. : TƏLİMATLAR

Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 4 iyul 2005-ci il tarixli
13/45 saylı Qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Milli Məclisinə seckilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi ücün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında

T Ə L İ M A T

Azərbaycan Respublikasınin Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin (bundan sonra – namizəd) müdafiəsi üçün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim olunması qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin 56 – 58-ci və 147-ci maddələri ilə tənzimlənir.

I. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı
namizədin müdafiəsi üçün seçici imzalarının toplanması

1.1. Öz təşəbbüsü ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar və ya siyasi partiya blokları tərəfindən irəli sürülən namizədlərin müdafiəsi məqsədilə seçici imzalarının toplanması müvafiq seçki komissiyası tərəfindən namizədlərə və ya səlahiyyətli nümayəndələrə deputatlığa namizədin irəli sürülməsini təsdiq edən qərarın təqdim edildiyi gündən başlanır.
1.2. Deputatlığa namizədin müdafiəsi ücün onun namizədliyinin irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
1.3. Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağaya əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılması və namizədin qeydə alınmasından imtina üçün əsas ola bilər.
1.4. Azərbaycan Respublikasının aktiv seçki hüququ olan hər bir vətəndaşı deputatlığa namizədin müdafiəsi üçün imza vərəqəsinə imza etmək hüququna malikdir. Seçici yaşadığı seçki dairəsinin ərazisində namizədliyi irəli sürülmüş bir necə namizədin müdafiəsi üçün imza edə bilər.

1.5. Seçici imzalarını Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququ olan vətəndaşı toplaya bilər. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku seçici imzalarını toplayan şəxslə imza toplanması barədə müqavilə bağlaya bilər. Belə işin haqqı yalnız namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu hesabına ödənilə bilər.
1.6. Seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasının adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini, imza qoyulması tarixini göstərir. İmza vərəqəsində seçiciyə aid məlumatları imza toplayan şəxs seçicinin razılığı ilə onun əvəzinə doldura bilər (imza istisna olmaqla). İmza etmək hüququ yalnız seçiciyə məxsusdur. Göstərilən məlumatlar əllə yazılır və onların yayılmamasına təminat verilir.
1.7. Deputatlığa namizədin müdafiəsi üçün imza edən seçicinin şəxsiyyətini təsdiqləyən sənəd kimi aşağıdakılar tanınır:
a) mülki şəxslər üçün:
- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
- Azərbaycan Respublikası vətəndaşının müvəqqəti şəxsiyyət vəsiqəsi;
- Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və onun yerli qurumları tərəfindən verilən vəsiqə (başqa sənədləri yoxdursa).
b) hərbçilər üçün:
- həqiqi hərbi xidmətdə olan əsgərin və çavuşun hərbi bileti;
- gizir və zabitlərin şəxsi vəsiqəsi;
1.8. İmza vərəqəsində seçiciyə aid bütün məlumatlar müvafiq qrafalarda mütləq qeyd edilməlidir.
1.9. Seçici imzaları tədris müəssisələrində, yaşayış yerlərində, eləcə də qanunla seçkiqabağı təşviqat aparılmasının qadağan edilmədiyi digər yerlərdə toplana bilər.
1.10. Deputatlığa namizədin müdafiəsi üçün imza etmək könüllüdür. Seçicinin hər hansı bir vasitə ilə (aldatma, fiziki və ya psixi zor tətbiq etmə, yaxud bu cür zor tətbiq etmək hədəsi ilə seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər-hansı formada mükafatlandırmaq və s.) bu hüququnun realizə olunmasına mane olmaq qadağandır və bu cür hərəkətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
1.11. İmza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və namizəd tərəfindən imzalanır. İmza toplamış şəxs imza vərəqəsinə imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini göstərir.
1.12. Namizəd siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülübsə, imza toplandıqdan sonra imza vərəqəsi namizəd, imza toplayan şəxs və siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. İmza toplamış şəxs imza vərəqəsində imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini göstərir, müvafiq səlahiyyətli nümayəndə isə soyadını, adını, atasının adını və imza qoyulması tarixini göstərir.
1.13. Namizədin irəli sürülməsinin təşəbbüsçüləri, namizədin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzalarının sayını hesablayır, seçici imzalarının toplanması haqqında yekun protokolunu (Təlimata 1 saylı əlavə) tərtib edir və imzalayırlar.
1.14. Dairə seçki komissiyasına təqdim edilən imza vərəqələri ardıcıl olaraq nömrələnməli və qovluq formasında səhifələnməlidir.

II. Deputatlığa namizədin qeydə alınması üçün
seçki sənədlərinin təqdim edilməsi

2.1. Namizədin qeydə alınması üçün namizəd və ya namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 105 və ən azı 70 gün qalmış saat 18.00-dək dairə seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim edir:
- deputatlığa namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri;
- seçici imzalarının toplanması haqqında bu Təlimata əlavə edilmiş yekun protokolunun 2 nüsxəsi;
- deputatlığa namizədin öhdəlik ərizəsindəki namizəd haqqında məlumatlarda dəyişikliklər barədə bildiriş (Seçki Məcəlləsinin 53.3-cü və 54.8-ci maddələri);
- deputatlığa namizədin seçkilərin təyin edildiyi gündən əvvəlki bir illik dövrü əhatə edən gəlirlərinin miqdarı və mənbələri barədə məlumat;
- gəlirlər barədə məlumatların alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış;
- Azərbaycan Respublikasının Seçki Məcəlləsinə 5 saylı əlavəyə uyğun formada tərtib edilmiş namizədə məxsus əmlak barədə məlumat;
- seçici imzalarının toplanması ücün sərf edilmiş vəsait haqqında məlumatlar da göstərilməklə, namizədin ilkin maliyyə hesabatı.
2.2. Namizədin qeydə alınması üçün seçki sənədləri müvafiq dairə seçki komissiyasina təqdim edilərkən həmin komissiyanın hesabına namizədin seçki fondu məbləğinin yuxarı həddinin 3 faizi qədər könüllü qeydiyyat depozitinin köçürülməsi barədə bank sənədi təqdim oluna bilər. Qeydiyyat depozitinin seçki komissiyası tərəfindən geri qaytarılması halları Seçki Məcəllənin 60.5-ci maddəsi ilə müəyyən edilir.
2.3. Dairə seçki komissiyaları imza vərəqələrini Azərbaycan Respublikasının Seçki Məcəlləsində qeyd olunan müddətdə saat 9.00-dan 18.00-dək qəbul edir. Qanunvericiliklə müəyyən edilən müddətdən sonra təqdim olunan imza vərəqələri qanunla müəyyən olunmuş müddətdə verilmiş imza vərəqələrinin doğurduğu hüquqi nəticəni yaratmır. Dairə seçki komissiyası bu halı öz qərarı ilə rəsmiləşdirməlidir.
2.4. Dairə seçki komissiyası seçki sənədlərini qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu möhürlə təsdiqləyir, təqdim olunmuş imza vərəqələri sayının seçici imzaları toplanmasının yekunu haqqında protokolla uyğunluğunu yoxlayır, sonra isə qəbul edilmiş seçki sənədlərinin, eləcə də imza vərəqələrinin və imza vərəqələrindəki imzaların sayını göstərməklə, sənədlərin qəbulu barədə yazılı arayış verir (Təlimata 2 saylı əlavə). Arayış dairə seçki komissiyasının sədri və üzvlərindən biri, həmçinin sənədləri təqdim edən şəxs tərəfindən imzalanıb, dairə seçki komissiyasının möhürü ilə təsdiqlənir. Arayışın bir nüsxəsi seçki sənədlərini təqdim edən şəxsə verilir.

Seçici imzalarının toplanması haqqında yekun protokolu (1 saylı əlavə)

Arayış ( 2 saylı əlavə)

Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası