. : TƏLİMATLAR(BƏLƏDİYYƏ[17.12.2004])

Razilaşdirilmişdir:
Azərbaycan Respublikası
Milli Bankı İdarə Heyətinin
sədri E.S.Rüstəmov

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 28 avqust 2004-cü il tarixli 16/96 saylı Qərarı ilə təsdiq edilmişdir.

Bələdiyyə seçkilərinin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə, eləcə də qeydə alınmış bələdiyyə üzvlüyünə namizədlərin seçki fondlarına daxil olmuş vəsaitlərdən istifadəyə nəzarət edilməsi qaydaları haqqında

T Ə L İ M A T


1. Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanması və keçirilməsi, seçki komissiyalarının səlahiyyət müddətində onların fəaliyyətinin təmin edilməsi xərcləri Dövlət büdcəsi hesabına həyata keçirilir.
2. Seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılmış büdcə vəsaitinin uçotu seçki komissiyaları tərəfindən aparılır. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) onun sərəncamına daxil olan pul vəsaitinin tam hüquqlu sərəncamçısıdır. Mərkəzi Seçki Komissiyasına daxil olmuş pul vəsaitləri səsvermə gününə ən geci 90 gün qalmış dairə seçki komissiyalarına köçürülür, onlar isə öz növbəsində bu vəsaiti səsvermə gününə ən geci 10 gün qalmış məntəqə seçki komissiyaları arasında bölüşdürür.
3. Namizədlərin qeydiyyatı başa çatdıqdan sonra ən geci 3 gün müddətində bələdiyyə üzvlüyünə namizədlərə dairə seçki komissiyası tərəfindən bərabər həcmdə vəsait ayrılır.
4. Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fonduna vəsaitin daxil olması və xərclənməsi qaydaları “Bələdiyyə seçkilərində xüsusi seçki hesablarının açılmasının və aparılmasının ucotu, hesabatı qaydası, habelə nammizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fonduna vəsaitin daxil olması və xərclənməsi qaydaları haqqında” Təlimatla tənzimlənir.
5. Pul vəsaitləri seçki komissiyaları arasında hər bir ərazinin inzibati və sosial-iqtisadi göstəriciləri nəzərə alınmaqla bölüşdürülür.
6. Seçki komissiyalarının sədrləri müvafiq seçki komissiyalarına ayrılmış pul vəsaitlərinin sərəncamçısıdır və maliyyə sənədlərinin seçki komissiyasının qərarlarına uyğunluğu, məsrəflər haqqında maliyyə hesabatlarının Azərbaycan Respublikasının Seçki Məcəlləsi (bundan sonra -Seçki Məcəlləsi) ilə müəyyənləşdirilmiş qaydada və müddətdə təqdim edilməsi üçün şəxsən məsuliyyət daşıyırlar.
7. Seçki komissiyaları tərəfindən xərclənməmiş dövlət vəsaiti seçki günündən ən geci 60 gün keçənədək dairə və məntəqə seçki komissiyalarının hesabından Mərkəzi Seçki Komissiyasının hesabına köçürülür və onun hesabında qalır. Bu vəsaitlər üzrə əməliyyatlar “Azərbaycan Respublikasının Büdcə Sistemi haqqında” Qanununun 19.5-ci maddəsinin tələbləri gözlənilməklə həyata keçirilir.
8. Bələdiyyə üzvlüyünə namizədlərin seçki fondlarının formalaşdırılması qaydaları Seçki Məcəlləsinin 225.1 maddəsi ilə, bələdiyyə üzvlüyünə namizədlərin maliyyə fondu məbləğinin yuxarı həddi isə 225.2 maddəsi ilə tənzimlənir.
9. Səsvermədə iştirak etmiş və seçicilərin ümumi sayının azı 3 faizinin səsini toplayan qeydə alınmış bələdiyyə üzvlüyünə namizəd və ya seçilən sayılmış, habelə səsvermə gününədək Seçki Məcəlləsinin 73.3-cü maddəsində göstərilən məcburedici hallara görə namizədliyini geri götürən qeydə alınmış bələdiyyə üzvlüyünə namizəd səsvermə günündən sonra 15 gün müddətində dairə seçki komissiyasının onun seçki fonduna köçürdüyü vəsaitin xərclənməmiş hissəsini qaytarmağa borcludur. Bu müddət başa çatdıqda müvafiq bank dairə seçki komissiyasının məktubunda göstərilmiş vəsaiti mübahisəsiz qaydada onun hesabına köçürməlidir.
10. Seçkilərin hazırlanması və keçirilməsi üçün dairə və məntəqə seçki komissiyalarına ayrılmış büdcə vəsaitinin uçotu Mərkəzi Seçki Komissiyası tərəfindən maliyyə hesabatı formalarına uyğun olaraq ayrı -ayrılıqda aparılır.
11. Dairə seçki komissiyaları dairə və məntəqə seçki komissiyalarının seçkilərlə bağlı təsdiq olunmuş smetalarına uyğun surətdə həyata keçirilmiş xərclərin icrasının uçotunu hər bir xərc maddəsi üzrə aparırlar.
12. Mərkəzi Seçki Komissiyasının, dairə və məntəqə seçki komissiyalarının maliyyə hesabatları Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 15 iyul 1998-ci il tarixli İ-62 saylı əmri ilə təsdiq edilmiş idarələrin xərclər smetasının icrası haqqında 2 nömrəli hesabat formasına uyğun tərtib olunur.
13. Məntəqə seçki komissiyaları dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə dairə seçki komissiyasına səsvermə günündən sonra 5 gün müddətində bu Təlimatın 1 saylı əlavəsinə uyğun olaraq maliyyə hesabatı təqdim edir. Hesabatı məntəqə seçki komissiyasının sədri təsdiq edir.
14. Dairə seçki komissiyası dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə Mərkəzi Seçki Komissiyasına səsvermə günündən sonra 10 gün müddətində bu Təlimatın 1 saylı əlavəsinə uyğun olaraq maliyyə hesabatı təqdim edir. Hesabatı dairə seçki komissiyasının sədri təsdiq edir.
15. Dairə seçki komissiyası seçkilərin nəticələrinin rəsmi dərc edildiyi tarixdən başlayaraq ən geci 10 gün müddətində bu Təlimatın 1 saylı əlavəsinə uyğun olaraq məntəqə seçki komissiyalarının icmal hesabatlarını və dairə seçki komissiyalarının hesabatlarını komissiyanın sədri və yerli xəzinədarlıq idarəsinin rəhbərliyi tərəfindən təsdiq olunmaqla, Mərkəzi Seçki Komissiyasına təqdim edir.
16. Bələdiyyə üzvlüyünə namizədlər, qeydə alınmış bələdiyyə üzvlüyünə namizədlər öz maliyyə hesabatlarını imzaları ilə təsdiq edərək Seçki Məcəlləsinin 94-cü maddəsinin 3.1, 3.2 və 3.3-cü bəndlərində göstərilən qaydada, bu Təlimatın 2 saylı əlavəsinə uyğun olaraq dairə seçki komissiyasına təqdim edirlər.
17. Bələdiyyə üzvlüyünə namizəd, qeydə alınmış bələdiyyə üzvlüyünə namizəd dairə seçki komissiyasına təqdim etdiyi yazılı məlumata əsasən özünün seçki hesabında olan vəsaitdən istifadə etmək hüququnu başqa şəxsə həvalə edirsə, bu halda maliyyə hesabatını həmin şəxs imzalayaraq dairə seçki komissiyasına təqdim edir və qanun pozuntularına görə bilavasitə məsuliyyət daşıyır.
18. Yekun maliyyə hesabatı, seçki fonduna vəsaitlərin daxil olmasını və xərclənməsini təsdiq edən ilkin maliyyə sənədləri qoşulmaqla, seçkilərin nəticələrinin rəsmi dərc edildiyi gündən ən geci 10 gün sonra təqdim edilir.
19. Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Milli Məclisinə, eləcə də kütləvi informasiya vasitələrinə büdcə vəsaitlərinin istifadəsi, bələdiyyə üzvlüyünə namizədlərin, qeydə alınmış bələdiyyə üzvlüyünə namizədlərin seçki fondlarındakı vəsaitin xərclənməsi barədə seçkilərin ümumi nəticələrinin rəsmi dərci günündən sonra 3 ay müddətində məlumat təqdim edir. Göstərilən maliyyə hesabatı və məlumatlar Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunduqları gündən etibarən bir ay müddətində Mərkəzi Seçki Komissiyasının rəsmi mətbuat orqanında dərc edilməlidir.

_________

Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı seçki komissiyası xərclərinin maliyyə hesabatı (1 saylı əlavə)

Azərbaycan Respublikasında bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədin, qeydə alınmış bələdiyyə üzvlüyünə namizədin seçki fondunun gəlir və xərclərinin maliyyə hesabatı (2 saylı əlavə)


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 93 60 08 • Elektron poçtu: office@cec.gov.az