Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının 4 iyul 2005-ci il tarixli
13/46 saylı
Qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının
Milli Məclisinə
seçkilərdə beynəlxalq (xarici) müşahidəçilərin
fəaliyyət qaydaları haqqında
T Ə
L İ M A T
Bu təlimat
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 1.1.18,
1.1.20, 40 – 42 və 44-cü maddələrinə əsasən
hazırlanmışdır.
Beynəlxalq (xarici) müşahidəçilər (bundan sonra
– beynəlxalq müşahidəçilər) Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 44.1 – 44.3-cü maddələrində
nəzərdə tutulmuş qaydada və müddətdə dəvət olunurlar.
Ölkədə müşahidə aparmaq üçün Azərbaycan Respublikası
vətəndaşlarına beynəlxalq müşahidəçi statusu
verilmir.
Beynəlxalq müşahidəçi qeydiyyata alınmaq üçün
Mərkəzi Seçki Komissiyasına müraciət edir və
müvafiq ərizə formasını doldurur. Azərbaycan
Respublikasının bütün ərazisində müşahidənin
aparılmasına dair ərizə seçkilərin elan edildiyi
gündən başlayaraq, seçkilərin keçirilməsinə
10 gün qalanadək Mərkəzi Seçki Komissiyasına
təqdim edilə bilər. Hər bir ərizəyə dair qərar
onun verildiyi vaxtdan başlayaraq 3 gün müddətində
qəbul edilməlidir. Müşahidənin keçirilməsinə
rədd cavabı yalnız ərizədə göstərilən məlumatlar
təsdiq olunmadıqda verilə bilər. Ərizədə müşahidə
aparmaq niyyətində olan şəxs haqqında aşağıdakı
məlumatlar olmalıdır:
- soyadı, adı, atasının adı;
- yaşayış yerinin ünvanı;
- şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən
sənədin seriyası və nömrəsi;
- təmsil edilən təşkilatın adı və ünvanı;
- ərizəyə 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil əlavə
olunur.
Müşahidənin aparılmasına icazə verildikdə Mərkəzi
Seçki Komissiyası beynəlxalq müşahidəçiyə Azərbaycan
Respublikasının dövlət dilində və xarici dillərin
birində, onun təqdim etdiyi sənədlərə uyğun
tərtib edilmiş vəsiqə-lövhəcik (Təlimata 1 saylı
Əlavə) verir.
Beynəlxalq müşahidəçiyə verilən lövhəciyin üz
tərəfində müşahidəçinin fotoşəkli, adı, soyadı,
təmsil etdiyi ölkənin və ya qurumun adı, pasport
nömrəsi əks olunur və lövhəcik Mərkəzi Seçki
Komissiyası Katibliyinin möhürü ilə təsdiqlənir.
Lövhəciyin arxa hissəsində Seçki Məcəlləsindən
beynəlxalq müşahidəçinin fəaliyyətinə dair müvafiq
çıxarış əks olunur. Yalnız belə lövhəciyi əldə
etdikdən sonra beynəlxalq müşahidəçi seçkilərin
hazırlanması və keçirilməsi dövründə Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 40-42 və 44-cü
maddələrinə uyğun olaraq fəaliyyət göstərə bilər.
Beynəlxalq müşahidəçilər fəaliyyətini Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
müstəqil və sərbəst həyata keçirirlər. Seçki
komissiyaları, dövlət hakimiyyəti orqanları
və bələdiyyə qurumları tərəfindən onlara zəruri
kömək göstərilməlidir.
Beynəlxalq müşahidəçinin fəaliyyəti onu göndərən
tərəfin və ya özünün şəxsi vəsaiti hesabına
maliyyələşdirilir.
Beynəlxalq müşahidəçilər də yerli müşahidəçilərlə
eyni hüquqlara malikdirlər və eyni vəzifələri
daşıyırlar.
Beynəlxalq müşahidəçilərin Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 40.12-ci və 40.13-cü maddələrində
göstərilən hüquqlarla yanaşı, aşağıdakı hüquqları
vardır:
-seçici siyahıları ilə tanış olmaq;
-səsvermə günü istədiyi vaxt müvafiq seçki məntəqəsinin
səsvermə otağında olmaq;
-seçki bülletenlərinin və onların qoyulması
üçün zərflərin seçicilərə verilməsini müşahidə
etmək;
-səsvermə yerindən kənarda seçicilərin səs verməsini
müşahidə etmək;
-seçicilərin sayını hesablamaq, seçki bülletenlərinin,
ləğv edilmiş seçki bülletenlərinin sayılmasını
müşahidə etmək;
-müşahidənin nəticələrinin seçki komissiyasının
protokoluna əlavə olunmasını tələb etmək;
-müşahidə aparmağı təmin edən şəraitdə və müəyyən
məsafədən seçicilərin səslərinin hesablanmasına,
seçicilərin səsləri hesablanarkən seçki bülleteninin
qoyulması üçün zərfə, doldurulmuş və ya doldurulmamış
hər bir seçki bülleteninə səsin etibarlılığını
yoxlamaq məqsədilə baxmaq, səsvermənin nəticələri
və seçkilərin yekunları haqqında seçki komissiyasının
protokolu və digər seçki sənədləri ilə tanış
olmaq;
-səslərin paralel hesablanmasında iştirak etmək;
-səsvermənin təşkili ilə əlaqədar təklif və
iradlarla məntəqə seçki komissiyasının sədrinə,
o olmadıqda isə onu əvəz edən şəxsə müraciət
etmək;
- seçki komissiyaları sənədlərinin, o cümlədən
səsvermənin nəticələri və seçkilərin yekunları
haqqında protokolların, səsvermə günü seçki
komissiyasının işə başladığı və seçki qutularının
möhürləndiyi andan seçki komissiyaları tərəfindən
səsvermənin nəticələri haqqında protokolların
qəbul edilməsinədək seçki komissiyaları tərəfindən
tərtib edilmiş və ya onlara daxil olmuş qoşma
sənədlərin təsdiqlənmiş surətlərinin bir nüsxəsini
haqq ödənilmədən çıxarmaq və ya almaq, əlavə
nüsxələri Mərkəzi Seçki Komissiyası tərəfindən
müəyyən edilən haqq ödənilməklə çıxarmaq və
ya almaq (müşahidəçinin tələbi ilə seçki komissiyası
adı çəkilən sənədlərin surətlərini təsdiq etməlidir),
səsvermədə iştirak edən şəxslərin siyahısı ilə
tanış olmaq;
-müvafiq seçki komissiyalarında seçicilərin
səslərinin təkrar hesablanmasını müşahidə etmək;
-seçki sənədlərinin dairə seçki komissiyasına
və Mərkəzi Seçki Komissiyasına göndərilməsini
müşahidə etmək;
-beynəlxalq müşahidəçilər səsvermə günündən
sonra seçki qanunvericiliyi, seçkilərin hazırlanması
və keçirilməsi ilə əlaqədar mətbuat konfransı
keçirə və kütləvi informasiya vasitələrinə müraciət
edə bilərlər;
-beynəlxalq müşahidəçilərin seçicilərlə, namizədlərlə,
qeydə alınmış namizədlərlə, seçki komissiyalarının
üzvləri, siyasi partiyaların, siyasi partiya
bloklarının səlahiyyətli nümayəndələri, qeydə
alınmış namizədlərin, siyasi partiyaların, siyasi
partiya bloklarının vəkil edilmiş şəxsləri ilə
görüşmək hüququ vardır;
-beynəlxalq müşahidəçi fəaliyyəti dövründə tərcüməçi
xidmətindən istifadə edə bilər.
Seçki proseslərində beynəlxalq müşahidəçilərə
tərcüməçilik xidməti göstərən şəxs Mərkəzi Seçki
Komissiyasına müraciət edir və müvafiq ərizə
formasını (Təlimata
2 saylı Əlavə) doldurur. Ərizə formasında
tərcüməçilik xidməti göstərən şəxsin aşağıda
sadalanan məlumatları öz əksini tapmalıdır:
- soyadı, adı, atasının adı;
- yaşayış yerinin ünvanı;
- şəxsiyyət vəsiqəsinin (və ya onu əvəz edən
sənədin) seriyası və nömrəsi;
- ərizəyə 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil əlavə
olunur.
Mərkəzi Seçki Komissiyası tərcüməçilik xidməti
göstərən şəxsə müvafiq lövhəcik (Təlimata 3
saylı Əlavə) verir. Lövhəcikdə tərcüməçinin
fotoşəkli, adı, soyadı, atasının adı, şəxsiyyət
vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası,
nömrəsi göstərilir. Tərcüməçinin səlahiyyət
müddəti Mərkəzi Seçki Komissiyasında qeydə alındığı
gündən başlanır və seçkilərin ümumi yekunlarının
rəsmi dərc edildiyi gün tamam olur.
Müşahidəçilərə aşağıdakı hərəkətlər qadağan
edilir:
-seçicilərə seçki bülletenlərinin qoyulması
üçün zərflər və seçki bülletenləri vermək;
-seçiciyə necə səs verəcəyi və necə səs verdiyi
haqqında sual vermək;
-seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteni
alınması haqqında imza etmək;
-seçicinin xahişi ilə seçki bülletenini doldurmaq;
-seçki komissiyalarının həlledici səs hüquqlu
üzvləri ilə birlikdə seçki bülletenlərinin hesablanmasında
birbaşa iştirak etmək;
-seçki komissiyalarının işinə maneə törədən
hərəkətlər etmək;
-seçicilər arasında təşviqat aparmaq;
-bu və ya digər namizədin, siyasi partiyanın,
siyasi partiyalar blokunun dəstəklənməsinə yönəldilən
və ya dəstəklənməsi kimi qiymətləndirilə bilən
hərəkətlər və ya çağırışlar etmək;
-müvafiq seçki komissiyası qərarlarının qəbul
olunmasına müdaxilə etmək;
-seçicilərin suallarına (öz statusu ilə bağlı
suallar istisna olmaqla) cavab vermək.
Beynəlxalq müşahidəçilər Azərbaycan Respublikası
ərazisində olduqları müddətdə dövlətin mühafizəsi
altına alınırlar.
Beynəlxalq müşahidəçilər seçki kampaniyasının
gedişi, seçkilərin hazırlanması və keçirilməsi
ilə əlaqədar olmayan fəaliyyətlə məşğul olmaq
üçün öz statusundan istifadə edə bilməzlər.
Beynəlxalq müşahidəçi qanunları, beynəlxalq
hüquq normalarını pozduğu hallarda Mərkəzi Seçki
Komissiyası onun qeydiyyatını ləğv edə bilər.
Müşahidə seçkilər elan edildiyi gündən başlana
bilər və müvafiq məhkəmələrdə seçkilərlə əlaqədar
bütün mübahisələrə baxıldıqdan sonra, seçkilərin
ümumi yekunlarının rəsmi dərc edildiyi gün bitir.