Razılaşdırılmışdır:
Azərbaycan Respublikası
Milli Bankı İdarə Heyətinin
sədri E.S.Rüstəmov
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının 8 iyul
2005-ci il tarixli
15/51 saylı
Qərarı ilə təsdiq edilmişdir.
Mərkəzi Seçki Komissiyasının
sədri
M.M.Pənahov _________________
Azərbaycan Respublikası
Milli Məclisinə seçkilərdə xüsusi seçki hesablarının
açılmasının və aparılmasının uçotu, hesabatı
qaydası, habelə namizədlərin, qeydə alınmış
namizədlərin, siyasi partiyaların, siyasi partiyalar
bloklarının seçki fondlarına vəsaitin daxil
olması və xərclənməsi qaydaları haqqında
T Ə L İ M A T
Bu Təlimat Azərbaycan
Respublikası Seçki Məcəlləsinin (bundan sonra
– Seçki Məcəlləsi) 94.1-ci maddəsinə əsasən
hazırlanıb və “Banklar haqqında” Azərbaycan
Respublikası Qanununa uyğun olaraq Milli Məclisə
seçkilərdə xüsusi seçki hesablarının açılmasının
və aparılmasının uçotu, hesabatı qaydası, habelə
namizədlərin, qeydə alınmış namizədlərin (bundan
sonra – namizədin), siyasi partiyaların, siyasi
partiyalar bloklarının seçki fonduna vəsaitin
daxil olması və xərclənməsi qaydalarını müəyyən
edir.
1. Qeydə alınmış namizəd siyasi partiyalar və
siyasi partiyaların blokları Seçki Məcəlləsinin
91-ci və 156-cı maddələrinə müvafiq qaydada
və müddətdə seçki fondunu formalaşdırmaq üçün
xüsusi seçki hesabı açmalıdır. Deputatlığa namizədin
seçki fondu Seçki Məcəlləsinin 156-cı maddəsi
ilə müəyyənləşdirilmiş həcmdə və həmin maddədə
nəzərdə tutulmuş mənbələr hesabına yaradılmaqla,
“Kapital Bank” Açıq Səhmdar Cəmiyyətində, o
cümlədən onun filiallarında xüsusi hesabda saxlanılır.
Həmin hesab birmandatlı seçki dairəsi üzrə namizədliyin
irəli sürülməsi barədə dairə seçki komissiyasına
bildiriş təqdim etdikdən sonra 5 gün müddətində
namizədin qeydiyyatı üçün zəruri olan seçici
imzalarının yığılmasına azı 24 saat qalmış açılmalıdır.
Namizəd, siyasi partiya, siyasi partiyaların
bloku yalnız 1 xüsusi hesab aça bilər.
Azərbaycan Respublikası Seçki Məcəlləsi ilə
müəyyənləşdirilmiş qaydada rəsmiləşdirilmiş
sənədlər təqdim edildikdə müvafiq bank namizədə,
siyasi partiyaya, siyasi partiyaların blokuna
3 gün müddətində xüsusi seçki hesabı açmalıdır.
Bütün pul vəsaiti xüsusi seçki hesabına manatla
köçürülür.
2. Namizədlər üçün vahid seçki fondu yaratmaq
niyyətində olan siyasi partiyalar, siyasi partiyaların
blokları birmandatlı seçki dairələrinin 60-dan
çoxunda irəli sürülən namizədlərin siyahısını
Mərkəzi Seçki Komissiyasına təqdim etdikdən
sonra 5 gün müddətində vahid seçki fondunu formalaşdırmaq
üçün xüsusi seçki hesabı açırlar.
3. Bu Təlimatın birinci bəndində nəzərdə tutulmuş
“Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti və onun
filiallarından başqa, digər bank və kredit təşkilatlarında
xüsusi seçki hüsablarının açılması qadağandır.
4. Namizəd, siyasi partiyalar, siyasi partiyaların
bloku xüsusi seçki hesabı açmaq üçün namizəd
və ya onun səlahiyyətli nümayəndəsi, siyasi
partiya və ya siyasi partiyalar blokunun maliyyə
məsələləri üzrə səlahiyyətli nümayəndəsi aşağıdakı
sənədləri müvafiq banka təqdim etməlidir:
a) namizəd ( və ya onun səlahiyyətli nümayəndəsi):
- xüsusi seçki hesabının açılması üçün ərizə;
- namizədliyin irəli sürülməsi barədə bildirişin
dairə seçki komissiyası tərəfindən təsdiq edilmiş
surəti;
- Azərbaycan Respublikası Seçki Məcəlləsinin
53-cü maddəsinin tələbinə uyğun tərtib edilmiş
deputatlığa namizədliyi irəli sürülmüş şəxsin
onun məhkumluğuna, vətəndaşlığına və başqa dövlətlər
qarşısında öhdəliyinə dair məlumatlar, habelə
deputat seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan
fəaliyyətinə xitam verəcəyi barədə öhdəliyi
göstərilmiş ərizə;
- namizədin səlahiyyətli nümayəndəsinin (əgər
səlahiyyətli nümayəndə təyin edibsə) notarial
qaydada rəsmiləşdirilmiş vəkalətnaməsi.
b) siyasi partiyalar:
- xüsusi seçki hesabının açılması üçün ərizə;
- dövlət qeydiyyatına alınması haqqında sənədin
(şəhadətnamənin) notariat qaydasında təsdiq
edilmiş surəti;
- siyasi partiyanın qüvvədə olan nizamnaməsinin
notariat qaydasında təsdiq edilmiş surəti;
- namizədin irəli sürülməsi barədə siyasi partiyanın
qurultayının (konfransının, rəhbər orqanının
iclasının) qərarı və müvafiq iclasın protokolu;
- statistika orqanlarında uçot vahidlərinin
dövlət reyestrinə daxil edilməsi haqqında şəhadətnamənin
notariat qaydasında təsdiq edilmiş surəti;
- dövlət sosial sığorta orqanında uçota alınması
barədə bildirişin əsli;
- müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamə
- dublikatın əsli;
- namizədliyin irəli sürülməsi barədə bildirişin
dairə seçki komissiyası tərəfindən təsdiq edilmiş
surəti*;
- Azərbaycan Respublikası Seçki Məcəlləsinin
54-cü maddəsinin tələbinə uyğun tərtib edilmiş
deputatlığa namizədliyi irəli sürülmüş şəxsin
onun məhkumluğuna, vətəndaşlığına və başqa dövlətlər
qarşısında öhdəliyinə dair məlumatlar, habelə
deputat seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan
fəaliyyətinə xitam verəcəyi barədə öhdəliyi
göstərilmiş razılıq ərizəsi;
- maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin
notarial qaydada təsdiq edilmiş vəkalətnaməsi;
- notariat qaydasında təsdiq edilmiş imza və
möhür nümunələri vərəqəsi.
c) siyasi partiyalar bloku:
- xüsusi seçki hesabının açılması üçün ərizə;
- namizədliyin irəli sürülməsi barədə bildirişin
dairə seçki komissiyası tərəfindən təsdiq edilmiş
surəti**;
- siyasi partiyaların blokuna daxil olan siyasi
partiyaların qurultaylarının (konfranslarının,
rəhbər orqanının iclasının) namizəd irəli sürmək
barədə qərarları ilə birlikdə müvafiq iclasların
protokolları;
- siyasi partiyaların blokuna daxil olan siyasi
partiyaların nümayəndələrinin iclasının (qurultayının,
konfransının) siyasi partiyaların bloku adından
namizəd irəli sürülməsi haqqında qərarı və müvafiq
iclasın protokolu;
- maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin
notarial qaydada təsdiq edilmiş vəkalətnaməsi;
- notariat qaydasında təsdiq edilmiş imza və
möhür nümunələri vərəqəsi.
5. Yuxarıda göstərilən sənədlər təqdim edildikdən
sonra müvafiq bank həmin subyektlər üçün dərhal
xüsusi seçki hesabı açmalıdır.
6. Xüsusi seçki hesabı və vahid seçki fondu
üzrə bütün əməliyyatlar manatla həyata keçirilir.
7. Müvəkkil bank həftədə bir dəfədən az olmamaq
şərtilə, səsvermə gününə 10 gündən az müddət
qaldıqda isə 3 iş günü ərzində bir dəfədən az
olmamaq şərtilə dairə seçki komissiyasına namizədlərin
xüsusi seçki hesabına daxil olan (Təlimatın
1 saylı əlavəsinə uyğun formada), eləcə də xərclənən
vəsaitlər barədə məlumat verir.
8. Seçki fondunda olan vəsaitə dair sərəncam
vermək hüququ həmin fondu yaradan namizədə,
qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi
partiyaların blokuna, referendum üzrə təşviqat
qrupuna məxsusdur. Seçki fondlarında olan vəsaitlər
təyinatlı məqsəd daşıyır. Bu vəsaitdən yalnız
aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:
a) imza toplanmasına yönəldilmiş təşkilati-texniki
tədbirlərin maliyyə təminatı, habelə seçici
imzalarının toplanması üçün müvafiq şəxslərə
haqq ödənilməsi üçün;
b) seçkiqabağı təşviqatla bağlı tədbirlərin,
habelə informasiya və məşvərət xidmətləri dəyərinin
ödənilməsi üçün;
c) seçki kampaniyasının keçirilməsi ilə əlaqədar
hüquqi şəxslərin və vətəndaşların bilavasitə
yerinə yetirdikləri digər işlərin dəyərinin
ödənilməsi ilə bağlı xərclər.
9. Namizədlərə təşviqat aparmaq və namizədlərin
irəli sürülməsinin müdafiəsi məqsədilə imzaların
toplanmasına yönəlmiş təşkilati-texniki tədbirlərin
və seçici imzalarının toplanması üçün müvafiq
şəxslərin haqqının ödənilməsindən ötrü seçki
fonduna daxil olan vəsaitdən başqa, digər pul
vəsaitindən istifadə etmək qadağandır.
10. Xüsusi seçki hesabına vəsaitlər yalnız Seçki
Məcəlləsinin 156-cı maddəsində göstərilən məbləğdə
və göstərilən şəxslər tərəfindən köçürülə bilər.
11. Yalnız Azərbaycan Respublikasının vətəndaşı
olan şəxslər tərəfindən könüllü ianələr Seçki
Məcəlləsinin 93.1-ci maddəsində göstərilən qaydada
köçürülə bilər.
Hüquqi şəxslərin ianələri xüsusi seçki hesabına
yalnız nağdsız qaydada, Seçki Məcəlləsinin 93.2-ci
maddəsində göstərilən şərtlər nəzərə alınmaqla
qəbul edilir.
12. Vətəndaşların və hüquqi şəxslərin könüllü
ianələri xüsusi seçki hesabına poçt və ya bank-kredit
təşkilatları vasitəsilə müvafiq ödəniş sənədi
alındıqdan sonra ən geci iki gün ərzində köçürülməlidir.
13. Namizədlərin, qeydə alınmış namizdələrin,
siyasi partiyaların, siyasi partiyalar bloklarının,
referendum üzrə təşviqat qruplarının seçki fondlarına
könüllü ianə ayırmaq, yaxud natura şəklində
və ya xidmət göstərilməsi yolu ilə yardım etmək
aşağıdakılara qadağan edilir:
- xarici dövlətlərə və xarici hüquqi şəxslərə;
- xarici vətəndaşlara;
- vətəndaşlığı olmayan şəxslərə;
- 18 yaşına çatmamış vətəndaşlara;
- seçkilərin təyin edilməsi haqqında qərarın
rəsmi dərc edildiyi günə olan vəziyyətə görə
Azərbaycan Respublikasının hüquqi şəxsinin nizamnamə
kapitalında yuxarıda göstərilən şəxslərin iştirak
(mülkiyyət) payı 30 faizdən çox olarsa, Azərbaycan
Respublikasının hüquqi şəxslərinə;
- beynəlxalq təşkilatlara və beynəlxalq ictimai
hərəkatlara;
- dövlət hakimiyyəti orqanlarına və bələdiyyə
qurumlarına;
- dövlət, bələdiyyə təşkilatlarına və idarələrinə;
- seçkilərin təyin edilməsi haqqında qərarın
rəsmi dərc edildiyi günə olan vəziyyətə görə
nizamnamə kapitalında dövlətin və ya bələdiyyənin
iştirak payı 30 faizdən artıq olan hüquqi şəxslərə;
- hərbi hissələrə;
- xeyriyyə təşkilatlarına, dini birliklərə,
idarələrə və təşkilatlara;
- aşağıdakı məlumatlardan hər hansı birini göstərməyən
anonim ianə köçürənlərə ( vətəndaş üçün – soyadını,
adını, atasının adını, şəxsiyyət vəsiqəsinin
və ya onu əvəz edən sənədinin seriyasını, nömrəsini,
verilmə tarixini, yaşayış yerinin ünvanını,
doğum tarixini; hüquqi şəxs üçün – vergi ödəyicisinin
eyniləşdirmə nömrəsini, adını, qeydiyyat tarixini,
bank rekvizitlərini, nizamnamə kapitalında dövlət
və ya bələdiyyə payının olmasını, olduğu halda
miqdarını, nizamnamə kapitalında xarici kapitalın
pay miqdarını göstərməyənlərə və ya qeyri-düzgün
göstərənlərə).
14. Namizədlərin, siyasi partiyaların və siyasi
partiyalar bloklarının seçki fonduna ianələr
Seçki Məcəlləsinin 90.2-ci maddəsində göstərilən
və buna hüququ olmayan subyektlərdən daxil olubsa,
yaxud Seçki Məcəlləsində nəzərdə tutulan məbləğdən
artıq köçürülübsə, müvəkkil bank bu Təlimatın
1 saylı əlavəsinə uyğun olaraq müvafiq seçki
komissiyasına məlumat verir.
15. Namizədlərin, qeydə alınmış namizədlərin,
siyasi partiyaların, siyasi partiya bloklarının
seçki fondlarına ianələr buna hüququ olmayan
fiziki və hüquqi şəxslərdən daxil olubsa, ianənin
xüsusi seçki hesabına daxil olduğu gündən sonrakı
10 gün müddətində namizəd, qeydə alınmış namizəd,
siyasi partiya, siyasi partiyalar bloku ianənin
bütünlüklə geri qaytarılmasının səbəbini göstərməklə
və göndərmə xərclərini çıxmaqla ianəçiyə qaytarmalıdır.
Anonim ianələr xüsusi seçki hesabına daxil olduqda
Seçki Məcəlləsinin 93.7-ci maddəsinə uyğun olaraq
dövlət büdcəsinə köçürülür.
16. Müvəkkil bank Seçki Məcəlləsində və bu Təlimatın
9, 10, 11, 12, 13, 14-cü bəndlərində nəzərdə
tutulan hallar barədə Mərkəzi Seçki Komissiyasına
və dairə seçki komissiyasına hesabat verməlidir.
17. Qeydə alınmış namizədlərin xüsusi seçki
hesabları üzrə bütün əməliyyatlar səsvermə günündən
sonra 3 iş günü müddətində dayandırılır.
18. Seçki Məcəlləsinin 91.4-cü maddəsində nəzərdə
tutulmuş digər hallarda dairə seçki komissiyasının
göstərişi ilə müvafiq bank namizədlərin, qeydə
alınmış namizədlərin xüsusi seçki hesablarından
xərclərin ödənilməsi ilə bağlı maliyyə əməliyyatlarını
dayandırır.
19. Maliyyə əməliyyatlarının aparılması müddəti
yalnız Seçki Məcəlləsinin 92.1-ci maddəsində
müəyyən edilmiş hallarda və əsaslarla Mərkəzi
Seçki Komissiyası tərəfindən uzadıla bilər.
20. Milli Məclisə seçkilər zamanı deputatlığa
namizədlərin aldıqları pul vəsaitlərinin geri
qaytarılması qaydaları Seçki Məcəlləsinin 90.5
– 90.7-ci, 157.4-cü maddələri ilə müəyyən edilir.
21. Namizədlər,
qeydə alınmış namizədlər, siyasi partiyalar,
siyasi partiyaların blokları müvafiq seçki komissiyasına
öz maliyyə hesabatlarını aşağıdakı növbəlikdə
(bu Təlimata 2 saylı əlavəyə uyğun) təqdim edirlər:
- birinci ilkin maliyyə hesabatı Seçki Məcəlləsi
ilə müəyyənləşdirilmiş qaydada müvafiq seçki
komissiyasına qeydiyyat üçün zəruri sənədlərlə
eyni zamanda təqdim edilir; bu hesabata hesabatda
göstərilmiş tarixə 2 gün qalmışdan əvvəlki dövr
üçün məlumatlar daxil edilir;
- ikinci ilkin maliyyə hesabatı səsvermə gününə
ən tezi 20 gün qalmış və səsvermə gününə ən
geci 10 gün qalmış təqdim edilir; bu hesabata
orada göstərilmiş tarixə 7 gün qalmışdan əvvəlki
dövr üçün məlumatlar daxil edilir;
- yekun maliyyə hesabatı seçkilərin nəticələrinin
rəsmi dərc edildiyi gündən ən geci 10 gün sonra
təqdim edilir; yekun maliyyə hesabatına seçki
fonduna vəsaitlərin daxil olmasını və xərclənməsini
təsdiq edən ilkin maliyyə sənədləri qoşulur.
22. Namizəd, qeydə alınmış namizəd öz statusunu
itirdikdə, maliyyə hesabatının verilməsi vəzifəsi
namizəd, qeydə alınmış namizəd olmuş vətəndaşaların
üzərinə qoyulur. Siyasi partiya, siyasi partiyaların
bloku tərəfindən maliyyə hesabatının verilməsi
vəzifəsi onların maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndəsinin üzərinə qoyulur, belə səlahiyyətli
nümayəndə olmadıqda, siyasi partiyanın və yaxud
siyasi partiyalar blokunun tərkibində seçki
kampaniyasında iştirak etmiş siyasi partiyanı
təmsil etmək səlahiyyəti olan digər şəxs hesabat
verə bilər.
23. Namizədlərin, qeydə alınmış namizədlərin
seçki fondlarının xüsusi hesabında qalmış pul
vəsaitini dairə seçki komissiyasının yazılı
göstərişinə uyğun olaraq müvafiq bank səsvermə
günündən 60 gün keçdikdən sonra dairə seçki
komissiyasının hesabına köçürməlidir.