. : Seçkilər və Referendumlar-2003

2003-cü il martın 5-də Azərbaycan Respublikası Milli Məclisinə birmandatlı 14 saylı Qaradağ, 69 saylı İsmayıllı və 91 saylı Xanlar-Daşkəsən seçki dairələri üzrə əlavə seçkilər keçirilmişdir.
Seçici siyahılarına daxil edilmiş 146.093 vətəndaşın 33,55 faizi seçkilərdə iştirak etmişdir.
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikası prezidentinin seçkiləri keçirilmışdir.
Siyasi partiyalar, seçicilərin təşəbbüs qrupları, həmçinin seçilmək hüququ olan vətəndaşların özləri tərəfindən 30 iddiaçının namizədliyi irəli sürülmüşdü. MSK-sı bunlardan 19-nun təqdim edilmiş sənədlərinin qanunauyğun tərtib olunduğunu müəyyən etmiş və onların namizədliyini təsdiqləmişdi. İmza vərəqələri götürən bu şəxslərin 13-ü siyasi partiyalar, 6-sı isə təşəbbüs qrupları tərəfindən namizəd göstərilmişdi. Qanunda nəzərdə tutulan müddətdə 18 iddiaçı imza vərəqələrini qeydiyyat üçün tələb olunan sənədlərlə birlikdə MSK-ya təqdim etmişdi. Bunlardan bir nəfər həmin ərəfədə vəfat etdi. Nəticədə MSK-da 17 namizədin sənədləri araşdırılaraq müəyyən edilmişdi ki, onlardan yalnız 9-u Seçki Məcəlləsinin tələblərinə cavab verən qaydada və sayda imza toplaya bilmişdi. Bu 9 nəfərin prezidentliyə namizədliyi MSK qərarı ilə qeydə alındı. İddiaçılardan daha 3 nəfəri Seçki Məcəlləsinə uyğun surətdə depozit qoymaq şərtilə prezidentliyə namizədliklərinin qeydə alınması barədə Mərkəzi Seçki Komissiyasına müraciət etmişdi. Xahiş müsbət həll olunmuş və beləliklə, prezident seçilmək uğrunda mübarizəyə qeydə alınmış 12 namizəd qatılmışdı. Sonradan onlardan 4-ü namizədliyini geri götürməsi barədə rəsmi müraciət etmiş və Mərkəzi Seçki Komissiyası həmin şəxslərin namizədliklərinin ləğv olunması haqqında qərar çıxarmışdı. Prezident seçkiləri üzrə seçki bülleteninə 8 namizədin: Azərbaycan Respublikasının Baş naziri, namizədliyi seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Ələmdar oğlu Hacıyevin, seçicilərin təşəbbüs qrupu tərəfindən namizəd irəli sürülmüş Lalə-Şövkət Hacıyevanın, namizədliyi seçicilərin “Xalq Cəhbəsi” təşşəbüs qrupu tərəfindən irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyevin, Ədalət Partiyasının sədri İlyas Abbas oğlu İsmayılovun, Müsavat Partiyasının başqanı İsa Yunis oğlu Qəmbərin, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Etibar Səlidar oğlu Məmmədovun və Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Xudu oğlu Rüstəmxanlının adları daxil edilmişdi.
Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyalarının protokolları əsasında dairə seçki komissiyaları tərəfindən tərtib olunmuş protokollar 48 saat müddətində Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdi. Araşdırma nəticəsində 115 seçki dairəsinin ümumilikdə 694 seçki məntəqəsində məntəqə seçki komissiyaları tərəfindən səsvermənin nəticələri haqqında protokolların düzgün tərtib edilməməsi halları və nəticələrə təsir göstərə biləcək digər çatışmamazlıqlar aşkarlanmışdır. Qanunvericiliyə uyğun olaraq Mərkəzi Seçki Komissiyası həmin məntəqələrdə səsvermənin nəticələrinin ləğv olunması haqqında qərar qəbul etmişdi. Seçkilərin yekunu göstərir ki, 15 oktyabr 2003-cü il Azərbaycan Respublikası prezidenti seçkilərində seçici siyahılarındakı 4 442 338 seçicidən 3 164 348 nəfəri, yəni 71,23 faizi səsvermədə iştirak etmişdir. Etibarlı hesab edilmiş 2 421 061 səsdən 1 860 346-sı, başqa sözlə 76,84 faizi İlham Heydər oğlu Əliyevin lehinə verilmiş və o, prezidentliyə səkkiz iddiaçı arasında gedən kəskin mübarizədə böyük üstünlüklə qələbə qazanmışdır.


MMərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

Copyright © 2001 Müəllif hüquqları Mərkəzi Seçki Komissiyasına məxsusdur. Hüquqlar qorunur.