib olunmasını, habelə səslərin yenidən hesablanmasını müşahidə etmək;

2.20. Seçki bülletenlərinin buraxılması yeri və vaxtı barədə Mərkəzi Seçki Komissiyası tərəfindən məlumatlandırılmaq;

2.21. Seçkilərlə əlaqədar pullu xidmətin göstərilməsi, malların satılmasına və onların dəyərinin müvafiq seçki fondlarından ödənilməsinə razılıq vermək;

2.22. İmza vərəqələri səlahiyyətli nümayəndə tərəfindən əlyazısı qaydasında təsdiq olunmalıdır.

2.23. Siyasi partiyalar, siyasi partiyalar bloku tərəfindən maliyyə hesabatının verilməsi vəzifəsi onların maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin üzərinə qoyulur. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə fəaliyyəti dövründə 3 dəfə - imza vərəqələri dairə seçki komissiyasına təqdim edərkən, seçki gününə 10 gün qalmış və seçkinin nəticələrinin rəsmi dərc edildiyi gündən 10 gün müddətində hesabat verməlidir.

3. Namizəd, siyasi partiya və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin aşağıdakı hərəkətləri etməsi qadağandır:

3.1. Namizəd, siyasi partiya və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri seçki kampaniyasının gedişində xeyriyyə fəaliyyəti ilə məşğul olması;

3.2. Digər fiziki və hüquqi şəxslərə maddi və maliyyə yardımı etmək, seçicilərə və təşkilatlara maliyyə yardımı, maddi yardım və ya xidmət göstərmək təklifi ilə müraciət etməsi;
3.3. O, vəzifəli şəxs, teleradio verilişləri və kütləvi informasiya vasitələri redaksiyalarında işləyən jurnalist və yaradici işçi olduğu halda, onun seçkilərin gedişini kütləvi informasiya vasitəsi ilə işıqlandırması;

3.4. Dövlət və bələdiyyə orqanlarında müəyyən vəzifə tutan səlahiyyətli nümayəndələrin seçkilərin gedişi zamanı öz vəzifə və xidməti mövqelərindən istifadə etməsi;

Seçki Məcəlləsində nəzərdə tutulmuş hallarda qanun pozuntusuna görə səlahiyyətli nümayəndələr barəsində məntəqə, dairə və Mərkəzi Seçki Komissiyası inzibati xəta protokolu tərtib edə və cərimə tətbiq edə bilər.

Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyalar bloku, müvafiq seçki komissiyasını xəbərdar etməklə səlahiyyətli nümayəndəni istənilən vaxt geri çağıra və onların əvəzinə başqalarını təyin edə bilər. Belə xəbərdarlıq olduqda, seçki komissiyası geri çağırılan səlahiyyətli nümayəndənin vəsiqəsini etibarsız sayır.
Səlahiyyətli nümayəndə qeydə alınmış namizədi, habelə siyasi partiyanı, siyasi partiyalar blokunu xəbərdar etməklə ona verilmiş vəsiqəni istənilən vaxt öz təşəbbüsü ilə müvafiq seçki komissiyasına qaytararaq öz səlahiyyətlərindən imtina edə bilər.

Namizədin, siyası partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin səlahiyyət müddəti onların təyin edildiyi vaxtdan başlayır və seçkilərin ümumi nəticələrinin rəsmi dərc edilməsi günündən gec olmayaraq bütün namizədlərin, habelə siyasi partiyaların, siyasi partiyalar blokunun irəli sürdükləri namizədlərin namizədlik statusunun itirilməsi vaxtı başa çatır.

Vəkalətnamə (1 saylı əlavə)

Vəkalətnamə (1"A" saylı əlavə)
Siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin siyahısı (2 saylı əlavə)
Siyasi partiyanın, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin siyahısı (3 saylı əlavə)
Razılıq məktubu (4 saylı əlavə)
Razılıq məktubu (5 saylı əlavə)
Siyasi partiyanın, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin dairə seçki komissiyasına göndərilən siyahısı (10 saylı əlavə)

Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası