|
Azərbaycan
Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə
dair
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
[11 May, 2005, 16:49:25]
Demokratik seçkilər sabit
vətəndaş cəmiyyətinin və hər bir dövlətin mütərəqqi
inkişafının əsasını təşkil edir. 1995-ci ildə qəbul
edilmiş Azərbaycan Respublikasının Konstitusiyası bu
sahədə əsas prioritetləri müəyyən etmişdir. Onları rəhbər
tutaraq Azərbaycanda ümumi, bərabər və birbaşa seçki
hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad
və mütəmadi keçirilən seçkilərin hüquqi bazası yaradılmışdır.
1997-ci ildən başlayaraq Azərbaycan rəhbərliyinin siyasi
iradəsinə uyğun olaraq, müasir standartlara cavab verən
seçki qanunvericiliyinin təsis edilməsi məqsədi ilə
Azərbaycan Hökuməti ATƏT-in Demokratik Təsisatlar və
İnsan Hüquqları Bürosu ilə yaxından əməkdaşlıq etmişdir.
Avropa Şurasının üzvü olduqdan sonra Azərbaycanın bu
əməkdaşlıq çərçivəsi daha da genişləndirilmiş və bu
prosesə Avropa Şurasının Venesiya Komissiyası da cəlb
edilmişdir. Səmərəli əməkdaşlıq nəticəsində seçki qanunvericiliyinin
unifikasiyası məqsədi ilə 2003-cü ilin mayında Azərbaycan
Respublikasının Seçki Məcəlləsi qəbul edilmişdir. Bu
Məcəllə beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir.
Venesiya Komissiyasının və ATƏT-in DTİHB-nin Yekun rəyində
bildirilmişdir ki, Seçki Məcəlləsi seçkilərin və referendumun
keçirilməsi üçün əksər məsələlərdə beynəlxalq meyarlara
və ən yaxşı təcrübələrə uyğun olan hərtərəfli çərçivələr
nəzərdə tutur.
1995-ci ildən bəri keçirilmiş
seçkilərin hər biri əvvəlki ilə müqayisədə seçkilərin
beynəlxalq standartlara çatdırılması yolunda irəliyə
atılmış bir addım idi və seçkilərə dair beynəlxalq təşkilatların
verdikləri rəylərin müqayisəli təhlili bunu sübut edir.
Lakin, təəssüflər olsun ki, seçkilər sahəsində ciddi
tərəqqinin əldə edilməsinə baxmayaraq, bir sıra nöqsanlar
və çatışmazlıqlar qalmaqdadır. Azərbaycan rəhbərliyinin
10 illik fəaliyyəti, müasir demokratik standartlara
cavab verən seçkilərin keçirilməsinə yönəlmiş siyasi
iradəsi və həmin iradənin təzahürü olan seçkilər praktikasının
ildən-ilə təkmilləşdirilməsi onu sübut edir ki, seçkilər
zamanı baş verən qanun pozuntularının səbəbləri Azərbaycan
rəhbərliyinin siyasi iradəsindən kənardır. Onların səbəblərini
bəzi məmurların və seçki komissiyalarının üzvlərinin
qeyri-peşəkarlığında və bir çox hallarda məsuliyyətsizliyində
və ümumilikdə “postsovet mentalitetində” axtarmaq lazımdır.
2005-ci ilin noyabrında
keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə hazırlıq
dövründə və həmin seçkilərin keçirilməsi zamanı bu sahədə
baş verə bilən əyintilərin və qanun pozuntularının qarşısını
almaq, Milli Məclisə seçkiləri Azərbaycan Respublikası
Seçki Məcəlləsinin müddəalarına tam uyğun keçirmək,
bu sahədə icra hakimiyyəti orqanlarının üzərlərinə düşən
vəzifələrin lazımınca yerinə yetirilməsini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Mərkəzi Seçki Komissiyasına
tövsiyə edilsin ki, seçki rəsmilərinin o cümlədən, paytaxtdan
kənarda işləyəcək seçki rəsmilərinin təlim kurslarından
keçməsi məqsədi ilə müvafiq proqramlar hazırlasın və
bu sahədə bütün siyasi qüvvələrlə və beynəlxalq təşkilatlarla
hərtərəfli əməkdaşlıq etsin.
2. Müəyyən edilsin ki, mərkəzi
və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, digər
dövlət məmurları seçki prosesinə qanuna zidd olaraq
müdaxilə edərlərsə, Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.
3. Mərkəzi və yerli icra
hakimiyyəti orqanlarına tapşırılsın ki, Azərbaycan Respublikasının
Seçki Məcəlləsinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində
seçkilərdən sonra siyasi mənsubiyyətə görə vətəndaşların
təqib olunmasına yol verməsinlər və bu cür faktlar aşkar
olunduqda Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq, belə hərəkətlər etmiş şəxslərin Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə
cəlb olunmaları üçün zəruri tədbirlər görsünlər. İzah
edilsin ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin,
İnzibati Xətalar Məcəlləsinin və digər qanunların tələblərinin
Azərbaycan Respublikasının vətəndaşları tərəfindən pozulmasına
görə onların məsuliyyətə cəlb edilməsi halları siyasi
mənsubiyyətə görə təqib kimi qiymətləndirilə bilməz.
4. Azərbaycan Televiziya
və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə tapşırılsın,
İctimai Televiziya və Radio Yayımları Şirkətinə, özəl
televiziya və radio yayımları şirkətlərinə tövsiyə edilsin
ki, deputatlığa namizədlərin bərabər əsaslarla təbliğ
olunmasını təmin edən proqramlar hazırlasınlar və siyasi
platformaların müzakirəsi məqsədi ilə müvafiq forumlar
təşkil etsinlər.
5. Mərkəzi və yerli icra
hakimiyyəti orqanlarına tapşırılsın ki, Azərbaycan Respublikasının
Seçki Məcəlləsinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində
ixtisaslaşmış ictimai rəyçilər tərəfindən aparılacaq
exit poll prosesinin aparılmasına lazımi şərait yaratsınlar,
həmin prosesin gedişinə qanuna zidd olaraq müdaxilə
etməsinlər.
6. Mərkəzi və yerli icra
hakimiyyəti orqanlarına tapşırılsın ki, Azərbaycan Respublikasının
Seçki Məcəlləsinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində
deputatlığa bütün namizədlər üçün kütləvi informasiya
vasitələrindən bərabər qaydada istifadə etmələrini və
onlar üçün bərabər təbliğ imkanlarının yaradılmasını
təmin etsinlər.
7. Mərkəzi və yerli icra
hakimiyyəti orqanlarına tapşırılsın ki, Azərbaycan Respublikasının
Seçki Məcəlləsinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində
paralel səsvermənin nəticələrinin ədalətli və şəffaf
şəkildə həyata keçirilməsinə dair zəruri tədbirlər görsünlər
və müvafiq seçki rəsmilərinə zəruri yardım göstərsinlər.
8. Azərbaycan Respublikası
Milli Məclisinin deputatlarının seçkiləri ərəfəsində
mərkəzi və yerli icra hakimiyyəti orqanları Azərbaycan
Respublikası vətəndaşlarının toplaşmaq azadlığının,
seçki kampaniyası zamanı və seçkilərdən sonra ictimai
sabitliyin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun olaraq lazımi tədbirlər görsünlər.
9. Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyasına və aşağı seçki komissiyalarına
tövsiyə edilsin ki, hər bir seçiciyə vəsiqənin çatdırılmasını
təmin etsinlər, seçici siyahılarının dəqiq və dürüst
tərtib edilməsi üçün Azərbaycan Respublikasının Seçki
Məcəlləsinə uyğun olaraq lazımi tədbirlər görsünlər.
10. Yerli icra hakimiyyəti
orqanlarına tapşırılsın ki, Azərbaycan Respublikasının
Seçki Məcəlləsinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində
dəqiq seçici siyahılarının tərtib edilməsi və həmin
siyahıların seçkilərə ən azı 65 gün qalmış seçki məntəqələrində
açıq nümayiş etdirilməsi üçün zəruri tədbirlər görsünlər.
11. Azərbaycan Respublikası
Prezidentinin İcra Aparatına tapşırılsın ki, iqtidaryönlü,
mərkəzçi və müxalif siyasi qrupların seçkilərlə əlaqədar
müvafiq tədbirlərin həyata keçirilməsi və peşəkarlığın,
təşkilati işlərin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq
donorların texniki yardımından istifadə ilə məşğul olacaq
yaranmış kontakt qrupunun toplantısının keçirilməsinə
kömək göstərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 11
may 2005-ci il
|