. :TƏLİMATLAR

Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının 29 mart
2005-ci il tarixli 5/12saylı Qərarı
ilə təsdiq edilmişdir.

Seçici vəsiqələrinin verilməsi qaydası

T Ə L İ M A T

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 46.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında seçicilərin seçici siyahısına daxil olmalarını təsdiqləyən sənəd seçici vəsiqəsidir.
Seçici vəsiqəsi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş nümunəyə uyğun olaraq hazırlanır. Poliqrafiya müəssisəsi Mərkəzi Seçki Komissiyasının səlahiyyətli nümayəndəsinə vəsiqələri onların sayı, buraxılma tarixi, verilmə vaxtı göstərilmiş akt üzrə təhvil verir.
Mərkəzi Seçki Komissiyası poliqrafiya müəssisəsindən seçici vəsiqələrini aldıqdan sonra 10 gün müddətində vəsiqələrin sayını, verilmə tarixini göstərməklə akt tərtib edib dairə seçki komissiyasının sədrinə verir.
Həmin akt Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyası tərəfindən möhürlənərək Mərkəzi Seçki Komissiyasının nümayəndəsi və dairə seçki komissiyasının sədri tərəfindən imzalanır. Dairə seçki komissiyasına verilən seçici vəsiqələrinin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicinin ümumi sayının 5% -dən çox olmamalıdır.
Dairə seçki komissiyası seçici vəsiqələrini Mərkəzi Seçki Komissiyasından aldıqdan sonra bu Təlimata uyğun tərtib edib, təxirə salınmadan məntəqə seçki komissiyasına çatdırır. Vəsiqələr məntəqə seçki komissiyası tərəfindən həmin məntəqə üzrə qeydə alınmış seçicilərin siyahısına uyğun olaraq yoxlanılıb sayılır. Alınmış vəsiqələrin sayı, sıra sayı, təhvil verilmə tarixi və seçicilərin sayı akta qeyd edilərək dairə seçki komissiyasının sədri və məntəqə seçki komissiyasının sədri tərəfindən imzalanır.
Seçici vəsiqələri dairə seçki komissiyasında aparılan reyestrdə müvafiq qeydlər edilməklə doldurulur.
Artıq qalan vəsiqələr ehtiyat üçün dairə seçki komissiyasında saxlanılır.
Seçici vəsiqələri məntəqə seçki komissiyası tərəfindən seçicinin özünə, habelə seçicilərin digər şəxsə vermiş olduqları notariat qaydasında təsdiq edilmiş vəkalətnamə əsasında onun nümayəndəsinə sonuncunun ərizəsi əsasında verilir.
Seçici vəsiqələri məntəqə seçki komissiyası üzvləri tərəfindən seçicilərə çatdırılır. Həmçinin bu məsələ ilə əlaqədar məntəqə seçki komissiyasına müraciət edən seçicilərin də xahişləri təmin edilməlidir.

Seçici yaşayış yerini (qeydiyyatını) dəyişdirdiyi halda, seçici vəsiqəsini məntəqə seçki komissiyasına qaytarır. Müvafiq komissiya həmin vəsiqələri ləğv edilmək üçün aktla dairə seçki komissiyasına təhvil verir, habelə seçicini seçici siyahısından çıxararaq bu barədə dairə seçki komissiyasına yazılı məlumat verir.
Seçici vəsiqəsi korlandığı və ya itdiyi halda vətəndaş məntəqə seçki komissiyasına yazılı müraciət etməklə bu Təlimata uyğun olaraq yenisini əldə edə bilər. Belə halda reyestrlərdə müvafiq qeyd aparılmalıdır.
Seçici vəsiqələrinin vətəndaşlara çatdırılması hər bir halda seçici siyahılarının dəqiqləşdirilməsi günündən sonrakı 10 gündən gec olmayaraq çatdırılmalıdır. Lakin müvafiq komissiyalar seçicilərin komissiyalar tərəfindən seçici siyahılarına daxil edilmə imkanlarını realizə edilməsini əsas götürməlidirlər. Üzrlü səbəblərdən vəsiqəni əldə edə bilməyən seçici səsvermə günü də daxil olmaqla qalan müddət ərzində vəsiqəni əldə edə bilər.
Müvafiq məhkəmənin qərarı ilə seçici siyahısına daxil edilmiş seçiciyə səsvermə vəsiqəsinin verilməsi onun xahişi ilə dərhal təmin edilməlidir.
Seçici vəsiqəsi korlandığı halda dairə seçki komissiyası tərəfindən korlanmanın səbəbi göstərilən akt tərtib edilir. Korlanmış vəsiqə həmin aktla birlikdə Mərkəzi Seçki Komissiyasına təhvil verilir.
Seçici vəsiqələri paylanılıb qurtardığı halda və zərurət olduqda dairə seçki komissiyası Mərkəzi Seçki Komissiyasına müraciət edərək yeni vəsiqələr əldə edə bilər.
Seçici vəsiqəsi Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi forma və məzmunda olmalı, Dairə seçki komissiyası tərəfindən doldurulmalı və onun möhürü ilə möhürlənməlidir. Əks halda o etibarsız sayılır.
Seçici vəsiqəsi müvafiq seçki dairəsinin, seçki məntəqəsinin və seçici vəsiqəsinin sıra sayı göstərilməklə nömrələnir (001 - 001 - 0001). Seçici seçici vəsiqəsini aldıqdan sonra məntəqənin reyestr kitabında imza edir. Reyestr kitabı (təlimata 1 saylı əlavəyə uyğun nümunə əsasında hazırlanmış) dairə secki komissiyasinin möhürü ilə möhürlənərək təsdiq edilir.
Seçici vəsiqələrinin seçicilərə çatdırılması üçün məntəqə seçki komissiyası məsuliyyət daşıyır.


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası