. : Seçkilər və Referendumlar-2000

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər
İyulun 18-də Mərkəzi Seçki Komissiyası “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” Qanunun tələblərinə uyğun olaraq respublika ərazisinin 100 majoritar seçki dairəsinə bölünməsi, həmin dairələrin sxeminin və onun qrafik təsvirinin təsdiq olunması haqqında qərar qəbul etmişdi. Bu qərarla birmandatlı seçki dairəsində 43.050 seçicinin olması vahid təmsilçilik norması kimi müəyyənləşdirilmişdir. Seçki dairəsinin hüdudları daxilində, bir qayda olaraq, seçicilərin sayı təmsilçilik normasından 5 faizdən, yolu çətin və ucqar yerlərdə isə 10 faizdən çox (az) olmamaq şərti ilə vahid təmsilçilik normasının yuxarı həddi 40.900 seçici (yolu çətin və ucqar yerlərdə isə yuxarı hədd 47.350, aşağı hədd 38.750 seçici) müəyyən olunmuşdu.
Mərkəzi Seçki Komissiyası xaricdə yaşayan Azərbaycan vətəndaşlarının seçki hüquqlarının təmin olunmasında respublikanın Xarici İşlər Nazirliyinə kömək etmişdir. Ölkədən kənarda daimi yaşayan, yaxud uzunmüddətli ezamiyyətdə olan və xaricdə səs verəcək Azərbaycan vətəndaşlarının sayı haqqında məlumatlar əsasında respublikada onların aid edildikləri müvafiq birmandatlı seçki dairələrinin siyahısı da təsdiq olunmuşdu.
“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” Qanunla nəzərdə tutulmuş qaydada avqustun 7-dək birmandatlı 99 seçki dairəsində 1/3 prinsipi əsasında hər birinin tərkibi 9 nəfərdən ibarət 99 dairə seçki komissiyası yaradıldı. Ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş 42 saylı Xankəndi seçki dairəsində seçki keçirilməsi mümkün olmadığından dairə seçki komissiyası yaradılmamışdı.
Dairə seçki komissiyalarının tərkibinə 891 nəfər həlledici səs hüquqlu üzv təyin olunmuşdu. Onların 297 nəfəri Yeni Azərbaycan Partiyasını, 152 nəfəri Azərbaycan Xalq Cəbhəsi Partiyasını, 145 nəfəri Azərbaycan Milli İstiqlal Partiyasını və 297 nəfəri bitərəfləri təmsil edirdi. Bunlardan başqa, təşəbbüsçülər tərəfindən birmandatlı seçki dairələri üzrə qanuna müvafiq surətdə irəli sürülmüş və qeydə alınmış deputatlığa hər bir namizədə, eləcə də çoxmandatlı seçki dairəsi üzrə vahid namizədlər siyahısını qeydə aldırmış siyasi partiyalara və siyasi partiyalar blokuna dairə və məntəqə seçki komissiyalarının tərkibinə məşvərətçi səs hüquqlu üzv təyin etmək hüququ verilmişdi. Siyasi partiyalar tərəfindən dairə və məntəqə seçki komissiyalarına 1.000-dən artıq məşvərətçi səs hüquqlu üzv təyin olunmuşdu.
2000-ci il sentyabrın 16-dək – səsvermə gününə azı 50 gün qalmış dairə seçki komissiyaları müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyə qurumlarının başçıları ilə razılaşdırılmaqla seçki məntəqələrinin yaradılması işini başa çatdırdılar. Cəmi 4.976 seçki məntəqəsi təşkil edilmişdi. Azərbaycanın qaçqın vətəndaşlarının seçki hüquqlarını təmin etmək üçün onların yığcam yaşadıqları ərazilərdə, əvvəllər olduğu kimi, ayrıca seçki məntəqələri yaradılmışdı.
Səsvermə gününə azı 30 gün qalanadək, yəni oktyabrın 6-na kimi, əcnəbi dövlətlərdə olan Azərbaycan Respublikası vətəndaşlarının səs verməsi üçün ölkənin xaricdəki səfirliklərində və diplomatik nümayəndəliklərində seçki məntəqələri, eləcə də məntəqə seçki komissiyaları təşkil edilmişdi.
Seçicilərin fəallığının artırılması, seçki günü onların səsvermə hüquqlarının təmin olunması üçün seçici siyahılarının tərtibi, dəqiqləşdirilməsi və təqdim edilməsi sahəsində xeyli iş aparıldı. Respublika üzrə seçici siyahılarına 4.318.000 Azərbaycan vətəndaşı daxil edilmişdi. Səsvermə gününə azı 25 gün qalanadək, yəni oktyabrın 11-də seçici siyahıları seçicilərin tanış olmasından və əlavə dəqiqləşdirmələr ararılmasından ötrü təqdim edildi.
İyulun 23-dən isə respublikanın vətəndaşları və siyasi partiyalar, siyasi partiyalar bloku tərəfindən deputatlığa namizədlərin birmandatlı seçki dairələri üzrə irəli sürülməsi prosesi başlandı.
Namizədlər göstərilməsinə dair bildiriş sənədləri, o cümlədən seçicilərin imza vərəqələri komissiyalarda yoxlanıldıqdan sonra deputatlığa 408 namizəd qeydə alınmış və onların siyahıları elan edilmişdi. Sonradan bu rəqəm namizədliyini geri götürən və Mərkəzi Seçki Komissiyasının qərarı ilə namizədlər siyahısından çıxarılan şəxslər hesabına azalaraq 390 nəfər olmuşdur. Birmandatlı seçki dairələri üzrə namizədlər siyahısına bitərəflərlə yanaşı, 33 siyasi partiyanı təmsil edən vətəndaşlar da daxil edilmişdi. Birmandatlı seçki dairələrində səsə qoyulan namizədlərin 63,3 faizini siyasi partiyaların üzvləri, 36,7 faizini isə bitərəflər təşkil etmişdir.
Respublikada qanunvericiliyə uyğun surətdə fəaliyyət göstərən siyasi partiyalardan 14-ü proporsional sistem üzrə seçkilərdə iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət etmişdi. Onlardan 9-u seçici imzalarının torlanmasında ciddi pozuntulara yol verdiklərinə və qeyri-düzgün məlumatlar təqdim etdiklərinə görə vahid namizədlər siyahılarını qeydiyyatdan keçirməyə nail olmamış, yalnız 5-i bildiriş sənədlərini qanunun tələblərinə uyğun tərtib və təqdim edərək seçkiyə buraxılmışdı.
Mərkəzi Seçki Komissiyası “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası haqqında” Qanunun 2.2-ci maddəsinin 10-cu bəndini rəhbər tutaraq, Komissiyada əvvəllər qeydiyyatdan keçmiş Yeni Azərbaycan Partiyasının, Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının və Azərbaycan Kommunist Partiyasının vahid namizədlər siyahısı ilə yanaşı, Müsavat Partiyasının, Azərbaycan Demokrat Partiyasının, Azərbaycan Xalq Demokratik Partiyasının, Milli Konqres Partiyasının, Azərbaycan Naminə Alyans Partiyasının, Demokratik Azərbaycan Dünyası Partiyasının, Azərbaycan Liberal Partiyasının vahid namizədlər siyahısının da qeydə alınması barədə müvafiq qərar qəbul etdi. Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş milli dövlətçilik, milli hərəkat və demokratik maarifçilik partiyaları seçkilərdə partiyalar bloku halında çıxış etməyi qərara aldılar və ölkənin parlament seçkiləri praktikasında ilk dəfə olaraq “Demokratik Azərbaycan” Siyasi Partiyalar Bloku qeydiyyatdan keçirildi.
Proporsional seçki sistemi üzrə seçkilərdə iştirak edən 12 siyasi partiyanın və 1 siyasi partiyalar blokunun əsas namizədlər siyahılarında olan ümumən 325 namizəd 25 deputat mandatı uğrunda rəqabət aparırdı.
Seçkilər ərəfəsində görülən işlər və noyabrın 5-də seçicilərin səsvermədə iştirakı barədə statistik məlumatlar 5 xarici dildə operativ surətdə dünyaya yayımlanmışdır. “İnternet” səhifəsində konfrans və birbaşa yazışma ilə dialoq üsullarından da istifadə olunurdu.
Respublikanın seçki təcrübəsində ilk dəfə tətbiq olunan Dövlət Atomatlaşdırılmış İnformasiya Sisteminində seçicilər qeydə alınarkən, seçici siyahıları tərtib olunarkən, səsvermənin gedişi və nəticələri müəyyən edilərkən seçki komissiyalarından məlumatların vaxtında alınıb ümumiləşdirilməsində və televiziya vasitəsilə yayımlanmasında böyük əhəmiyyəti olmuşdur. Milli Məclisə təkrar seçkilərdə də 11 seçki dairəsi üzrə 13 seçki məntəqəsində səsvermə zamanı avtomatlaşdırılmış seçki sistemindən istifadə edilmişdir.
Seçkilər günü – 2000-ci il noyabrın 5-də saat 8-dən 19-a kimi səsvermə keçirildi. Hər bir seçici iki seçki bülleteni vahid çoxmandatlı seçki dairəsi üzrə və birmandatlı seçki dairəsi üzrə bülletenlərlə azad, könüllü surətdə səs verirdi.
Komissiya seçkilərdən sonra ötən 10 gün müddətində səsvermənin nəticələrini müəyyən edərək öz qərarını lazımi sənədlərlə birlikdə Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinə və “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” Qanunun 75-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq yoxlanılıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etmişdir.
Milli Məclisə 2000-ci il noyabrın 5-də keçirilmiş seçkilərin nəticələri həmin ayın 22-də Konstitusiya Məhkəməsinin iclasında müzakirə olunmuşdur. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, vahid çoxmandatlı seçki dairəsi üzrə seçkilərin nəticələri və siyasi partiyalar, siyasi partiyalar bloku arasında deputat mandatlarının başadüşülməsi haqqında Mərkəzi Seçki Komissiyasının 14 noyabr 2000-ci il tarixli protokolu ilə aşağıdakılar müəyyənləşdirilmişdir:
– seçki dairələrinin seçki məntəqələri üzrə seçici siyahılarındakı seçicilərin ümumi sayı – 4.212.915;
– seçki günü seçicilərə verilmiş seçki bülletenlərinin sayı – 3.000.198;
– istifadə olunmayaraq ləğv edilmiş seçki bülletenlərinin sayı – 1.140.341;
– etibarlı hesab edilmiş seçki bülletenlərinin sayı – 2.897.864;
– etibarsız hesab edilmiş seçki bülletenlərinin sayı – 100.434;
– siyasi partiyaların, siyasi partiyalar blokunun vahid namizədlər siyahısının lehinə verilmiş səslərin sayı – 2.883.819.

Yeni Azərbaycan Partiyası

– 62,31 faiz,

Azərbaycan Xalq Cəbhəsi Partiyası

– 10,95 faiz,

Vətəndaş Həmrəyliyi Partiyası

–  6,43 faiz,

Azərbaycan Kommunist Partiyası

–  6,33 faiz,

Müsavat Partiyası

–  4,85 faiz,

Azərbaycan Milli İstiqlal Partiyası

–  3,89 faiz,

Azərbaycan Liberal Partiyası

–  1,29 faiz,

Azərbaycan Demokrat Partiyası

–  1,06 faiz,

Azərbaycan Naminə Alyans Partiyası

–  0,95 faiz,

Milli Konqres Partiyası

–  0,51 faiz,

“Demokratik Azərbaycan” Siyasi Partiyalar Bloku

–  0,40 faiz,

Azərbaycan Xalq Demokratik Partiyası

–  0,28 faiz,

Demokratik Azərbaycan Dünyası Partiyası 

–  0,26 faiz.

 

Seçkilərdə proporsional seçki sistemi üzrə iştirak etmiş siyasi partiyaların və siyasi partiyalar blokunun vahid namizədlər siyahılarının əleyhinə ümumiyyətlə 13.253 səs verilmişdir.
Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Milli Məclisinə noyabrın 5-də keçirilmiş seçkilərdə vahid çoxmandatlı seçki dairəsi və 88 birmandatlı seçki dairəsi üzrə seçkilərin nəticələrini etibarlı hesab etmişdir. Həmin dairələr üzrə səsvermədə 2.783.205 seçici iştirak etmişdir ki, bu da seçici siyahılarındakı vətəndaşların ümumi sayının 71,33 faizini təşkil edirdi. Nəticədə birmandatlı seçki dairələri üzrə 88, vahid çoxmandatlı seçki dairəsi üzrə isə 25 deputat olmaqla Milli Məclisə cəmi 113 deputat seçilmişdi.
Mərkəzi Seçki Komissiyası seçkilər zamanı və bundan sonra alınan ərizələrlə əlaqədar 4 seçki dairəsində: 10 saylı Xətai ikinci, 38 saylı Sumqayıt birinci, 51 saylı Ağsu–Kürdəmir və 68 saylı İmişli seçki dairələrində seçkilərin nəticələrini etibarsız hesab etmiş, səsvermənin yekunları ilə əlaqədar bir sıra şikayətlər araşdırılıb tədbirlər görülməsi üçün müvafiq dairə seçki komissiyalarına və prokurorluq orqanlarına göndərilmişdir.
Sonralar da daxil olan şikayət ərizələrinin araşdırılması davam etdirilmiş, Mərkəzi Seçki Komissiyası daha 4 seçki dairəsində: 7 saylı Yasamal ikinci, 56 saylı Bərdə şəhər, 65 saylı Qusar, 94 saylı Hacıqabul-Salyan seçki dairələrində seçkilərin nəticəsinə təsir edən qanun pozuntularını üzə çıxararaq, bunların nəzərə alınması barədə Konstitusiya Məhkəməsinə qərarla müraciət etmişdir. Həmin seçki dairələri, eləcə də Konstitusiya Məhkəməsi tərəfindən ciddi qanun pozuntuları aşkar olunan 3 seçki dairəsi, yəni 9 saylı Xətai birinci, 53 saylı Astara və 99 saylı Şəmkir şəhər seçki dairələri üzrə seçkilərin nəticələri təsdiq olunmamışdır.
Beləliklə, Konstitusiya Məhkəməsi 2000-ci il noyabrın 5-də seçkilər keçirilmiş birmandatlı 99 seçki dairəsindən 88-i üzrə seçkilərin nəticələrini təsdiq etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 noyabr tarixli Sərəncamı ilə Milli Məclisə seçkilər üzrə qalan 11 seçki dairəsində 2001-ci il yanvarın 4-nə təkrar seçkilər təyin olundu. Dekabrın 18-də isə Prezidentin yeni Sərəncamı ilə Milli Məclisə təkrar seçkilər zamanı beynəlxalq müşahidəçilərin iştirakını daha dolğun təmin etmək məqsədilə, bu barədə Avropa Şurasının və ATəT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosunun tövsiyələri nəzərə alınaraq seçkilərin keçirilməsi tarixi dəyişdirilib, 2001-ci il yanvarın 7-nə təyin edildi.
Bu seçkilər üçün seçki dairələrində dairə və məntəqə seçki komissiyaları 1/3 prinsiri ilə yeni tərkibdə təşkil edilmişdi. Dekabrın 25-də Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyaları sədrlərinin təkrar seçkilərlə əlaqədar seminar müşavirəsi keçirildi.
Milli Məclisə təkrar seçkilərdə birmandatlı seçki dairələri üzrə 147 vətəndaş deputatlığa namizədliyinin irəli sürülməsi üçün dairə seçki komissiyalarından imza vərəqələri almış, onlardan 111 nəfəri bildiriş sənədlərini (o cümlədən, doldurulmuş imza vərəqələrini) komissiyalara təqdim etmişdi. Bunlardan 90 nəfərin namizədliyi dairə seçki komissiyalarında qeydə alınmış, 14 nəfər isə sonradan namizədliyini geri götürmüşdür. Təkrar seçkilərdə adları seçki bülletenlərinə daxil edilmiş 76 namizəddən 34 nəfəri bitərəf, 37-si 9 siyasi partiyanın nümayəndəsi idi.
Konstitusiya Məhkəməsi Milli Məclisə 11 seçki dairəsi üzrə 2001-ci il yanvarın 7-də keçirilmiş təkrar seçkilərin Mərkəzi Seçki Komissiyasından daxil olmuş nəticələrini Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə və 130-cu maddəsinin 5-ci hissəsinə müvafiq surətdə müzakirə etdi. 7 saylı Yasamal ikinci, 9 saylı Xətai birinci, 10 saylı Xətai ikinci, 38 saylı Sumqayıt birinci, 51 saylı Ağsu-Kürdəmir, 53 saylı Astara, 56 saylı Bərdə, 65 saylı Qusar, 68 saylı İmişli, 94 saylı Hacıqabul-Salyan və 99 saylı Şəmkir şəhər seçki dairələri üzrə Milli Məclisə təkrar seçkilərin müvafiq dairə seçki komissiyaları tərəfindən müəyyənləşdirilmiş nəticələri təsdiq olundu.
Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə səsvermədə 11 seçki dairəsinin 544 seçki məntəqəsi üzrə seçici siyahılarına daxil edilmiş 480.185 vətəndaşın 71,33 faizi iştirak etmişdir.
Ümumiyyətlə ikinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə birmandatlı 99 seçki dairəsi üzrə 5 noyabr 2000-ci ildə və 7 yanvar 2001-ci ildə keçirilmiş seçkilərdə 4.964 seçki məntəqəsində seçici siyahılarında olan seçicilərin 68,93 faizi iştirak etmişdir. 2.926.904 seçki bülleteni etibarlı hesab edilmiş, adları seçki bülletenlərində olan namizədlərin lehinə 2.888.813 nəfər, əleyhinə isə 38.091 nəfər səs vermişdir.
Birmandatlı seçki dairələri üzrə Azərbaycan Respublikasının Milli Məclisinə seçilmiş deputatların 27 faizini bitərəflər, 73 faizini partiya üzvləri təşkil edirdi.
Seçkilərin ümumi yekunları rəsmi dərc olunduqdan sonra Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası seçilmiş deputatları «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında» Qanunun 77-ci maddəsinin 4-cü bəndinə əsasən qeydə aldı və 2000-ci il dekabrın 13-də Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov Komissiya Aparatının binasında onlara vəsiqələr təqdim etdi.
Seçki kamraniyası dövründə Mərkəzi Seçki Komissiyasının 53 iclası keçirilmiş, həmin iclaslarda 203 müxtəlif məsələyə baxılmış, 192 qərar qəbul edilmişdir. Əlamətdar haldır ki, Mərkəzi Seçki Komissiyasının vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanın, bitərəflərin və deputatları azlıq təşkil edən siyasi partiyaların nümayəndələrindən ilk dəfə olaraq 1/3 prinsipi ilə formalaşdırılmış tərkibi birgə fəaliyyət göstərmiş, bəzi məsələlərin müzakirəsi zamanı prinsipial fikir ayrılığına baxmayaraq, mühüm qərarların qəbul olunmasına imkan yaranmışdır.




Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 93 60 08 • Elektron poçtu: office@cec.gov.az