|
AZƏRBAYCAN
RESPUBLİKASININ MİLLİ MƏCLİSİNƏ SEÇKİLƏRİN HAZIRLANMASI
VƏ KEÇİRİLMƏSİ İLƏ BAĞLI TƏXİRƏSALINMAZ TƏDBİRLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasının
Milli Məclisinə 2005-ci il noyabrın 6-da keçiriləcək
seçkilərə hazırlıq yekun mərhələyə daxil olmuşdur. Seçkilərə
hazırlıq dövründə seçki komissiyalarının və icra hakimiyyəti
orqanlarının gərgin işi nəticəsində zəruri təşkilati-hüquqi
tədbirlər görülmüş və təşviqat işlərinin qurulmasında
xeyli nailiyyətlər əldə olunmuşdur. Deputatlığa namizədlərin
qeydiyyatı azad və mütəşəkkil şəkildə həyata keçirilmiş,
onların qarşısında heç bir süni maneələr yaradılmamış
və qeydiyyat zamanı subyektiv faktorların təsiri minimuma
endirilmişdir. Seçki komissiyaları müasir avadanlıqla
təchiz edilmiş və bu proses hələ də davam etməkdədir.
2000-dən artıq deputatlığa namizədin qeydə alınması,
onların seçicilərlə çoxsaylı görüşləri, seçkiqabağı
təşviqatın sərbəst surətdə və bərabər əsaslarla həyata
keçirilməsi, televiziya və radio kanallarında debatların
təşkili, əyani təşviqat vasitələrindən geniş istifadə
olunması və sair hazırkı seçki kampaniyasını səciyyələndirən
əsas xüsusiyyətlərdəndir.
Azərbaycanın bütün şəhər
və rayonlarında vətəndaşların sərbəst toplaşmaq hüququnun
həyata keçirilməsini təmin etmək məqsədi ilə müvafiq
yerlər ayrılmışdır ki, bu da deputatlığa namizədlərin
seçicilərlə görüşlərinin keçirilməsi üçün münasib şərait
yaratmışdır. Təsisçiləri dövlət orqanları olan və ya
dövlət büdcəsindən maliyyələşən teleradio təşkilatları
seçki qanunvericiliyinə uyğun olaraq, 60-dan çox dairədə
namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi
partiyaların bloklarına bərabər şəkildə pulsuz efir
vaxtı ayırmışlar və bu efir vaxtından seçki təşviqatı
üçün aktiv istifadə edilir. Qeyd etmək lazımdır ki,
dövlət teleradio kanallarından bu məqsəd üçün ayrılan
efir vaxtının həcmi əvvəlki seçkilərlə müqayisədə iki
dəfə artıqdır. Dövlət və özəl teleradio təşkilatlarında
ödənişli efir vaxtından geniş istifadə edilir. Seçki
praktikasında ilk dəfə olaraq seçici vəsiqələrindən
istifadə edilir və bu iş digər ölkələrin təcrübəsi də
nəzərə alınmaqla təkmilləşdirilməlidir. Onu da qeyd
etmək lazımdır ki, bu il Azərbaycan üzrə bütün seçicilərin
siyahısı İnternetdə yerləşdirilmişdir.
Bununla yanaşı, bəzi problemlərin
həll olunmaması, Seçki Məcəlləsinin bir sıra tələblərinin
pozulması halları haqqında daxil olan məlumatlar narahatlıq
doğurmaya bilməz. Vətəndaşların sərbəst toplaşmaq azadlığının
təmin edilməsində, seçici vəsiqələrinin paylanmasında
və seçici siyahılarının tərtib edilməsində yol verilən
nöqsanlar haqqında, həmçinin bəzi icra hakimiyyəti orqanlarının
seçki prosesinə qanunsuz müdaxiləsi, inzibati resurslardan
istifadə olunması, ayrı-ayrı namizədlər tərəfindən seçkiqabağı
təşviqat zamanı qanunla qadağan olunmuş üsullara əl
atılması və sair faktlarına dair şikayətlər daxil olmaqdadır.
Seçki praktikasının təkmilləşdirilməsi
sahəsində görülən tədbirlərin səmərəliliyini artırmaq,
Seçki Məcəlləsinin müddəalarının seçkilərə hazırlıq
dövründə və səsvermə günü tam və şərtsiz həyata keçirilməsi,
vətəndaşların seçki hüquqlarının daha dolğun təmin edilməsi
məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Milli Məclisinə təklif edilsin ki, “Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar) haqqında” Azərbaycan
Respublikası Qanunundan nizamnamə kapitalında xarici
fiziki və hüquqi şəxslərin payı 30 faizdən artıq olan
və ya başqa cür maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının
Azərbaycan Respublikasında keçirilən prezident, Milli
Məclis və bələdiyyə seçkilərini müşahidə etməsinə qadağanın
götürülməsi məsələsini müzakirə etsin.
2. Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyasına tövsiyə edilsin ki:
2.1. seçici vəsiqələrinin
paylanmsı və seçici siyahılarının dəqiqləşdirilməsi
ilə əlaqədar yaranmış problemləri nəzərə alaraq, seçicilərin
səsvermə günü seçki bülletenlərini aldıqları zaman barmaqların
gözə görünməyən mürəkkəblə işarələnməsi qaydalarına
dair müvafiq təlimatı qısa müddətdə hazırlayıb Mərkəzi
Seçki Komissiyasının müzakirəsinə çıxarsın;
2.2. seçki komissiyalarına
daxil olan seçki hüquqlarının pozulması haqqında şikayətlərə
baxılma qaydalarına dair təlimatı qısa müddətdə hazırlayıb
təsdiq etsin;
2.3. deputatlığa namizədlərin
seçkiqabağı təşviqat kampaniyası zamanı yol verdikləri
qanun pozuntularına dair qətiyyətli mövqe bildirsin,
Qanunla ona verilmiş inzibati tənbeh səlahiyyətindən
tam və dönmədən istifadə etsin;
2.4. məntəqə seçki komissiyalarında
seçicilərin ünvanlarının tam göstərildiyi seçici siyahıları
ilə bütün maraqlı şəxslərin tanış olmaları üçün müvafiq
şərait yaradılmasını təmin etsin.
3. Azərbaycan Respublikasının
Daxili İşlər Nazirliyinə tapşırılsın ki, şəxsiyyəti
təsdiq edən heç bir sənədi olmayan vətəndaşlara seçki
gününədək şəxsiyyət vəsiqələrinin verilməsini təmin
etsin.
4. Azərbaycan Respublikası
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “Azərenerji”
Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyəti orqanları
dairə və məntəqə seçki komissiyalarının yerləşdiyi binaların
rabitə və elektrik enerjisi ilə fasiləsiz təmin olunmaları
üçün zəruri tədbirlər görsünlər.
5. Azərbaycan Respublikasının
Daxili İşlər Nazirliyinə və yerli icra hakimiyyəti orqanlarına
tapşırılsın ki, “Sərbəst toplaşmaq azadlığı haqqında”
Azərbaycan Respublikası Qanununa uyğun olaraq siyasi
partiyalara, siyasi partiyaların bloklarına və deputatlığa
namizədlərə müəyyən olunmuş yerlərdə kütləvi tədbirlər
və seçkiqabağı təşviqatın keçirilməsi üçün bütün zəruri
şəraiti yaratsınlar.
6. Azərbaycan Respublikasının
Baş Prokuroruna tövsiyə edilsin ki, seçki günü vətəndaşların
seçki hüquqlarının pozulması ilə əlaqədar Mərkəzi Seçki
Komissiyasından daxil olan cinayət tərkibli olması ehtimal
edilən məlumatları təcili araşdırsın və cinayət əməlləri
törətməkdə təqsirli bilinən şəxslərin məsuliyyətə cəlb
edilməsini təmin etsin.
7. Aidiyyəti dövlət orqanları
“Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə
dair” Azərbaycan Respublikası Prezidentinin 2005-ci
il 11 may tarixli Sərəncamında nəzərdə tutulan tapşırıqların
yerinə yetirilməsi ilə əlaqədar müvafiq hesabatları
beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsinlər.
8. Bu Sərəncam imzalandığı
gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 oktyabr
2005-ci il.
|