Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının 9 sentyabr 2004-cü
il tarixli 18/119
saylı Qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin
nəticələri haqqında
dairə seçki komissiyası protokolunun doldurulması
qaydası haqqında
İ Z A H
Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 106.7-ci maddəsində
göstərilən sənədlər dairə seçki komissiyasının
sədrinə təqdim edildikdən sonra sədrin tapşırığı
ilə komissiyanın üzvləri təqdim olunan sənədlərin
bu İzahın 1-ci bəndinin tələblərinə cavab verib-vermədiyini,
səsvermənin nəticələrində (protokol üzrə) uyğunsuzluğun
olub-olmadığını yoxlayırlar. Bundan sonra səsvermənin
nəticələrinə aid məlumatlar dairə üzrə səsvermənin
nəticələrinin (seçkilərin yekunlarının) yekun
cədvəlinə daxil edilir.
Diqqət: Protokolun karandaşla
yazılmasına və onda hər hansı bir düzəliş edilməsinə
icazə verilmir. Rəsmi protokolda düzəliş edilməsinə
icazə verilmədiyinə görə, əvvəlcə onun qaralama
nüsxəsi tərtib olunmalıdır.
Dairə seçki komissiyası protokolunun “Seçki
dairəsi üzrə məntəqə seçki komissiyalarının
sayı” sətrində müvafiq seçki dairəsi
üzrə yaradılmış seçki məntəqələrinin sayı göstərilir.
“Məntəqə seçki komissiyaları tərəfindən
təqdim edilmiş protokolların sayı”
sətrində səsvermənin baş tutmadığı seçki məntəqələri
istisna olmaqla, digər məntəqə seçki komissiyalarından
təqdim edilmiş protokolların sayı göstərilir.
“Dairə seçki komissiyası protokolunun
tərtib edilməsi üçün əsas götürülmüş məntəqə
seçki komissiyaları protokollarının sayı”
sətrində (səsvermənin nəticələrinin etibarsız
hesab edildiyi seçki məntəqələri məntəqə seçki
komissiyalarının təqdim etdikləri protokollar
istisna olunmaqla) səsvermənin baş tutduğu seçki
məntəqələrindən daxil olan protokolların sayı
göstərilir.
“Səsvermənin nəticələri etibarsız hesab
edilmiş seçki məntəqələrinin sayı”
sətrində səsvermənin baş tutduğu, lakin səsvermənin
nəticəsi etibarsız hesab edilmiş seçki məntəqələrinin
sayı göstərilir.
“Səsvermənin baş tutmadığı seçki məntəqələrinin
sayı” sətrində təbii fəlakət, qarşısı
alınmayan digər hadisələr, polisin 6 saatdan
artıq asayişi bərpa edə bilməməsi və sair səbəblərdən
səsvermənin baş tutmadığı hallarda yekun protokolu
tərtib edilməyən seçki məntəqələrinin sayı göstərilir.
Protokol aşağıdakı qaydada doldurulmalıdır.
Protokolun 1-ci bəndi – Dairə
üzrə seçicilərin ümumi sayı
o cümlədən:
a) seçicilər siyahılarındakı seçicilərin sayı;
b) qeydiyyatdançıxma vəsiqəsi ilə səs verən
seçicilərin sayı.
Bu bəndə məntəqə seçki komissiyalarının yekun
protokolunun birinci bəndindəki seçicilərin
ümumi say və qeydiyyatdançıxma vəsiqəsi ilə
səs verən seçicilərin sayı daxil edilir. Bu
bəndin “a” və “b” yarımbəndlərindəki rəqəmlərin
cəmi 1-ci bənddə göstərilən saya bərabər olmalıdır.
Protokolun 2-ci bəndi – Qeydiyyatdançıxma
vəsiqəsi almış seçicilərin sayı
Məntəqə seçki komissiyaları protokollarının
2-ci bəndindəki rəqəmlər cəmlənərək, səsvermə
gününə 45–25 gün qalanadək dairə seçki komissiyasında
qeydiyyatdançıxma vəsiqəsi almış seçicilərin
sayı da əlavə edilməklə bu bənddə qeyd olunur.
Protokolun 3-cü bəndi – Məntəqə
seçki komissiyalаrına dairə seçki komissiyasından
verilmiş zərflərin sayı
Dairə seçki komissiyası müvafiq akt tərtib
edilməklə, məntəqə seçki komissiyalarına seçki
bülletenləri ilə birlikdə seçki bülletenlərini
qoymaq üçün bərabər sayda zərf də verir. Həmin
aktda göstərilən zərflərin sayı protokolun 3-cü
bəndinə daxil edilir.
Protokolun 4-cü bəndi – Məntəqə
seçki komissiyalarına dairə seçki komissiyasından
verilmiş seçki bülletenlərinin sayı (4=5+6+7)
Bu bəndə dairə seçki komissiyasından məntəqə
seçki komissiyalarına müvafiq akt tərtib edilməklə
verilmiş seçki bülletenlərinin həmin aktda əks
olunmuş sayı daxil edilir.
Mötərizədəki tənlikdə (4=5+6+7) göstərildiyi
kimi, bu bəndin rəqəmi protokolun 5-ci, 6-cı
və 7-ci bəndlərinin rəqəmlərinin cəminə bərabər
olmalıdır.
Protokolun 5-ci bəndi - Möhürlənmiş
zərf və bülleten alan seçicilərin sayı (5>11+12+14)
o cümlədən:
a) səsvermə otaqlarından kənarda;
b) səsvermə otaqlarında (daimi və müvəqqəti
seçici siyahılarında olan imzaların sayı + qeydiyyatdançıxma
vəsiqəsi ilə səs verən seçicilərin (1b) sayı).
Bu bəndə məntəqə üzrə səsvermə otaqlarında və
səsvermə otaqlarından kənarda seçki bülleteni
və zərf götürmüş seçicilərin sayı daxil edilir.
Mötərizədə göstərilən bərabərlikdə (5> 11+12+14)
göstərildiyi kimi, bu bəndin rəqəmi protokolun
11-ci,12-ci və 14-cü bəndlərinin rəqəmlərinin
cəmindən çox və ya ona bərabər olmalıdır. Bu
say eləcə də 5-ci bəndin “a” və “b” yarımbəndlərindəki
rəqəmlərin cəmini verməlidir.
Protokolun 6-cı bəndi – İstifadə
edilmədən ləğv olunmuş seçki bülletenlərinin
sayı
Məntəqə seçki komissiyaları protokollarının
6-cı bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd
edilir.
Protokolun 7-ci bəndi - Korlanmış
seçki bülletenlərinin sayı
Məntəqə seçki komissiyaları protokollarının
7-ci bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd
olunur.
Protokolun 8-ci bəndi – Seçki
qutularında olan möhürlənmiş zərflərin sayı
(müəyyənləşdirilmiş formada olmayan zərflər
istisna edilməklə) (8=9+10)
o cümlədən:
a) daşınan seçki qutularında;
b) daşınmaz seçki qutularında;
Məntəqə seçki komissiyaları protokollarının
8-ci bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd
olunur. Məntəqə seçki komissiyaları protokollarının
həmin bəndin “a” və “b” yarımbənlərində göstərilən
rəqəmlərin cəmi protokolun müvafiq yarımbəndlərində
qeyd edilir.
Protokolun 9-cu bəndi – Etibarlı
hesab edilmiş səslərin sayı (içərisində
qanunauyğun doldurulmuş bir ədəd müəyyənləşdirilmiş
formada bülleten olan möhürlü zərflərin sayı)
Məntəqə seçki komissiyaları protokollarının
9-cu bəndindəki rəqəmlərin cəmi dairə seçki
komissiyası protokolunun bu bəndində qeyd edilir.
Protokolun 10-cu bəndi – Etibarsız
hesab edilmiş səslərin sayı (icərisində
bir neçə bülleten olan möhürlü zərflərin sayı
+ icərisində heç bir işarə qoyulmayan və ya
birdən artıq namizədin lehinə səs verilmiş bülleten
olan möhürlü zərflərin sayı + içərisində bülleten
olmayan və ya müəyyənləşdirilmiş formada olmayan
bülleten olan möhürlü zərflərin sayı)
Məntəqə seçki komissiyaları protokollarının
10-cu bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd
edilir.
Protokolun 11-ci bəndi – Seçki
qutularında olan möhürlənmiş zərflərdəki seçki
bülletenlərinin sayı (müəyyənləşdirilmiş
formada olmayanlar istisna edilməklə)
Məntəqə seçki komissiyaları protokolarının 11-ci
bəndində göstərilən rəqəmlərin cəmi bu bənddə
qeyd edilir.
Protokolun 12-ci bəndi – Seçki
qutularında olan zərfə qoyulmamış seçki bülletenlərinin
sayı (müəyyənləşdirilmiş formada olmayanlar
istisna edilməklə)
o cümlədən:
a) daşınan seçki qutularında;
b) daşınmaz seçki qutularınnda;
Məntəqə seçki komissiyaları protokollarının
12-ci bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd
olunur. Məntəqə seçki komissiyaları protokollarının
həmin bəndlərinin “a” və “b” yarımbənlərində
göstərilən rəqəmlərin cəmi bu protokolun müvafiq
yarımbəndlərində qeyd edilir.
Protokolun 13-cü bəndi – Seçki
qutularında olan möhürlənməmiş zərflərin sayı
Məntəqə seçki komissiyaları protokolllarının
13-cü bəndlərində göstərilən rəqəmlərin cəmi
bu bənddə qeyd edilir.
Protokolun 14-cü bəndi – Seçki
qutularında olan möhürlənməmiş zərflərdəki seçki
bülletenlərinin sayı (müəyyənləşdirilmiş
formada olmayanlar istisna edilməklə)
Məntəqə Seçki Komissiyaları protokollarının
14-cü bəndində göstərilən rəqəmlərin cəmi protokolun
bu bəndində qeyd edilir.
Protokolun 15-ci bəndi – Etibarlı
hesab edilmiş səslərin deputatlığa namizədlər
arasında bölünməsi
Protokolun bu bəndində seçki bülleteninə
daxil edilmiş deputatlığa namizədlərin soyadı,
adı, atasının adı Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 168.2.1-ci maddəsinin tələbi nəzərə
alınmaqla seçki bülletenindəki ardıcıllıqla,
əlifba sırası ilə yazılır və hər bir namizədin
lehinə verilmiş səslərin sayı sözlə və rəqəmlə
göstərilir. Məntəqə seçki komissiyalarının protokollarındakı
hər bir namizədin lehinə verilmiş səslərin cəmi
dairə seçki komissiyasının protokolunda həmin
namizədin lehinə verilmiş səslərin sayı qrafasında
sözlə və rəqəmlə qeyd edilir. Cədvəlin sonunda
səslərin cəmi yazılır və bu rəqəm protoklun
9-ci bəndində göstərilən etibarlı səslərin sayına
tam bərabər olmalıdır.
Bu sayda bərabərlik olmazsa, protokol etibarsız
sayılmalıdır.
Protokolun 16-cı bəndi – Deputat
seçilmiş namizəd
Bu bəndə deputat seçilmiş namizədin soyadı,
adı, atasının adı qeyd edilir.
Protokolun tərtibedilmə tarixi və vaxtı protokol
tam doldurulub qurtardıqdan sonra qeyd edilir.
Protokol tərtib edilərkən hər bir bəndin
məlumatı ayrı-ayrılıqda göstərilməklə, sözlə
və rəqəmlə yazılır.
Dairə seçki komissiyası protokolunun 1-ci nüsxəsi,
habelə səsvermə günü dairə seçki komissiyasına
Seçki Məcəlləsinin pozulması ilə əlaqədar daxil
olmuş şikayətlər (ərizələr) və bunlar üzrə dairə
seçki komissiyasının qəbul etdiyi qərarlar,
dairə seçki komissiyası tərəfindən zərflərin
və seçki bülletenlərinin alınması haqqında akt
(1 saylı əlavə), seçki bülletenlərinin ləğvi
haqqında akt (belə bülletenlərin sayı göstərilməklə)
(2 saylı əlavə)), səsvermə vəsiqələrinin ləğvi
haqqında akt (həmin vəsiqələrin sayı göstərilməklə)
(3 saylı əlavə)) əlavə edilməklə dərhal, lakin
səsvermə günündən 2 gündən geç olmayaraq dairə
seçki komissiyası sədrinin və müxtəlif siyasi
partiyaları təmsil edən üzvlərinin müşaiyəti
ilə Mərkəzi Seçki Komissiyasına göndərilir.
Göstərilən aktlar dairə seçki komissiyasının
sədri və katibləri tərəfindən imzalanır.
______