Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının 28 avqust tarixli
16/99 saylı
Qərarı ilə təsdiq edilmişdir.
Bələdiyyə üzvlüyünə namizədin
gəlirlərinin miqdarı, mənbələri, mülkiyyəti
və əmlakı barədə məlumatın toplanması
Q A Y D A S I
Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 58.1.4-cü, 58.1.5-ci və 58.3-cü
maddəsinə uyğun olaraq namizədlər gəlirlərinin
miqdarı, məbləği və mülkiyyət hüququ əsasında
onlara məxsus əmlak haqqında məlumat verirlər.
Məlumatda aşağıda qeyd olunan gəlir mənbələri
göstərilməlidir (gəlirlərin alındığı təşkilatlardan
və fiziki şəxslərdən seçkilərin təyin edildiyi
gündən əvvəlki bir il ərzində həmin gəlirlərin
cəmi barədə arayışlar təqdim edilməklə):
1. Əsas iş yerindən
əmək haqqı barədə
Əsas iş yerindən əmək haqqı dedikdə, vətəndaşlar
tərəfindən müəssisələr, idarələr və təşkilatlarla
bağlanmış əmək müqavilələrinə (kontraktlara)
əsasən konkret ixtisas, dərəcə və vəzifə üzrə
işlərin yerinə yetirilməsi, yaxud kooperativdə,
kəndli-fermer təsərrüfatında, ictimai və ya
dini təşkilatda, vəkillikdə, habelə xidməti
və ya tədrislə əlaqədar əmək funksiyasının yerinə
yetirilməsinə görə ödənişlər başa düşülür.
2. Mükafat və maddi
yardım haqqında
Mükafat və maddi yardım dedikdə, il ərzində
işin yekununa görə mükafat, xidmət illərinə
görə mükafat, birdəfəlik xarakter daşıyan əlavə
mükafatların bütün növləri, yubiley, bayram,
doğum günləri ilə bağlı və digər oxşar hallarda
verilən həvəsləndirici ödənclər, əmək funksiyalarının
yerinə yetirilməsinə görə başqa mükafatlar və
bütün növlərdən olan maddi yardımlar başa düşülür.
3. Mülki-hüquqi
müqavilələrdən əldə olunan gəlir haqqında
Mülki-hüquqi müqavilələrdən əldə olunan gəlir
dedikdə, vətəndaşların əsas iş yerində əmək
haqqı, vəzifə icrası ilə əlaqədar olmayan işləri
yerinə yetirməkdən (birdəfəlik yerinə yetirilən
və əvəzçilik üzrə işlərdən) əldə etdikləri gəlirlər
başa düşülür.
4. Sahibkarlıq fəaliyyətindən
əldə edilən gəlir haqqında
Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir
dedikdə, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi
ilə nəzərdə tutulan və qanunla qadağan edilməyən
fəaliyyət növlərindən əldə edilmiş gəlirlər
(sahibkarlıqla məşğul olan fiziki şəxs tərəfindən
ilin yekununa görə vergi orqanlarına təqdim
edilmiş bəyannamədə göstərilən gəlir) başa düşülür.
5. Qeyri sahibkarlıq fəaliyyətindən əldə edilən
gəlir haqqında
Qeyri sahibkarlıq fəaliyyətindən əldə edilən
gəlirə muzdlu işlə əlaqədar və ya sahibkarlıq
fəaliyyətindən əldə olunan gəlirlərdən başqa
digər gəlirlər daxildir. O cümlədən:
- banklardan və kredit idarələrindən alınmış
faizlər;
- dividendlər;
- müəlliflik haqqı;
- royalti;
- qiymətli kağızlar üzrə əməliyyatlardan əldə
edilən gəlir;
- bağışlanmış borcun məbləği;
- əmlakın icarəyə verilməsindən əldə edilən
gəlir;
- həyatın yığım sığortası üzrə gəlir;
- ailə üzvü olmayan şəxslərdən alınan hədiyyələr
və maddi yardım;
- alınmış miraslar;
- lotoreya uduşları;
- birgə gəlirlər;
- sair gəlirlər (sair gəlirlər dedikdə, yuxarıda
sadalanmayan digər gəlirlər nəzərdə tutulur).
6. Əmlak və mülkiyyət
haqqında məlumatlar müvafiq orqanlardan (İqtisadi
İnkişaf Nazirliyinin təşkilatlarından, mənzil-istismar
sahələrindən, texniki inventarlaşdırma və mülkiyyət
hüquqlarının qeydiyyatı idarələrindən) alınmış
arayışlarla təsdiq olunur.
7. Bələdiyyə üzvlüyünə
namizəd mülkiyyət hüququ əsasında ona məxsus
olan əmlak barədə məlumatları Azərbaycan Respublikası
Seçki Məcəlləsinin 5 saylı əlavəsindəki məlumatları
uyğun şəkildə verməlidir.
_________